Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qara dəliyə axıdılan Qərb pulları...

Qara dəliyə axıdılan Qərb pulları...

18.09.2024 [07:48]

Avropa təsisatları vəsaitlər ayırmağa, rəsmi İrəvan isə yeni yardımlar istəməyə çox həvəslidir

Qəzetimizin ötən saylarında kollektiv Qərbin Ukraynaya ayırdığı vəsaitlərin bir qisminin elə səxavətlilik göstərən ölkələrin və təşkilatların özləri tərəfindən korrupsiya yeminə çevrildiyi barədə dərc olunan yazıda oxşar ssenarinin Ermənistanda da təkrarlanmasına dair araşdırma yazısı hazırladığımızın anonsunu etmişdik. Kollektiv Qərb - Ermənistan qrant, yardım əməkdaşlığında da korrupsiya maxinasiyalarının miqyası çox böyükdür. Xaricdəki erməni lobbisinin siyasi hakimiyyətlərə təsirləri nəticəsində Fransanın, Avropa İttifaqı (Aİ), ABŞ təsisatlarının Ermənistana ayırdıqları külli miqdarda vəsaitlər şübhəli şəkildə əriyir və ac, ələbaxım Ermənistan doymaq bilmir ki, bilmir. Müşahidə edilən odur ki, Qərb təsisatları vəsaitləri ayırmağa, rəsmi İrəvan isə yeni yardımlar istəməyə çox həvəslidirlər. Reallıqda isə humanitar yardımları almalı olan insanlar, vətəndaş cəmiyyəti qurumları vəsaitlərin izini-tozunu görmədiklərini bildirirlər.

Qərbin ağzını geniş açdığı səxavət boxçası

Ayrı-ayrı Qərb ölkələri və təsisatları öz cəmiyyətlərinin üzləşdikləri sosial-iqtisadi çətinliklərə, yüksək inflyasiyaya, mütəmadi artan istehlak qiymətlərinə rəğmən, Ermənistana münasibətdə səxavət boxçasının ağzını çox geniş açırlar.  Bu ölkəyə demokratiyanın inkişafına dəstək, vətəndaş cəmiyyətinə kömək, regionlarda sosial infrastruktur quruculuğu, məktəb tikintisi və s. cəlbedici adlar altında qrantlar ayırır. Söhbət böyük pullardan - milyonlarla avrodan, dollardan gedir. Hazırda Avropa İttifaqı (Aİ) Ermənistana növbəti yardım paketini reallaşdırmaqdadır. “Aİ Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq”. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen ötən il oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammiti ərəfəsində deyib. Onun sözlərinə görə, Aİ Ermənistana indiyə qədər 5,2 milyon avro ayırıb: “Bu məbləğ artıq 10,2 milyon avroya çatdırılıb. Daha 15 milyon avro yardım ayrılacaq”, - deyə Ursula ?on der Lyayen vurğulayıb.

Lakin Avropa Komissiyasının yüksəksəviyyəli rəsmisinin səsləndirdiyi bu rəqəmlər Qərbin kiçik Ermənistana ayırdığı yardımları bütünlüklə əhatə etmir. 2023-cü ilin sonlarında Avropa İttifaqı Qarabağı könüllü tərk edən erməni əhalisinə yardım üçün əlavə 1,7 milyon avro ayırıb. Bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidməti məlumat yayıb. “Avropa Komissiyası Qarabağdan gələn insanların kütləvi axınına cavab olaraq Ermənistana humanitar yardımı təxminən 1,7 milyon avro artırır. Yeni maliyyə vəsaiti köçkünlərə pul yardımı, sığınacaq, ərzaq təhlükəsizliyi və dolanışıq yardımı, mühafizə və səhiyyə təmin etməklə Aİ-nin mövcud humanitar yardımını daha da gücləndirməyə yönəldiləcək”, - deyə AK-nın bəyanatında deyilir. Əlavə olaraq qeyd edilir ki, bu maliyyə Avropa Komissiyası tərəfindən “böhrana” cavab olaraq artıq ayrılmış 10,45 milyon avroya əlavədir və 2023-cü ildə ümumi humanitar yardım 12 milyon avrodan çox təşkil edir.

2024-cü ilin əvvəlindən daha da çoxalan yardımlar

Kollektiv Qərbdən Ermənistana yardımların ayrılması 2024-cü ilin əvvəlindən daha da intensivləşib. Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşlə bağlı Ermənistanda sözün əsl mənasında xəyal qırıqlığı yaşandı. Ermənistan hakimiyyətinin və cəmiyyətinin xəyal qırıqlığının səbəbi isə ayrılan yardımın məbləğinin onların gözləntilərindən az olması ilə bağlıdır. Xatırladaq ki, üçtərəfli görüşdə Brüssel və Vaşinqtonun İrəvana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar verəcəklərinə dair sənəd imzalanıb. Ermənilərin gözləntiləri isə daha böyük idi. Eyni zamanda, özgələrinin hesabına həyatlarını təmin etməyə öyrəşmiş haylar Avropa İttifaqının “yeni Ermənistan-Aİ tərəfdaşlığını gücləndirmək üçün” ayrılacaq 270 milyon avro vəsaitin birdəfəlik ödənilməyəcəyindən narazıdırlar. Xatırladaq ki, həmin vəsaitin 2024-2027-ci illərdə hissə-hissə (yəni hər il 67,6 milyon avro) ayrılması nəzərdə tutulub. Ursula Fon der Lyayen bildirib ki, Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyulacaq, eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlıq mərhələli şəkildə dəstəklənəcək.

Cari ildə Avropa təsisatlarından Ermənistana ayrılan daha br yardım barədə söhbət açaq. İyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Azərbaycan Xarici İşlər Nazirliyi Aİ Şurasının bu qərarına dərhal reaksiya verib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Aİ-nin Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış, təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Onun sözlərinə görə, Aİ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.

ABŞ-nin Ermənistan sevgisi

Postmüharibə dövründə Bakı ilə İrəvan arasında başlayan sülhyaratma prosesində yer almağa çalışan ABŞ-nin də Ermənistan sevgisi bitib-tükənməzdir. Vaşinqton Ermənistana öldürücü silahlar tədarük etməklə, birgə genişmiqyaslı təlimlər keçirməklə, hərbiçilər göndərməklə yanaşı, Ermənistana maliyyə vəsaitləri, qrantlar ayırmaqda da  səxavətlilik nümayiş etdirir.

Aprelin 5-də baş tutan üçtərəfli görüşdə Vaşinqtonun Rrmənistana 65 milyon dollar ayıracağına qərar verdiyini yuxarıda qeyd etdik.  Bu günlərdə isə ABŞ hökumətinin Ermənistana ayrılan maliyyələşmə həddini iki dəfə artırdığı barədə məlumatlar yayılıb. Bir qədər bundan əvvəl Ermənistanın baş naziri vəzifəsini icra edən Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Alelo Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığı qrant sazişinə düzəliş imzalayıblar. Verilən məlumatda bildirilir ki, USAID sazişi çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox artırılaraq 120 milyon dollardan 250 milyon dollara çatdırılır, həmçinin birgə layihələrin sahələri genişləndirilir.

Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək. Məlumata görə, dəyişikliyin məqsədi Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına kömək etməkdir. Xüsusilə, pul hökumətə öz mülahizəsinə uyğun xərcləmək üçün verilməyəcək, Amerika tərəfi buna nəzarət edəcək. Bu çərçivədə loyal KİV-lərə (yeni kütləvi informasiya vasitələri də yaradılacaq) xeyli vəsait ayrılacaq.

Əsas sual: Ayrılan pullar doğrudanmı təyinat üzrə xərclənir?

Qərbin Ermənistana çox həvəslə böyük həcmlərdə maliyyə yardımları ayırması fonunda belə bir sual yaranır: Ayrılan pullar doğrudanmı təyinat üzrə xərclənir? Və yaxud Avropa İttifaqı Ermənistana münasibətdə inanılmaz səxavətlilik nümayiş etdirərkən həqiqətənmi səmimidir? Bax əsas məsələ budur.  Hər iki suala müsbət məzmunlu cavab vermək əsla mümkün deyil. Əvvəla, Ermənistanda məmurların korrupsiyaya bulaşdığı barədə geniş məlumatlar var. Bu ölkədə son vaxtlarda baş tutan  həbslərin də böyük əksəriyyəti  məhz rüşvət qalmaqalları ilə bağlı olub. Vəziyyət o dərəcədə kritikdir ki, hətta orduya, əsgərlərin adi ehtiyaclarının qarşılanmasına ayrılan kiçik büdcə də generallar tərəfindən mənimsənilir. Bunlar Ermənistanın real mənzərəsini əks etdirir.

Avropa İttifaqına gəldikdə isə qurumun da tarixində rüşvət qalmaqalları çox olub. Aİ-nin Ermənistan kimi ölkələr üzərindən çirkli pulları yuduğuna dair səsləndirilən iddialar qurum tərəfindən təkzib olunmayıb. 2022-ci ilin sonlarında bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan “qoca qitə”nin mühüm təsisatlarından olan Avropa Parlamentinin adı yeni bir rüşvət qalmaqalı ilə gündəmə gəldi. Belçika Federal Prokurorluğunun Avropa Parlamentinin vitse-prezidentlərindən biri olan yunanıstanlı deputat Eva Kailinin də iştirak etdiyi korrupsiya üzrə istintaqın başlandığını və AP-də çalışan 10 nəfərin kompüter sistemlərinə girişinin bloklandığını açıqlaması “qoca qitə”də bir növ soyuq duş effekti yaratdı. Hətta Avropa İttifaqı məkanından kənar coğrafiyalar üzrə də müxtəlif məsələlərlə bağlı qərarlar və qətnamələr imzalayıb bunları etalon sənədlər kimi təqdim edən AP-də korrupsiya? Əgər belə bir iddia quruma üzv olmayan kənar bir dövlətdən gəlsə idi, AP dərhal bunu qərəzçiliklə əlaqələndirər və deputatlar həmin ölkəni, yumşaq desək, ağ yuyub qara sərərdilər. İndiki halda isə AP ilə bağlı rüşvət ittihamları “qoca qitə”nin siyasi mərkəzlərinin birindən eşidilirdi və burada özünümüdafiəyə yer yox idi.  Aşkarlanan faktlar bütün özünümüdafiə cəhdlərini heçə endirdi...

O cümlədən Qərbin Ermənistana yeni yardımlar ayırması rüşvət ehtimallarını yenidən gündəmə gətirib. Ermənistan kimi korrupsiyaya bulaşmış, hesabatlılığın təmin olunmadığı ölkələrdə Qərbdə geniş vüsət almış çirkli pulların yuyulması mexanizmlərinin reallaşdırılması asandır.  Burada, necə deyərlər, bütün tərəflər ciblərini doldururlar. Layihələrə məsul olan milli koordinatorlar və Aİ komissarları “gör məni, görüm səni” prinsipindən çıxış edirlər. Ayrılan qrantların böyük hissəsi məhz milli koordinatorlarla Aİ komissarları arasında dövr edir. Layihələrin icrası isə illərlə, daha dəqiq desək, növbəti qrantların ayrılmasınadək təxirə salınır. Beləcə qapalı dövrə davam edir. Hər dəfə bir çimdik iş üçün milyonlarla avro silinir.

Qərb təsisatlarının bəyan etdikləri yardımların böyük hissəsinin çirkli pulların yuyulması prosesində mənimsəniləcəyi ehtimalları da Ermənistanın və Aİ-nin əvvəlki illərdə təkrarlanan utancverici təcrübəsindən qaynaqlanır. “Avropa İttifaqının Ermənistana ayırdığı qrantlar genişmiqyaslı korrupsiyaya uğrayıb”. Belə bir məlumatı bir neçə il bundan əvvəl Ermənistan istintaq komitəsi publik şəkildə yaydı. Məlumatda qeyd edilirdi ki, korrupsiya faktının aşkar edilməsində Fırıldaqçılığa qarşı Mübarizə İdarəsinin Avropa ofisi iştirak edib. Söhbət yarım milyon avronun mənimsənilməsindən gedirdi.

Ermənistanda seçki prosesində Aİ-nin 7 milyon avrosunun it-bata düşməsi qalmaqalı da yaddaşlardan silinməyib. Bəli, Aİ-nin 7 milyon avroluq seçki mexanizmləri səsvermə günü bu layihənin müəlliflərini ifşa etdi. Bununla bağlı hətta istintaq işi də açıldı. Bundan sonra Aİ-nin Ermənistandakı səfiri P.Svitalskinin özü də ortada siyasi korrupsiyanın olduğunu etiraf etmək məcburiyyətində qaldı.

Bunlar Aİ-Ermənistan korrupsiya münasibətlərində aşkarlanan azsaylı faktlardır. Əslində isə çirkli pulların yuyulması daimi fəaliyyətdə olan bir mexanizmə çevrilib və bunun sonunun gələcəyini düşünmək belə mümkün deyil.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30