Xudafərin üzərində Azərbaycan bayrağı!
18.10.2024 [11:12]
4 il əvvəl tarixi körpü azad edilib
Son 200 ildə ən böyük Zəfərimizi qazandığımız Vətən müharibəsinin hər günü bir tarixdir, desək, səhv etmərik. Müharibə qısa oldu, cəmi 44 gün çəkdi. Ancaq hər gündə igid əsgər və zabitlərimiz irəli gedərək yeni-yeni şəhər və kəndlərimizi işğaldan azad etdilər. Müharibənin 22-ci günündə - 18 oktyabr 2020-ci ildə müzəffər Ordumuz Xudafərin körpüsünü işğaldan azad etdi. Xudafərin körpüsünün və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Bu qələbə Azərbaycan Ordusunun özünəinamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.
Dövlət başçısının həyatında xüsusi bir gün
Xudafərin yalnız Arazın o tayı ilə bu tayını birləşdirən adi bir körpü deyil. Onun hər birimizin qəlbində rəmzi məna daşıyan xüsusi bir yeri var. Xudafərin zaman-zaman şairlərin, yazıçıların hisslərini cuşa gətirib, ona çoxsaylı şeirlər, romanlar, mahnılar həsr olunub ki, bütün bunlar da Xudafərinin Azərbaycan xalqı üçün həm də bir mənəvi dəyər, birlik rəmzi olması ilə bağlıdır. Düz 27 il biz Xudafərin nisgili ilə yaşadıq. Buna görə də tarixi abidənin işğaldan azad olunması xəbərinin sevinci hədsiz dərəcədə böyük idi.
Xudafərinin işğaldan azad olunması böyük Qələbəmizin əsas memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin də həyatında xüsusi bir gün olub. Bunu Onun özü səmimi şəkildə etiraf edib. Müharibə başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib: “Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir”.
Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən ürək dağlanırdı. Vəhşiliyin, vandalızmin bir sərhədi olmazmı? Görünür ki, özlərindən “mədəni xalq” mifləri uyduran ermənilər hər hansı bir sərhəd tanımayıblar, barbar tayfaları kimi qarşılarına çıxan hər şeyi dağıdıblar, yağmalayıblar. Dövlətimizin başçısının vurğuladığı kimi, bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın. “Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq”, - deyə Prezident İlham Əliyev sevinc hissi ilə bildirib.
Nəhayət, dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəliblər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.
Hər bir azərbaycanlını qəlbən sevindirən Xudafərin tviti
Xatirələrdən heç vaxt silinməyəcək: 44 günlük Vətən müharibəsi günlərində xoş bir ənənə yaranmışdı. Ordumuz hər dəfə yeni şəhər və kəndlərimizi işğaldan azad etdikcə Prezident İlham Əliyev sosial şəbəkə hesabındakı paylaşımlarında bu qələbələrin sevincini xalqımızla bölüşürdü. Dövlətimizin başçısının növbəti qələbə müjdəsi Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı oldu. Prezident İlham Əliyevin tvit?er səhifəsində paylaşdığı “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” tviti ölkəmizdə xüsusi coşqu ilə qarşılandı.
Qeyd edək ki, Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğal nəticəsində ölkəmizin İranla olan 132 kilometr uzunluğunda dövlət sərhədi bütünlüklə düşmənin nəzarətinə keçmişdi. 18 oktyabr 2020-ci il tarixində Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri, həmçinin bir sıra yüksəkliklər də işğalçılardan azad edilib. Bununla da İranla dövlət sərhəddimizin xeyli hissəsi bərpa olunub. Hərbiçilərimiz Xudafərinin azad edilməsi planını çox məharətlə hazırlayıblar və uğurla həyata keçiriblər. Əvvəlcə erməni hərbi birləşmələri ətrafdakı yüksəkliklərdən çıxarılıb. Bundan sonra hərbiçilərimiz komandanlığın tapşırıqlarına uyğun olaraq körpüyə müxtəlif istiqamətlərdən yaxınlaşıblar. Xudafərinin azad edilməsi zamanı hərbiçilərimiz arasında itkilər olmayıb. Xatırladaq ki, müharibənin davam etdiyi günlərdə beynəlxalq birliyin təşəbbüsü əsasında oktyabrın 18-i saat 00:00-dan etibarən Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs elan olunmuşdu. Amma erməni tərəfi yenə də bu razılaşman; pozdu və mövqelərimizi atəşə tutmaqda davam etdi. Belə olan halda isə, ordumuz onların lazımi cavabını verməli idi və verdi. Bu əməliyyatda sərhəd qoşunlarının rolunu xüsusi qeyd etmək lazımdır. Əməliyyatın itki vermədən uğurla baş tutması döyüş planının peşəkarlığından xəbər verirdi.
Xudafərin körpüləri Azərbaycan memarlığının nadir nümunələrindəndir. Baş körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Bu körpü orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib. İkinci kərpic körpünün isə XII əsrdə tikildiyi bildirilir. Körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib.
Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz əzəmətini saxlamaqdadır. Onlardan “Baş Xudafərin körpüsü” adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Dostluq sərhədində bənzərsiz su diplomatiyası
Prezident İlham Əliyev bərpa olunan Azərbaycan-İran sərhədini dostluq sərhədi kimi səciyyələndirib. İki qonşu ölkə postmüharibə mərhələsində bu dostluq sərhədində birgə layihələr reallaşdırıblar. Cari ilin may ayında Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları istifadəyə verilib. Dövlətimizin başçısı bunu tarixi hadisə kimi səciyyələndirib.
Bəhs olunan hidroqovşaqların layihələri keçmiş Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Hidroqovşaqların layihələri ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən işlənib və ona bir sıra əlavələr edilib. Bununla belə, infrastruktur obyektlərinin inşası Ermənistanın Azərbaycana qarşı apardığı və təxminən otuz il davam edən işğalçılıq siyasəti nəticəsində ləngiyib. Hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
İşğal faktına baxmayaraq, Azərbaycan da hidroqovşaqların tikintisi ilə bağlı siyasi iradədən heç vaxt geri çəkilməyib. Prezident İlham Əliyev 11 iyul 2016 tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Xatırladaq ki, həmin Saziş 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı parlaq Qələbə sayəsində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpa edilməsinə nail oldu, o cümlədən işğal illərində Ermənistanın nəzarətində qalmış İranla dövlət sərhədlərinə çıxdı. Bundan sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Hər iki layihə üzrə böyük iş həcmi yerinə yetirilib və mürəkkəb texniki məsələlər uğurla həllini tapıb. O cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsi üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən yaradılmış birgə Texniki Komissiya layihələrin icrası prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə davamlı töhfələr verib. Beləliklə, müharibə başa çatdıqdan sonra layihələrin Azərbaycan ərazisinə düşən seqmentlərini də tamamlamaq mümkün olub.
“Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dvidentlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər genişdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.
Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. İnfrastruktur obyektlərinin istifadəyə verilməsi mərasimində bildirildiyi kimi, bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Bu layihə, əslində, Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığı genişləndirməyə imkan verəcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxElm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35

