Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan - Vyetnam: Qarşılıqlı münasibətlərdə yeni səhifə

Azərbaycan - Vyetnam: Qarşılıqlı münasibətlərdə yeni səhifə

13.05.2025 [10:57]

Azərbaycanla Vyetnam coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsə də, iki ölkə arasında qarşılıqlı münasibətlər dövlətlərin siyasi qətiyyətinə və cəmiyyətlərin istəyinə uyğun olaraq uğurla inkişaf edir. Diplomatik münasibətlərin qurulduğu son otuz ildə siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika, müdafiə sənayesi, ticarət, mədəni-humanitar və digər sahələrdə yaxşı nəticələr əldə edilib. Bu günlərdə  Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın respublikamıza baş tutan uğurlu səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul edilib. Bu, hər iki tərəfin münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyinin əyani təsdiqidir. “...İmzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır”, - deyə Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb.

Münasibətlərin tarixi...

Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. To Lamın respublikamıza baş tutan səfəri iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Beləliklə, qarşılıqlı münasibətlərdə yeni bir səhifə açılır. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. To Lam mətbuata bəyanatında ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin 1959-cu ildən başladığına xüsusi diqqət çəkib. “Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı”, - deyə qonaq məmnunluqla bildirib.

Bu səfərin xatırlanması heç də təsadüfi deyil. O dövrdə Vyetnamda vəziyyət ağır idi. Uzun illər ərzində Fransa kimi  istilaçı dövlətlərin müstəmləkəçilik siyasətindən əziyyət çəkmiş ölkənin bərpasına ciddi ehtiyac var idi. Biz qürur duyuruq ki, zamanında çətinliklərlə üzləşən Vyetnamın quruculuq prosesində Azərbaycanın da xüsusi rolu olub. Vyetnam tam azad olandan və birləşəndən sonra neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər.

Ciddi əməkdaşlıq potensialı

Tarixi zəmin və tərəflərin xoş məramı əsasında qurulan  Azərbaycan-Vyetnam münasibətləri hazırda çoxşaxəvi səciyyə daşıyır. Prezident İlham Əliyev bildirib ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Səfər çərçivəsində baş tutan tədbirlərdə ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin Bakıda imzalanan  sənədlər əlaqələrin əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm hüquqi əsaslar yaradır. Tərəflər  iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verirlər. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bu həcm mövcud potensialla adekvatlıq təşkil etmir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında perspektiv əməkdaşlığın bir sıra mühüm istiqamətlərinə diqqət çəkib. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək. Qarşılıqlı sərmayə qoyuluşu aktual müzakirə mövzusudur. Artıq göstəriş verilib ki, müvafiq qurumlar  həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri ilə  bağlı konkret addımlar atsınlar.

Hökumətlərarası Komissiyanın iclası uzun illərdir ki, keçirilmir. Artıq bununla bağlı razılıq əldə olunub. İclasın tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında mühüm bir məsələyə ayrıca diqqət çəkib. Söhbət ticarət dövriyyəsinin şaxələndirilməsindən gedir.  Təəssüf doğuran haldır ki,  ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. “Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Perspektivli əməkdaşlıq istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Həmçinin müdafiə sənayesi sahəsində çox böyük potensial var. Prezident İlham Əliyevin bildirdiyi kimi, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Eyni zamanda, hər iki ölkə həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdırmaq imkanlarına malikdir.

Beş mühüm təklif...

Öz növbəsində Vyetnam lideri Birgə Bəyanatda əks olunan müddəaların səmərəli icrası məqsədilə beş təklif irəli sürüb. Bunlar aşağıdakılardır:

-Birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır.

-İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq.

-Üçüncüsü, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.

-Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik.

-Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.

Bəli bu təkliflər, əldə olunan razılaşmalar, perspektiv planlar yeni dövrdə ən mühüm siyasi-iqtisadi aktorlardan birinə çevrilən Azərbaycanın Vyetnam ilə əlaqələrində yeni səhifələr açır...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 301 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31