Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / III Şuşa Qlobal Media Forumundan dünyaya mesajlar...

III Şuşa Qlobal Media Forumundan dünyaya mesajlar...

22.07.2025 [10:46]

Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib

Bu gün respublikamızda milli mətbuatımızın yaranmasının 150 illiyi böyük təntənə ilə qeyd olunur. Milli mətbuatımızın əsası  görkəmli maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri sayəsində ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də nəşrə başlaması ilə qoyulub. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafında, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb.

Hər dövr mətbuat üçün yeni çağırışlar yaradıb. Bu gün jurnalistlər üçün yaranan çağırışlar isə yalnız məzmunla bağlı deyil. Hərçənd ki, onlar öz peşə fəaliyyətlərində sürətlə dəyişən gündəmin nəbzini tutmaq məcburiyyətindədirlər. Auditoriyaya ötürülən informasiyalar daim yenilənməlidir. Necə deyərlər, jurnalistlərin qulağı səsdə, barmaqları yazmaqda olmalıdır. Əks halda yazmağın da bir mənası qalmır. Jurnalistlər üçün digər bir çağırış isə 4-cü sənaye inqilabının tələblərindən yaranır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı mətbuatda da transformasiyaları qaçılmaz zərurətə çevirib. Təsadüfi deyildir ki, bu günlərdə Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun mövzusu da  “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olub. Forumda sualları cavablandıran Prezident İlham Əliyev Azərbaycan jurnalistlərini mətbuatımızın yubileyi münasibəti ilə təbrik edib və mediamızın inkişafından məmnunluğunu bildirib. “Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Demokratik cəmiyyətin əsas göstəricilərindən biri

Mətbuat hər bir dövlətin siyasətinin, ideoloji çərçivələrinin lakmus kağızıdır. Mühafizəkar siyasi rejimlər bir qayda olaraq jurnalistlərin peşə fəaliyyətində sərbəstliyini müxtəlif vasitələrlə məhdudlaşdırırlar. Bunu biz, necə deyərlər, özümüzün milli təcrübəmizdə də görmüşük və yaşamışıq. Söhbət 1992-ci ilin mayında ölkəmizdə qeyri-qanuni yolla iqtidara gələn AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründən gedir. Həmin dövrdə həqiqəti deyən və yazan jurnalistlər təqib olunur, onların döyülməsinə, oğurlanmasına və şantaj edilməsinə rast gəlinirdi. AXC-“Müsavat” iqtidarının bütün təmsilçiləri özlərinin korporativ maraqlarını KİV-lər vasitəsilə cəmiyyətə diktə etməyə çalışırdılar və düşünürdülər ki, mətbuat, jurnalistlər onların dirijor çubuğu ilə idarə olunmalıdırlar. 16 aprel 1992-ci il tarixində mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında Fərman, 15 aprel 1993-cü il tarixində bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı Sərəncam imzalandı. KİV-lərin sərbəst fəaliyyət dairəsini daraltmağa, jurnalistlərin fəaliyyətinə nəzarəti artırmağa, bütövlükdə medianı buxovlamağa hesablanan bu sənədlərin imzalanması o dövrdə AXC-“Müsavat” hakimiyyətinin mediaya qeyri-demokratik və despot münasibətinin ifadəsi idi.

Müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə dövlət qayğısı siyasətinin əsasını böyük siyasətçi Heydər Əliyev qoyub. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə mətbuatın problemlərini yaxından öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail olub. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında”  Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Heydər Əliyevin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.

Mediada islahatlar kursu

Son 20 ildən artıq dövrü əhatə edən mərhələdə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı islahatlar həyata keçirilib. Aparılan islahatlar Azərbaycanı dünya miqyasında hər cəhətdən mümunəvi dövlətə çevirib. O cümlədən islahatlar kursu milli mətbuatımızı da əhatə edib. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin aldığı qərarlar milli mətbuatımızın inkişafına həm hüquqi, həm də texniki və institusional baxımdan güclü şəkildə təkan verib. O cümlədən 2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin Sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görülüb. Həmin dövrdə dövlətimizin başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edilib. Azərbaycan Prezidentinin 2006-cı il 8 fevral tarixli Sərəncamı isə mətbuat üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu sənədə əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirdi. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” Qanun isə müasir texnologiyaların tətbiqi ilə medianın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı. 2018-ci il 16 iyul tarixli Sərəncamla ölkədə nəşr olunan qəzetlərə dövlət tərəfindən böyük maliyyə dəstəyi göstərildi.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı milli mətbuatımızın yeni mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu Fərmanın imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan dövləti mediada keyfiyyət dəyişikliyinin baş verməsində çox maraqlıdır.

Sözügedən Fərmana uyğun olaraq Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs kimi yaradıldı. MEDİA yarandığı gündən media sahəsində çevik və səmərəli fəaliyyət göstərir.

Qabaqcıl dünya təcrübəsi və müasir çağırışlar nəzərə alınmaqla hazırlanan “Media haqqında” Qanun qəbul edilməsi ilə milli mətbuatımızın qarşısında yeni dövr açılıb. Qısa müddətdə Media Reyestrinin yaradılması da böyük uğurdur.

Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Heç bir halda medianın rolunu yalnız auditoriyaya xəbər çatdırmaq funksiyası ilə məhdudlaşdırmaq olmaz. Mətbuat həm də bir ideoloji vasitədir. Bu gün transmilli mediada feyk xəbərlərin yayılması adi hala çevrilib. Bir sıra hallarda həmin feyk xəbərlər vasitəsilə milli dövlətlər hədəfə alınır və onların imicinə beynəlxalq səviyyədə xələl gətirilir.

Təəssüf doğuran haldır ki, belə “hücumlara” zaman-zaman respublikamız da məruz qalıb.  Buna ən son nümunələr kimi, 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə bağlı transmilli mediada dərc olunan bədnam yazıları göstərmək olar. Həmin yazıların məzmunu yalandan və respublikamıza yönələn iftiralardan başqa bir şey deyildi. Yaxşı haldır ki, həmin taleyüklü məqamlarda Azərbaycan mediası cəmiyyətimizin bir parçası olaraq yüksək həmrəylik ortaya qoydu və obyektiv yazıları ilə məkrli qüvvələrin ölkəmiz ətrafında qurmaq istədikləri informasiya blokadasının darmadağın etdilməsində Prezident İlham Əliyevin, necə deyərlər, ən yaxın köməkçisi oldu. “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31