Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh prosesinə ictimai dəstək

Sülh prosesinə ictimai dəstək

25.10.2025 [11:26]

Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi davamlı olaraq irəliləyir. Bu istiqamətdə daha bir mühüm addım atılıb - İrəvanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin heç bir vasitəçi olmadan ilk görüşü keçirilib.

Görüşdə Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil ediblər. Erməni tərəfindən isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil olunublar. Görüş çərçivəsinddə Ermənistan və Azərbaycanın ekspert icmalarının bir qrup nümayəndəsinin təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə ikitərəfli dəyirmi masa keçirilib. Tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.

Qalib Azərbaycanın təşəbbüsü ilə başlayan proses

Postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinin təşəbbüskarı qismində respublikamız çıxış edib. Cənubi Qafqaz üç onillik ərzində qanlı müharibə meydanı olub. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən həyata keçirdiyi işğalçılıq siyasəti ağır fəsadlar verib. Azərbaycanın ərazilərinin iyirimi faizi işğal altına düşüb, bir milyondan artıq soydaşımız doğma ev-eşiyini tərk etmək, ağır qaçqınlıq və məcburi köçkünlük həyatı yaşamaq məcburiyyətində qalıb. Ölkəmiz son dərəcə ağır humanitar fəlakətdən keçib. Bütün bunlara baxmayaraq, qalib Azərbaycan üçtərəfli bəyanat imzalandıqdan sonra müharibə səhifəsini çevirmək və gələcəyə baxmaq əzmini ortaya qoydu.

Azərbaycan İkinci Qarabağ müharibəsində parlaq Qələbə çalmaqla Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq üçün münbit zəmin formalaşdırıb. Müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev o mövqedən çıxış etdi ki, sülh üçün yaranan fürsətləri dəyərləndirib regionun, xalqlarımızın mənafeyi naminə fəaliyyətlər həyata keçirmək lazımdır. Respublikamızın qarşı tərəfə beş bənddən ibarət sülh paketini təqdim etməsi də bu niyyətin ifadəsi idi. Burada hər hansı bir subyektiv iddia, qalib dövlət ambisiyası ortaya qoyulmamışdı, əksinə sırf beynəlxalq hüquqa və prinsiplərə istinad edilmişdi. Təsadüfi deyildir ki, sonradan liderlər və digər səviyyələrdə baş tutan danışıqlar məhz bu baza prinsiplərinə istinad edilməklə aparılıb və təbii ki, müəyyən əlavələrlə daha da zənginləşdirilib.

Əlbəttə, ötən beş ildə sülhyartama prosesi indiki səviyyəyə çatanadək asanlılqla irəliləməyib. İlk vaxtlar Ermənistanın hərbi-siyasi elitası konstruktiv mövqe sərgiləmirdi, eləcə də bu ölkədəki revanşist qüvvələr  qisasçılıq mövqeyindən çıxış edərək sülh prosesinə əngəllər yaratmağa çalışırdılar. Xatırlatmaq lazımdır ki, əvvəllər danışıqlar müxtəlif çoxtərəfli platformalar çərçivəsində baş tuturdu. Bu da, əslində, sülh quruculuğunda daha bir maneə idi. Belə ki, ayrı-ayrı platformaların iştirakçısı olan dövlətlər və beynəlxalq təşkilatlar  həlledici məqamlarda iki ölkənin ortaq məxrəcə gəlməsinə açıq-aşkar maneçilk törədərək danışıqları pozurdular.

Belə olanda yenə də Azərbaycan Prezidenti İlham Əliyev tənzimləmə prosesinin ikitərəfli formatda irəli aparılması təşəbbüsündən çıxış etdi. Nikol Paşinyanın və onun komandasının bu təşəbbüsü dəstəkləməkdən başqa çıxış yolu yox idi. Çünki prosesin uzanması, zaman itkisi ilk növbədə Ermənistanın ziyanına işləyirdi. Beləliklə, sonrakı mərhələdə sülhyaratma prosesi ikitərəfli formatda davam etdirldi və müsbət nəticələr də özünü çox gözlətmədi. İkitərəfli diplomatik səylər sayəsində yekun sülh sazişinin bütün müddəaları razılaşdırıldı və artıq sənəd cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın və liderlərin iştirakı  ilə xarici işlər nazirləri tərəfindən paraflanıb. Hazırda regionda sülh heç vaxt olmadığı qədər yaxındadır.

Sülh yolunda atılan mühüm addım - vətəndaş cəmiyyətlərinin təması

Bu reallıq fonunda hər iki ölkədə vətəndaş cəmiyyətlərinin də sülhə hazırlanması çox vacibdir. Münaqişənin davam etdiyi üç onillik ərzində həm Azərbaycanda, həm də Ermənistanda insanlar müharibənin fəsadlarını öz həyatlarında hiss ediblər, məhrumiyyətlər yaşayıblar, minlərlə gəncin həyatına son qoyulub. Bütün bunlar hər iki cəmiyyətin kədəri və ağrısıdır. Belə bir vəziyyətdə liderlər və digər yüksək səviyyələrdə aparılan fəal diplomatiya ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri arasında təmaslar da bir zərurət qismində çıxış edir. Dünyanın ayrı-ayrı bölgələrində zaman-zaman qanlı müharibələr baş verib. Ancaq ölkələr və insanlar arasında düşmənçilik əbədi olmayıb, müəyyən müddətdən sonra tərəflər əlaqələr qurublar, gediş-gəliş yaranıb.

Sülhə yaxınlaşan Aazərbaycan və Ermənistan da bu mərhələni keçməlidirlər. İrəvanda təşkil olunan vətəndaş cəmiyyətləri təmsilçilərinin görüşü də qeyd olunan istiqamətdə atılan mühüm addımdır. Görüş zamanı siyasi məsələlər deyil, Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər kontekstində iqtisadi və logistik imkanlar və gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla iki ölkənin cəmiyyətlərini narahat edən geniş mövzulara toxunulub. Qrupun birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib.

Beləliklə, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi və ümumilikdə etimad quruculuğu tədbirlərinə start verilməsi böyük nikbinlik yaradır. Diqqətəlayiq haldır ki, Qərb institutları bu prosesdən kənarda saxlanılıb. Biz xatırlayırıq ki, uzun illər ərzində Qərb dairələri bu sahədə təşəbbüsü öz əlində saxlayıb və öz iradələrini diqtə ediblər. Zaman-zaman onların vasitəçiliyi ilə vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşləri də baş tutub. Ancaq bütün bunlar formal xarakter daşıyıb, hətta keçirilən hər belə görüşdən sonra cəmiyyətlər yaxınlaşmaq əvəzinə, bir-birlərindən daha da uzaqlaşıblar. Amma indi  Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirirlər.

Əlbəttə, bir görüşlə bütün olub-keçənləri unutdurmaq mümkün deyil. Qeyd etdiyimiz kimi yaralar dərindir və onların sağalması, qaysaq bağlaması üçün zaman, səbr və iradə lazımdır. Əsas odur ki, artıq cəmiyyətlərin birbaşa, vasitəçilərsiz təmaslarına start verilib. Vətəndaş cəmiyyəti nümayəndələri ilə başlayan ilk görüş və nəzərdə tutulan uzunmüddətli tədbirlər prsosesinin iki ölkənin birgə sülh şəraitində yaşaması zərurətinə dəlalət edir. Biz hələ yolun başlanğıcındayıq. Qarşıda hər iki xalqı uzun bir proses gözləyir.

Vaşinqton görüşünün davamı

Çox doğru olaraq ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan görüş Azərbaycanla Ermənistan arasında gedən sülhyaratma prosesinin zirvə nöqtəsi kimi dəyərləndirlir. Ağ Evdə, dünyanın siyasi mərkəzində, bir nömrəli ofisdə son dərəcə mühüm razılaşmalar əldə olunub. Liderlərin bəyanatında və xarici işlər nazirlərinin parafladıqları Sazişdə sülh perspektivləri üçün mühüm əhəmiyyət daşıyan müddəalar yer alıb. Paraflanan Sazişin mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. Eyni zamanda tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiqləyirlər. Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsindən blokada şəraitində olan Naxçıvana maneəsiz keçidin təmin olunması, kommunikasiyaların açılması ilə bağlı razılığa gəlinib. Ağ Evdə əldə olunan razılaşmalara əsasən onilliklər ərzində sülhə hər hansı bir töhfə verməyən Minsk qrupu tarixin arxivinə göndərilib.

Bütün bunlar Azərbaycanın yaratdığı reallıqların beynəlxalq səviyyədə təsdiqi olmaqla yanaşı, sülh quruculuğu üçün fundamental şərtlərdir. Vaşinqton razılaşmaları ilə keçmiş Qarabağ münaqişəsi mövzusu beytnəlxalq gündəlikdən tamam çıxarılıb. Bunu Ermənistan rəhbərliyi də verdiyi çoxsaylı bəyanatlarla təsdiqləyib.

İki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçilərinin İrəvanda bir araya gəlmələrini də Vaşinqton görüşünün davamı və yaxud tərkib hissəsi kimi  dəyərləndirmək mümkündür. Artıq sülhə hər iki ölkədən ictimai dəstək də gəlir. İndi fəal diplomatiya ilə, qarşılıqlı etimad quruculuğunu hədəfləyən tədbirlərlə sülh prosesinə ictimai dəstəyi daha da gücləndirmək lazımdır.  Yeri gəlmişkən, indiki mərhələdə Azərbaycan qarşılıqlı etimad quruculuğunda yenə də liderlik mövqeyi sərgiləyir. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Qazaxıstana uğurlu dövlət səfəri çərçivəsində Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanat verməsi qarşılıqlı etimad quruculuğu üçün çox mühüm addımdır. Azərbaycan sülhə sadiqliyini növbəti dəfə təsdiqləyib. Artıq respublikamızın hava məkanı ilə Ermənistana Qazaxıstan taxılının tədarükünə start verilib. Bu, Ermənistanın ağır blokada şəraitindən çıxması deməkdir. Təsadüfi deyildir ki,  Baş nazir Nikol Paşinyan buna görə Prezident İlham Əliyevə təşəkkür edib. Başlanan proses daha güclü səylərlə irəli aparılmalıdır. 

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31