Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Vicdan əzab verərmi?

Vicdan əzab verərmi?

24.04.2026 [09:30]

Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı haqqında

əvvəli ötən saylarımızda

Raskolnikov bacısının Lujinə ərə getməyinin əleyhinə olduğunu açıq bildirir. Dunya göyçək, boy-buxunlu, yaraşıqlı, həm də ötkəm, savadlı, qürurlu qızdır, anasını çox sevir, qardaşından canını əsirgəməz, ancaq özünü doğmalarına qurban verməyə hazırlaşdığını boynuna almaq istəmir, buna görə də qardaşıyla az qalır sözü çəpləşsin. Raskolnikov tək qalmaq istədiyini deyir, anasıyla bacısı onu Razumixinə tapşırıb gedirlər. Dmitrinin ilk baxışdan Dunyaya quşu qonur.

Növbəti gəlişlərində anası ona Lujinin məktubunu göstərir: yeznə gələcək qaynıyla qarşılaşmaq istəmir, üstəlik, anasının göndərdiyi pulları Rodionun bir fahişəyə bağışladığını gözüylə gördüyünü yazır (Lujin də həmin evdə qalır). Söhbətin bu yerində on səkkiz yaşı olsa da, uşağa bənzəyən, solğun üzlü, sısqa vücudlu, sarı saçlı, iri mavi gözlü, sadədil, fədakar Sonya quş damının qapısında peyda olub, Raskolnikovu atasının ehsan süfrəsinə dəvət eləyir.

Pulxeriya anayla Dunya qaldıqları yerə qayıdandan sonra dostlar müstəntiq Porfiri Petroviçin yanına gedirlər ki, sələmçi qarıya verilmiş girovları necə geri ala biləcəklərini öyrənsinlər. Otuz beş yaşa dolmuş tösmərək müstəntiqin gülər üzü, bic, ağıllı, nüfuzlu baxışları var, xalis psixoloqdur, ona kələk gəlmək çətin məsələdir. Porfiri Raskolnikovun bir müddət əvvəl çap olunmuş məqaləsindən söz salır, həmin məqalədə müəllif insanları iki qismə ayırır: adi, bir də qeyri-adi adamlar. Adi adamlar - sürü, kütlə adamlarıdır, onların işi doğub-törəmək, yer üzündə həyatı davam elətdirmək, qanun-qaydaya tabe olmaqdır. Qeyri-adi insanlar - sərkərdələr, hökmdarlar, böyük ideoloqlar isə bəşəriyyətin faydası naminə qanunların, ehkamların, adət-ənənələrin üstündən keçə bilərlər.

Raskolnikov duyur ki, müstəntiq ondan şübhələnir. Evə qayıdıb yatağına uzananda qatmaqarışıq, vahiməli yuxular görür. Svidriqaylovun gəlişi onu bu əzabdan qurtarır. Əlli yaşlarında varlı mülkədar Arkadi İvanoviç Svidriqaylov uca boylu, iri gövdəli, kürən saçlı, soyuq mavi gözlü kişidir. Əyalətdən paytaxta yaxın vaxtlarda gəlib. Təbiətcə arvadbaz, şəhvət düşkünüdür. Arvadı bu yaxınlarda müəmmalı şəkildə ölüb, söz gəzir ki, onun ölümündə ərinin əli var. Qadının sağlığında Dunya ehtiyac üzündən onların evində bir müddət qaravaşlıq eləyib. Svidriqaylovun da Dunyada gözü var.

***

Arkadi İvanoviç Raskolnikova Peterburqa gəlişindən az əvvəl əcələ təhvil verdiyi arvadından, qadının kabus kimi onu izləməsindən danışır, Lujin haqda yaxşı fikirdə olmadığını, Dunyanı ona layiq bilmədiyini deyir. Varlı mülkədar hətta qızın yoxsulluğa qurban getməsinin qarşısını almaq üçün pulundan keçməyə də hazırdır, ancaq Raskolnikov ondan yardım almağın əleyhinədir.

Axşam Rodionla Dmitri Pulxeriya ananın görüşünə gedirlər, Dunyanın nişanlısı da onu görməyə gəlir. Lujin məclisdə özünü çox pis aparır, ortada gərgin mübahisə yaranır, nəticədə Avdotya Romanovna nişanı pozmalı olur. İşbaz Lujinin göyçək, savadlı, ancaq yoxsul bir qızla evlənmək planı pozulsa da, əxlaq taciri təslim olmaq fikrində deyil. Onun ardınca Raskolnikov da anasını, bacısını Razumixinə tapşırıb çıxır, deyir ki, bu səfər biryolluq gedir, bir də qayıtmayacaq.

Doğmalarından ayrılandan sonra o, Sonyanın yanına gedir, ona söz verir ki, gələn görüşlərində qarıyla bacısını öldürmüş qatilin adını ona pıçıldayacaq. Qonşu otaqda qalan Svidriqaylov qapı dalından onların danışığını dinşəyir.

Ondan sonra Raskolnikov müstəntiqlə görüşüb tələb eləyir ki, onu ya tutsun, ya da rahat buraxsın. Porfiri bic-bic gülümsünüb Rodionu inandırmağa çalışır ki, onunla bağlı heç bir şübhəsi yoxdur. Onlar ayrılmaqdaykən cavan rəngsazı müstəntiqin otağına gətirirlər, işgəncə verilmiş binəva fəhlə Porfiri Petroviçin qarşısında diz çöküb qətli boynuna götürür.

Bu mənzərədən möhkəm sarsılan Raskolnikov evə qayıdır, qərara gəlir ki, mübarizəni dayandırmasın.

***

Nişanı pozulduğunun ertəsi günü Lujin başına gələnləri otaq yoldaşı Lebezyatnikovla çək-çevir eləyib harada, hansı məqamda yanıldığını tapmaq istəyir. Hər ikisi mərhum Marmeladovun yas məclisinə dəvət olunsa da, sözü bir yerə qoyub qonşu otağa başsağlığı verməyə keçmirlər. Lujin Sonyanı otağına çağırıb ona toxtaqlıq verir, yetimlərə hər cür yardım göstərməyə hazır olduğunu bildirir, söhbət əsnasında qızın cibinə ehmalca yüz rublluq bir əskinas qoyur. Lebezyatnikov bunu görür.

Raskolnikovu çıxmaqla dəvət olunmuş abırlı qonaqlardan heç biri ehsan məclisinə gəlmir. Masanın ətrafında yas yiyəsinin tanımadığı, haradansa yem iyi alıb gəlmiş əyyaşlar, qocalar, xəstələr, bir də mənzilin sahibi alman qadın oturur. Məclisin qızğın çağında Lujin otağa girib Sonyanı oğurluqda suçlayır, bununla da Raskolnikovdan qisasını almaq istəyir. Ancaq onun kələyi baş tutmur, otaq yoldaşı Lujini ifşa eləyir. Lujin bu rüsvayçılıqdan sonra mənzildən köçməyə məcbur qalır. Ara qarışır, məzhəb itir, yağlı müştərinin əldən çıxdığını görən alman qadın Marmeladovun vərəmli dul arvadını üç uşağıyla birgə küçəyə atır.

Sonyanın qaçıb evinə getdiyini görən Raskolnikov onun dalınca tərpənir, qızın qarşısında tövbə eləyib, törətdiyi cinayəti boynuna alır, onu belə müdhiş bir yola çəkən səbəbi dilə gətirməyə çalışır: “Bilmək istəyirdim görüm, mən bir bitəm, yoxsa hamı kimi insanam? Miskin bir həşəratam, yoxsa haqqım var?.. İndisə görürəm ki, mən qarını yox, özümü öldürmüşəm”.

Onlar İncildən parçalar oxuyurlar, Sonya Raskolnikovu günahını yumağa, divana təslim olmağa çağırır, söz verir ki, onun ardınca sürgünlərə gedəcək, cəhənnəmin dibində də onu tək qoymayacaq. Ancaq Raskolnikov asanlıqla quyruq ələ vermək istəmir, çarpışmağa hələ gücü, iradəsi var.

Xəbər gəlir ki, Marmeladovun dul arvadı havalanıb küçədə oynağa çıxıb, uşaqlarını da günün günorta çağı şəhərin ortasında oxuyub-oynamağa məcbur eləyir. Sonya özünü analığının harayına yetirir. Vərəmli qadın bayılıb yerə yıxılır, sinəsindən qan açılır, az sonra qızlığının otağında canını tapşırır. Uşaqların qayğısını Svidriqaylov üzərinə götürür, Raskolnikova söz verir ki, onları ən yaxşı uşaq evinə yerləşdirəcək, hər birinin adına ayrıca hesab açdıracaq, Sonyanı quyunun dibindən çıxaracaq. Axırda buna da işarə vurur ki, Raskolnikovla Sonyanın gizli söhbətini eşidib, məsələdən halıdır.

***

Raskolnikova baş çəkən Razumixin dostunu inandırır ki, müstəntiq artıq ondan şübhələnmir. Sonra onun otağına Porfiri gəlir, uzun söhbətin axırında tutarlı dəlillərlə Raskolnikovu qətldə günahlandırır, könüllü təslim olarsa, onun işini yüngülləşdirməyə söz verir.

Bundan sonra Raskolnikov əvvəlcədən vədələşdiyi kimi Svidriqaylovla görüşür. Mülkədar onu Amerikaya qaçırmaq üçün kömək, pul təklif eləyir, amma Raskolnikov razılıq vermir.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30