Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

26.01.2016 [10:19]

Prezident İlham Əliyev tərəfindən son dövrlərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 16 Fərman və Sərəncam imzalanıb
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi daima dövlətin və Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğı nəticəsində ölkəmizdə ünvanlılıq prinsipinə əməl olunur, aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində ardıcıl şəkildə mühüm tədbirlər həyata keçirilir, pensiya və müavinətlərin, eləcə də maaşların həcmi mütəmadi olaraq artırılır. Öz növbəsində, son dövrlərdə dünyada cərəyan edən qlobal maliyyə böhranı, neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutaların devalvasiyaya uğraması fonunda Azərbaycanda sosial müdafiənin təşkili istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul edilir.
Beləliklə, vurğulandığı kimi, ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlarla yanaşı, əmək qabiliyyətli işçilərin maaşlarının artırılması daim dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı, ölkəmizdə insanların məşğulluğunun təmin edilməsi sahəsində də mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 12 il ərzində Azərbaycanda işsizlik probleminin aradan qaldırılması yönündə mühüm tədbirlər görülüb. Nəticədə də ölkəmizdəki işsizlik probleminin səviyyəsi hətta inkişaf etmiş ölkələrdən aşağı həddədir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların sosial qayğılarla əhatə olunmaları üçün öz iradəsini ortaya qoyur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Yanvarın 18-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, insanların sosial müdafiəsi məsələləri ilk növbədə diqqətdə saxlanılmalıdır: “Əslində bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır. Dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi”.
Pensiyaların və əmək haqlarının artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır
Öz növbəsində yuxarıda da qeyd edildiyi kimi, mövcud qlobal maliyyə-iqtisadi böhran şəraitdə əksər ölkələrdə iş yerlərinin ixtisarı, əməkhaqqlarının verilməməsi fonunda Azərbaycanda tamam fərqli mənzərə var. Belə ki, ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən son dövrlərdə bu məqsədlə ümumilikdə 16 Fərman və Sərəncam imzalanıb. Onlardan 6-sı məhz əmək pensiyasının baza hissəsinin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, 20 Yanvar əlillərinə, müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə), şəhid ailələrinə Prezident təqaüdlərinin, sosial müavinətlərin artırılmasını nəzərdə tutur və müvafiq təbəqələrdən olan 2,3 milyon nəfərə yaxın şəxsi əhatə edir. Digər 10 Sərəncamla isə büdcə təşkilatlarında çalışanların əmək haqları artırılıb.
İmzalanan Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu Sərəncamla 1 mln. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 mln. manat əlavə büdcə vəsaiti sərf olunacaq.
Ölkə başçısının digər Fərmanı ilə isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 220 manat müəyyən edilib. Bu Fərman Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə edir və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 mln. manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək.
Sosial müdafiəyə ehtiyacı olan digər kateqoriyalı şəxslərin də aldıqları müavinətlər artırılıb. Belə ki, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğində dəyişiklik edilib. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir.
Ölkə başçısının digər Sərəncamı ilə isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 10 faiz artırılıb. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 mln. manata yaxın əlavə büdcə vəsaiti sərf ediləcək.
Bütün bunlarla yanaşı, əmək haqlarının artırılması ilə bağlı verilən sərəncamlar da Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədinin Azərbaycanın vətəndaşları üçün layiqli və yaxşı həyat şəraitinin təmin olunmasına yönəldiyini bir daha təsdiqləyir. Yəni, Azərbaycan dövlətinin sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür.
Beləliklə, minimum əmək haqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Əmək haqlarının artırılmasına, eləcə də digər sosial müavinətlərin verilməsinə dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir. İl ərzində bu məsələyə yenidən baxılacağı da istisna edilmir.
İqtisadiyyatı neftlə əlaqədar olan digər dövlətlərin böyük əksəriyyətində maaşların artırılması müşahidə edilmir
Yeri gəlmişkən, neftin qiymətinin kəskin enməsi digər dövlətlərdə də milli valyutaların devalvasiyasına səbəb olub ki, onların sırasında iqtisadiyyatı “qara qızıl”la əlaqəli olan ölkələrin sayı daha çoxdur. Belə ki, Rusiyada milli valyuta son bir ildə 150, Qazaxıstanda 100 faizə yaxın devalvasiyaya uğrayıb, Türkiyədə 1 dollar 3 lirə həddindədir. Dünya iqtisadiyyatının böyük bir hissəsini təşkil edən Çin yuanı 2 dəfə devalvasiyaya uğrayıb. Eləcə də digər neft ixracatçısı kimi tanınan dövlətlərdə bu proses olduqca ağrılı nəticələrlə müşahidə edilir. İqtisadiyyatı neftlə əlaqəli olan bəzi Cənubi Amerika dövlətlərində isə inflyasiya hətta 250 faizi belə ötüb. Bu mənada, baş verənlərin miqyası qlobal xarakter daşıyır.
Amma qeyd edilməlidir ki, həmin ölkələrdə maaşların, sosial müavinətlərin və pensiyaların artımı məsələsi ölkə hakimiyyəti üçün gündəmdə deyil. Belə ki, çöküş yaşayan iqtisadiyyatını ayağa qaldırmağa çalışan bir sıra dövlətlər nəinki maaşların artırılması istiqamətində tədbirlər görür, əksinə “kəmər sıxma” siyasəti yürüdərək maaşların və pensiyaların azaldılması istiqamətində tədbirlər görülür, defoltun qarşısının alınmasına çalışılır. Prezident İlham Əliyev qeyd edilən müşavirədəki çıxışında bu məsələyə də toxunaraq bildirib ki, Azərbaycanda pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır: “Pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır”.
Beləliklə, Azərbaycan dövləti növbəti dəfə öz siyasətinin məhz ölkə vətəndaşının sosial rifahına yönləndirilməsini əməli faktlarla sübuta yetirir. Bu gün ölkəmizdə yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar, yeni sənaye komplekslərinin yaradılması yönümündə görülən işlər, sahibkarlara, yerli iş adamlarına, həmçinin xarici investorlara yaradılan münbit şərait Azərbaycan dövlətinin öz vətəndaşının yanında yer aldığının bariz təsdiqidir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31