Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Şurasının əsas funksiyası insan hüquqlarının qorunması olduğu halda, bu qurum 1 milyon insanın hüquqlarının pozulmasına göz yumur

Avropa Şurasının əsas funksiyası insan hüquqlarının qorunması olduğu halda, bu qurum 1 milyon insanın hüquqlarının pozulmasına göz yumur

28.01.2016 [09:54]

AŞ PA-nın qış sessiyasında “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzənin qəbul olunmaması bu reallığı bir daha təsdiqləyir
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycanla bağlı iki məsələ müzakirə edilib. Hər iki məsələ Azərbaycanın Ermənistan tərəfindən işğal siyasətinə məruz qalmasını əks etdirib. Bu sənədlərdən biri qəbul olunsa da, sessiyada “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzə təsdiq edilməyib. Bu sənəddə Ermənistanın işğalçılıq siyasətinin nəticələri geniş əks olunub. Nəzərə alaq ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib və nəticədə də 1 milyondan artıq soydaşımız öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Belə bir halda, beynəlxalq təşkilat kimi insan hüquqlarının müdafiəçisi funksiyasını yerinə yetirməli olan AŞ PA sözügedən məruzəni qəbul etməyə borclu idi. Amma əvəzində yenə də təşkilatın ikili standartlarla çıxış etdiyinin şahidi olduq.
Görünən odur ki, AŞ PA rəhbərliyində və qurumun sıralarında təmsil olunan ayrı-ayrı dövlətlərin bəzi deputatları üçün insan hüquqları əsas prioritet deyil. Onlar sadəcə müəyyən maraqlardan çıxış etmələrini əsas vəzifə hesab edirlər. Əgər AŞ PA-nın funksiyası insan hüquqlarının müdafiəsidirsə, onda bu qurum 1 milyon insanın haqlarına laqeyd qalmamalıdır. Azərbaycan əleyhinə bəzən ikili standartlara söykənən qərəzli qətnamə qəbul edən AŞ PA insan hüquqlarını əsas tutduğunu iddia edirsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə diqqətdən kənarda qalır?
Bütün hallarda bu mövqeyinə görə AŞ PA-ya haqq qazandırmaq mümkün deyil. Onu da təəssüf hissi ilə vurğulayaq ki, əsas funksiyasını yerinə yetirə bilməyən AŞ PA və onun bəzi nümayəndələri bir sıra hallarda ölkəmizi əsassız olaraq tənqid hədəfinə çevirirlər. Səbəb isə Azərbaycanın inkişafı və beynəlxalq müstəvidə nüfuzunun artmasıdır. Belə ki, Cənubi Qafqaz regionunun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gəlir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, ölkəmizin bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər.
AŞ PA-nın qış sessiyasında “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzənin qəbuluna qarşı çıxan qüvvələr də məhz erməni lobbisinin təsirində olanlardır. Anti-azərbaycançı qüvvələr hər zaman Ermənistanın işğalçı siyasətinin dünyada yayılmasına qarşı fəaliyyət göstərir. Amma buna baxmayaraq, Azərbaycan diplomatiyası bu işğalçılıq faktının və onun nəticələrinin beynəlxalq miqyasda ifşa olunması istiqamətində sistemli fəaliyyətini davam etdirəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31