Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması məsələsi dayanır

Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması məsələsi dayanır

02.06.2009 [09:35]

Prezident İlham Əliyev: Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir
Uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişaf tempinə mənfi təsir göstərir. Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməməklə faktiki olaraq regionda sülhün bərqərar olmasına və inkişafa mane olur. Bununla belə, Azərbaycan münaqişənin həlli ilə bağlı mühüm üstünlüklər əldə edib. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xarici siyasətinin hər zaman prioritetlərindən olub, bu gün də belədir. 28 May - Respublika gününə həsr olunan rəsmi qəbulda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məsələnin həllinə nail olunmamasının yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikasıdır: “Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqeyindən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir”.
Ermənistanın Dağlıq Qarabağ problemi haqqında hər zaman spekulyativ informasiyalar yaydığını bildirən Prezident İlham Əliyev onların bütün səylərinin yalan və boş olduğunu diqqətə çatdırıb: “Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir. Ancaq, bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir. 1975-ci il Helsinki Yekun Aktına baxmaq, onu yaxşı oxumaq kifayətdir, orada hər şey göstərilib. Ərazi bütövlüyü prinsipləri əsas prinsiplərdir. Xalqların öz müqəddəratını həlletmə, müəyyənetmə məsələsi ərazi bütövlüyünü pozmamalıdır, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bir də ki, Ermənistan artıq müstəqil dövlətdir və erməni xalqı öz müqəddəratını bir dəfə təyin edibdir. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir”.
Azərbaycan hər zaman danışıqlar prosesində konstruktiv mövqe tutur. İşğala məruz qalan dövlət olmasına baxmayaraq regionda sülhə nail olunması üçün danışıqlar prinsipini əsas götürən ölkəmiz bu prosesdə əsasən Azərbaycanın milli maraqlarını üstün tutur. Prezident İlham Əliyev dövlətimizin öz prinsiplərindən bir addım da geri çəkilməyəcəyini dilə gətirib: “Bu gün danışıqlar daha intensiv xarakter daşıyır. Azərbaycan bütün dövrlərdə olduğu kimi, öz konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqeyini ortaya qoyur. Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması məsələsi dayanır, bütün köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi dayanır. Bir daha bəyan etmək istəyirəm, - çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür, - danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik”.
Münaqişənin sülh yolu ilə həlli prinsipini əsas götürən Azərbaycan bununla yanaşı, heç bir zaman müharibə variantını da istisna etməyib. Artıq illərdir davam edən bu işğal siyasətinə son vermək üçün təbii olaraq ölkəmiz öz hərbi gücündən istifadə edə bilər. Buna dünyanın insan haqları konvensiyası da, dünyanın bütün beynəlxalq təşkilatlarının münaqişə ilə bağlı rəyləri də əsas verir. Dövlət başçısı öz nitqində xüsusilə vurğulayıb ki, bu gün Azərbaycanın ordusu olduqca güclüdür və hər an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır: “Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz qısa müddət ərzində-cəmi üç il ərzində güclü və böyük perspektivi olan müdafiə sənayesini yaratmışıq və üç il ərzində biz ilkin istehsalatdan artıq böyük istehsalata başlamışıq. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi avadanlıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymət alır. Biz öz müdafiə gücümüzü daha da artıracağıq. Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Bəzi hallarda beynəlxalq ictimaiyyətdə belə bir fikir yaranır ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər görür və bu siyasət narahatlıq doğurur. Biz, sadəcə olaraq, öz təbii hüququmuzdan istifadə edirik. Biz öz vəsaitimizi xərcləyirik. Biz Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Bu gün Azərbaycanın artan iqtisadi qüdrəti bizə imkan verir ki, ordu quruculuğuna 2 milyard dollar vəsait xərcləyək. Bu rəqəm Ermənistanın bütün büdcəsinə bərabərdir. Növbəti illərdə Ermənistan ilə Azərbaycan arasında bu gün mövcud olan böyük uçurum daha da dərinləşəcək, genişlənəcək, Azərbaycan daha da qüdrətli dövlətə çevriləcəkdir. Ermənistan isə öz işğalçı siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmalıdır və qalacaqdır”.
Artıq bütün dünya Ermənistanın işğalçı siyasət yürütdüyünü təsdiq edir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Prezident İlham Əliyev bildirib ki, ölkəmizin bu cür dəstək əldə etməsi xarici siyasətimizin uğurudur: “Müxtəlif təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar ədaləti, bizim mövqeyimizi əks etdirən çoxsaylı qərarlar və qətnamələr qəbul edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı keçən ilin mart ayında BMT-nin Baş Məclisində qətnamənin qəbul edilməsi bizim həm mənəvi, həm siyasi qələbəmizdir. Eyni zamanda, bu, ədalətin təntənəsidir. Baxmayaraq ki, böyük dövlətlər bu qətnamənin qəbul edilməsinə etiraz etmişdilər, Azərbaycan böyük səs çoxluğu ilə bu qətnamənin qəbul edilməsinə nail oldu və dünya birliyi bizimlə həmrəy olduğunu göstərdi”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1148 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31