2018-ci il Azərbaycan üçün uğurlu olub, ölkəmiz hərtərəfli və dinamik inkişaf edib
15.01.2019 [10:32]
Prezident İlham Əliyev: Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir
Yeni ilin əvvəlində, adətən, keçilmiş yola nəzər salınır, ötən ilin nəticələri saf-çürük edilir, qarşıya yeni hədəflər qoyulur. Bəs artıq tarixə çevrilən 2018-ci ildə müstəqil Azərbaycan, xalqımız hansı uğurlara imza atıb? Sualı, əlbəttə ki, ötən il qlobal miqyasda cərəyan edən proseslər fonunda cavablandırmaq lazım gəlir. Təəssüf doğuran haldır ki, 2018-ci ildə də dünyada bir sıra kataklizmlər yaşandı, ayrı-ayrı ölkələrin timsalında biz sabitliklə, təhlükəsizliklə, sosial-iqtisadi inkişafla bağlı ciddi problemlərin yaşandığını və bundan insanların, ələlxüsus da uşaqların, qadınların, yaşlıların ciddi əziyyət çəkdiklərinin şahidi olduq.
Deyilənlər fonunda müstəqil Azərbaycanın mənzərəsi isə tamam fərqli rakursdan diqqəti cəlb edir. Respublikamız inamlı inkişafını 2018-ci ildə də davam etdirib. Prezident İlham Əliyevin Sədrliyi ilə yanvarın 11-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısı bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Qlobal miqyasdakı mənfi mənzərə fonunda ölkəmizin uğurlarının daha qabarıq şəkildə nəzərə çarpdığını bildirən dövlət başçısı vurğulayıb: “Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.
Ötən il ölkəmiz iqtisadi gücünü daha da artırıb
Dünya üçün çətin keçən illərdə də müstəqil Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür ki, burada iqtisadi güc amilinin önəmini xüsusi vurğulamaq lazımdır. Respublikamızda davamlı olaraq qarşıya yeni inkişaf hədəfləri qoyulurkən ilk növbədə ölkənin iqtisadi potensialı əsas götürülür. Xarici mənfi təsirlərə müqavimət gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın milli gücünü artıran fundamental amil rolunda çıxış edir. Son 15 ildə respublikamızda milli inkişafın real əsaslarının yaradılması - güclü iqtisadiyyat qurulması üçün bütün şərtlər təmin edilib. Belə ki, qlobal miqyasda meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun şəkildə genişmiqyaslı islahatlar aparılıb, iqtisadiyyatın ayrı-ayrı sektorlarının maliyyə təminatı möhkəmləndirilib. Hazırda respublikamızda dövlət başçısının imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi ölkədə reallaşdırılan islahatların səmərəliliyini daha da artırır.
Son 15 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri, 3 dəfədən çox olmaqla, məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə sənaye parkları formalaşdırılır.
Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır.
Bütövlükdə, respublikamızda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində milli iqtisadiyyatımızın müstəqilliyini təmin etmək mümkün olub. Bu gün Azərbaycan iqtisadiyyatı özü özünü təmin edən, heç bir kənar mənbədən asılı olmayan iqtisadiyyatdır. Təsadüfi deyil ki, Azərbaycan öz siyasətində, bir qayda olaraq, milli maraqları əsas tutur, heç bir xarici gücün diktəsini qəbul etmir. Prezident İlham Əliyev bu kimi məqamlara diqqət çəkərək “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”, - deyə bildirib.
Artıq tarixə dönən 2018-ci il də Azərbaycan üçün iqtisadi inkişaf baxımından uğurlu il olub. Respublikamız ötən ili bütün istiqamətlər üzrə müsbət göstəricilərlə başa vurub. Belə ki, 2018-ci ildə ölkəmizdə ümumi daxili məhsul istehsalında 1,4 faiz artıma nail olunub ki, bu da dünyadakı mənzərə fonunda kifayət qədər yaxşı göstəricidir. Bundan daha yaxşı artım göstəricisi isə 1,8 faiz olmaqla qeyri-neft sektorunda qeydə alınıb. O cümlədən il ərzində respublikamızda sənaye istehsalı 1,5 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı isə 9,1 faiz artıb ki, bu da ölkədə aparılan uğurlu sənayeləşmə siyasətinin bəhrəsidir. Eyni zamanda, ötən il qeyri-neft iqtisadiyyatının mühüm bir qolu olan aqrar sektorda 4,6 faiz artım baş verib. Azərbaycanın yüksək sərmayə cəlbediciliyi 2018-ci ildə də qorunub saxlanılıb. İl ərzində ölkəmizə müxtəlif mənbələrdən 17,2 milyard manat məbləğində sərmayələr yönəldilməsi bunu bir daha təsdiqləyir. Əlamətdar hal ondan ibarətdir ki, bu sərmayələrin 11 milyard manatdan çoxu ölkəmizin qeyri-neft iqtisadiyyatına yönəldilib.
Ötən il ölkədə iqtisadi artım fonunda makroiqtisadi sabitlik də təmin edilib. Hazırda respublikamızda cəmi 2,3 faiz həddində inflyasiya müşahidə edilir, bunun müqabilində əhalinin gəlirləri isə ötən il 9,2 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə əhalinin gəlirləri inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Bütövlükdə 2018-ci ilin iqtisadi inkişaf göstəricilərini yüksək qiymətləndirən Prezident İlham Əliyev vurğulayıb: “Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb”.
Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə 2018-ci ildə də sadiq qalıb
Azərbaycan sosial dövlətdir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanları artdıqca insanların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyası da genişlənir. Ölkədə ədalətli resurs bölgüsü aparılır, ehtiyacı olan bütün vətəndaşlar dövlət qayğısı ilə əhatə olunurlar. Qeyd etmək yerinə düşər ki, Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda işsizlik və yoxsulluq qısa müddətdə 5 faizədək aşağı salınıb.
Respublikamız özünün dərinməzmunlu sosial siyasətinə 2018-ci ildə də sadiq qalıb. Nazirlər Kabinetinin bəhs olunan iclasında maliyyə naziri Samir Şərifov məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446,0 milyon manat təminat yaradılıb.
Eyni zamanda, respublikamızda əhaliyə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması və onlara əlçatanlığın təmin olunması üçün islahat xarakterli tədbirlər həyata keçirilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Dövlət başçısının 2018-ci il 9 avqust və 10 dekabr tarixli fərmanlarına əsasən “DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb. “DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur. Eyni zamanda, elektron xidmətlərin genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarının və 2018-ci il 5 sentyabr tarixli Fərmanının icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb. “E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin edib.
Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436,0 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon manat vəsait ayrılıb. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, müvafiq kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər cari ildə də davam etdiriləcək: “Müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilibdir. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni, bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik”.
Respublikamızın qazandığı uğurlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunu beynəlxalq reytinq agentliklərinin hesabatlarından da görmək mümkündür. Məlumdur ki, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə, inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin 2018-ci ildə yayılan hesabatlarında da ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir. Respublikamızın müsbət reallıqlarının təsdiqi baxımından Dünya Bankının 2018-ci ilin sonlarında təqdim olunan “Doing Business 2019” hesabatı da istisna deyildir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına imkan verib. Azərbaycanın dövlət başçısı Dünya Bankının bəhs olunan hesabatında respublikamızın 32 pillə irəliləməsini yüksək dəyərləndirərək deyib: “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.
Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabata əsasən, respublikamız dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB məkanında lider mövqeyə yüksəlib.
Ekspertlər Dünya Bankının yaydığı yeni hesabatda Azərbaycanın yüksək qiymətə layiq görülməsinin və ayrı-ayrı indikatorlar üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasının ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu bildirirlər. Vurğulamaq yerinə düşər ki, “Doing Business” hesabatı dünyada qəbul edilən obyektiv meyarlar əsas götürülməklə hazırlanır. Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) da baza rolunu oynayır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

