Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir

ABŞ Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir

31.01.2019 [09:09]

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəngi Birləşmiş Ştatların ölkəmizlə əməkdaşlığı davam etdirmək və daha da gücləndirmək əzminin əyani göstəricisidir
Milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara parelel olaraq regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanla münasibətlərin inkişafı ABŞ üçün də xüsusi strateji əhəmiyyətə malikdir. Elə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəngi də bu reallığı aydın əks etdirir. Qeyd edək ki, yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilmişdir.
Birləşmiş Ştatlar Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verməsini yüksək dəyərləndirir
Məlumdur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanla əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Bu kontekstdə bir sıra mühüm məqamlar xüsusilə diqqəti cəlb edir. Əvvəla, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Bütövlükdə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Respublikamız hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Nəticə etibarilə, ekspertlərin də vurğuladıqları kimi, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq nüfuzunun davamlı olaraq artması, praqmatik xarici siyasət həyata keçirməsi və digər amillər dünya dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən mühüm strateji faktorlar sırasında yer alır. Bu məqamda qeyd edək ki, elə C.Boltonun zəngi ABŞ-ın Azərbaycanla ciddi əməkdaşlığı davam etdirmək və daha da gücləndirmək əzminin əyani göstəricisi kimi xarakterizə olunur.
Ümumiyyətlə, ABŞ Azərbaycanın regionda və dünyada təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələrinə mühüm əhəmiyyət verir. Azərbaycanın dünyanın müxtəlif nöqtələrində sülhyaratma missiyalarında iştirakı, rəsmi Bakının beynəlxalq təhlükəsizlik məsələsində xüsusi rolu və digər mühüm məqamlar bu kontekstdə xüsusi olaraq diqqətə çatdırılır, yüksək dəyərləndirilir. Birləşmiş Ştatlar həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində gördüyü işləri də yüksək qiymətləndirir, əvvəlki enerji layihələri kimi, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə hərtərəfli dəstək verir.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hazırda müşahidə olunan dinamikanı müsbət qiymətləndirir
Bəllidir ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini davam etdirir. Ölkəmizin qəti və birmənalı - konkret mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın prinsipial mövqeyinin və qətiyyətli siyasətinin fonunda dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini mütəmadi olaraq bəyan edir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Qısacası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Qeyd etdiyimiz kimi, son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin göstəricisidir. Ən əsası, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin formalaşdırıb.
Məlum olduğu kimi, yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sözügedən görüş ilə bağlı qeyd edib ki, bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. “Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur”, - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqətə çatdırıb. Qeyd edək ki, ekspertlər 2019-cu ildə münaqişənin həlli istiqamətində danışıqlara yeni impulsların daxil olacağına dair qənaətlərini ifadə edirlər. Bildirilir ki, əgər fövqəladə bir hadisə baş verməsə, cari ildə Dağlıq Qarabağ probleminin həlli yönündə intensiv və nəticəyə yönəlik danışıqlar prosesinin davam etdiriləcəyini müşahidə etmək olar. Diqqətə çatdırılır ki, həmsədrlərin iştirakı ilə xarici işlər nazirlərinin görüşməsi, bu görüşün 4 saat davam etməsi, bundan sonra BMT Baş katibi və Avropa İttifaqının bəyanatla çıxış edərək danışıqları müsbət qiymətləndirməsi özlüyündə yeni dinamika olmaqla müəyyən ümidlər yaradır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, C.Boltonun telefon zənginin ifadə etdiyi reallıqlardan biri də budur ki, ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda müşahidə olunan dinamikanı müsbət qiymətləndirir, problemin aradan qaldırılması ilə bağlı səylərini davam etdirəcəyi barədə mesaj verir.
Antimilli qrupların ümidləri puça çıxdı...
Sadalananlarla yanaşı, bir məqamı da xüsusi vurğulamaq gərəkdir. Respublikamızın dinamik inkişafından, beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsindən narahatlıq keçirən anti-Azərbaycan dairələrə xidmət edən ölkəmizdəki antimilli qruplar - “beşinci kolon” nümayəndələri Azərbaycanda sabitliyin pozulmasınının tərəfdarı kimi çıxış edirlər. Bu marginal qruplar, eyni zamanda, ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaq üçün xalqımızın və dövlətimizin əleyhinə, dağıdıcı - antimilli xarakterli çağırışlar səsləndirir, müxtəlif manipulyasiyalarla ictimai rəyi çaşdırmağa çalışırlar. Lakin bu ünsürlərin cəhdləri hər zaman iflasa düçar olur, onlar çirkin məqsədlərinə çata bilmirlər. Elə C.Boltonun zəngi də Azərbaycanın daxilindəki marginal qrupların Qərbin ölkəmizə təzyiq göstərəcəyi və ya hər hansısa güzəştə məcbur edəcəyi ilə bağlı ümidlərini puça çıxardı. Bir daha aydın oldu ki, ABŞ Azərbaycandan Qərbə ümid yeri kimi baxan antimilli qruplara dəstək vermək niyyətində deyil. Rəsmi Vaşinqton Azərbaycan iqtidarı ilə əməkdaşlığı yüksək qiymətləndirir və münasibətləri daha da gücləndirmək əzmindədir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31