Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev idarəetmədə qadınların rolunu həmişə yüksək qiymətləndirirdi

Ulu öndər Heydər Əliyev idarəetmədə qadınların rolunu həmişə yüksək qiymətləndirirdi

11.11.2009 [10:25]

Südabə Həsənova: Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün göstərdiyi xidmətlər o qədər böyükdür ki, Onu hər hansı dövlət xadimi ilə müqayisə etmək mümkün deyil
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə xanım Həsənovadır:
- Südabə xanım, hüquq-mühafizə orqanlarındakı təqribən 40 illik əmək fəaliyyətinizin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edib. Onunla ilk tanışlığınızı xatırlayırsınızmı?
- Əlbəttə xatırlayıram. O böyük ŞƏXSİYYƏT mənim həyatımda, əmək fəaliyyətimdə elə dərin, silinməz izlər buraxıb ki, ömrümün sonunadək onları xatırlayacağam, ONUN ruhuna dönə-dönə rəhmət diləyəcəyəm. Heydər Əliyevin rəhbərliyi altında işləmək, ONUNLA çiyin-çiyinə çalışmaq şərəf işidir. Onun idarəçilik metodları, insanlarla işləmək bacarığı, humanistlik, insan hüquqlarının qorunması, ədalətsizliyə qarşı amansız mübarizə, qanunun aliliyinin hər şeydən üstün tutulmasına dair tövsiyə və tapşırıqları - bizim əmək fəaliyyətimizin əsas düsturunu təşkil edir. Bu həyat məktəbini necə unutmaq olar?
Orta məktəbi respublikamızın ucqar rayonlarından birində bitirib, sənədlərimi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə verdim. İmtahanlardan uğurla keçib universitetə qəbul oldum. 1971-ci ildə universitetin əyani şöbəsini bitirdim və təyinatla Azərbaycan SSR Ədliyyə Nazirliyinə işləməyə göndərildim. Nazirliyin məhkəmə orqanları idarəsində məsləhətçi işləyirdim. 1973-cü il idi. Heydər Əliyevlə ilk tanışlığım da o zaman oldu. Həmin dövrdə respublikanın məhkəmə sistemində 4 vakant yer var idi. Bunlardan 3-ü Bakıda, biri isə Gəncə şəhərində idi. Və Ədliyyə Nazirliyi tərəfindən bu yerlərə seçilmiş namizədlərin arasında mənim də adım var idi. Namizədliyim paytaxtın Kirov rayonuna (indiki Binəqədi rayonu) xalq hakimliyinə irəli sürülmüşdü. O dövrdə, məhkəmə quruluşu haqqında qanuna əsasən, xalq hakimlərinin seçimi deputatlar kimi, yerlərdə gizli ümumxalq səsverməsi yolu ilə aparılırdı. Sözsüz ki, sovet rejimində yaşadığımız dövrdə seçkidən əvvəl hər bir namizədin sənədləri Mərkəzi Komitədən (MK) keçirdi. Daha sonra MK-nin birinci katibi şəxsən həmin namizədləri qəbul edirdi.
Biz dörd cavan xalq hakimliyinə namizəd MK-ya çağrılmışdıq. Düşünürdük ki, birinci katib Heydər Əliyev cənabları bizim hamımızı birlikdə çağırıb təlimatlandıracaq. İş qrafikinin sıx olmasına baxmayaraq, Ulu öndər bizim hər birimizi ayrı-ayrılıqda qəbul etdi. İlk tanışlıqdan sonra, mənim ucqar rayondan olmağıma baxmayaraq, rus dilində belə səlis danışmağımla maraqlandı, səbəbini soruşdu. Dedim ki, kəndimiz sərhəd zastavasına yaxın idi. Bir qədər aralıda isə sovet ordusuna məxsus hərbi şəhərcik yerləşirdi. Orada Azərbaycan dilində məktəb yox idi və mən səkkizillik təhsilimi rus dilində almışam. Eyni zamanda, hərbçilərin uşaqları ilə, onların ailələri ilə sıx ünsiyyət nəticəsində rus dilinə mükəmməl yiyələnə bilmişəm. Güldü. Söhbətimiz çox səmimi keçdi. Ədalət ilahəsi Femidanın qadın olduğunu xatırladan ümummilli lider Heydər Əliyev, respublikanın hüquq-mühafizə sistemində qadınların çalışmasını təqdir etdiyini söylədi və bundan sonra da gənc, bacarıqlı qadın hüquqşünasların yolunda həmişə yaşıl işıq yanacağını bildirdi. Sonra hüquq-mühafizə orqanı işçisinin əsas vəzifəsinin ədalətli olması, qanunun aliliyini hər şeydən üstün tutmasına dair öz dəyərli tövsiyələrini verdi. 1979-cu ilədək Binəqədi rayonunda xalq hakimi vəzifəsində çalışdım. Həmin il ilk dəfə olaraq, paytaxtda Bakı şəhər Məhkəməsi yarandı. Məhkəmənin hakimləri Bakı şəhər Xalq Deputatları Soveti tərəfindən seçilirdi. Növbəti mərhələdə isə 5 nəfərdən ibarət məhkəmənin Rəyasət Heyəti seçildi. Buraya sədr, iki müavin və iki hakim daxil idilər. Respublikada qadın hüquqşünasların əməyinə göstərilən diqqət və qayğının təzahürü kimi, həmin beş hakimin arasında mən də var idim. Bir il burada çalışdım. 1980-ci ildə respublikanın Ali Məhkəməsinə seçkilər keçirildi. Xoşbəxtlikdən bu dəfə də namizədliyim irəli sürüldü və mən məhkəmənin üzvü seçildim. Amma burada çox işləmədim. Həmin ilin sonunda namizədliyimi Azərbaycan SSR KP MK-nın inzibati orqanlar şöbəsinə təlimatçı vəzifəsinə irəli sürdülər. Düzü, burada işləməyi heç istəmirdim. Bir neçə dəfə şöbəyə çağırıb söhbət etmişdilər, razılıq verməmişdim. Namizədliyim üzərində ona görə dayanmışdılar ki, cavan kadr olsam da, ailəli idim, iki dili sərbəst bilirdim. Və nəhayət, sonda mənə bildirdilər ki, kommunistsən, partiyanın tapşırığıdır, yerinə yetirməlisən. Beləliklə, məni MK-nın birinci katibinin qəbuluna çağırdılar. Heydər Əliyevin qəbulunda oldum. Görüşdə ümummilli liderimiz partiya işini digər işlərdən fərqləndirən cəhətləri, burada necə işləmək lazım olduğu barədə xeyli məsləhətlərini verdi.
MK-nın təlimatçısı kimi Ədliyyə Nazirliyi, Ali və Arbitraj məhkəmələrinin kuratoru işləyirdim, bütün bu qurumların sənədləri bizim şöbədən keçdiyi üçün onların işləri ilə yaxından tanış idim. Həmin qurumlarda keçirilən iclaslarda MK adından iştirak edirdim. Bir sözlə, partiya işində çalışsam da, məhkəmə sistemindən ayrılmamışdım. Bu minvalla 1987-ci ilədək MK-da çalışdım. Həmin il məni ədliyyə nazirinin 1-ci müavini təyin etdilər və 1992-ci ilədək həmin vəzifəni icra etdim. AXC-Müsavat hakimiyyəti dövründə məni guya başqa işə keçməyimlə əlaqədar nazir müavini vəzifəsindən azad etdilər. Bundan əvvəl isə aralıq hakimiyyət dövründə prezidentin səlahiyyətini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov İlyas İsmayılovu ədliyyə naziri təyin etmişdi. “Cəbhəçi”lər hakimiyyətə gələndən sonra təbii ki, bütün rəhbər vəzifələrdə öz kadrlarını yerləşdirməyə başladılar. Yaranmış vəziyyətdən istifadə edən nazir İlyas İsmayılov da Heydər Əliyevin kadrlarını nazirlikdən təmizləməyə başladı. Əslində, nazirə ərizə ilə müraciət edərək, hər hansı başqa, sıravi bir vəzifədə qalmaq istəyimi bildirsəm də, xeyri olmadı. Bir müddət işsiz qalası oldum. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra yenidən dövlət işində çalışmalı oldum.
-Başqa sözlə, Heydər Əliyev etibar etdiyi kadrların əməyini həmişə yüksək qiymətləndirirdi...
- Sözsüz. Baxın, mənim bayaqdan söylədiklərim sadə bir kəndli qızının dövlətin vəzifə pillələrində necə irəliləməsinin qısa tarixçəsi deyildir. Bu, DAHİ şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan gəncinə, qadınına olan yüksək inamının bariz nümunəsi idi. ümumiyyətlə, Ulu öndər idarəetmədə qadınların rolunu həmişə yüksək qiymətləndirirdi, onları mühüm dövlət orqanlarında rəhbər vəzifələrə irəli çəkir, yüksək etimad göstərirdi. O, yaxşı bilirdi ki, Azərbaycan qadını necə ailəcanlıdır, ailəyə necə sədaqətlidir, insanlara qarşı necə mərhəmətlidir. Dövlət idarəçiliyi də özü-özlüyündə böyük bir ailəyə bənzəyir. Demək rəhbər vəzifədə olan qadınlar öz sədaqətini, ürəyinin istisini dövlətin idarə olunmasından, onun inkişaf edərək daha da böyüməsindən, qüdrətlənməsindən əsirgəməyəcəkdi. Bax, bu idi, Heydər Əliyev idarəçiliyi, Heydər Əliyev məktəbi. ümummilli liderimiz yüksək idarəetmə təcrübəsinə malik böyük bir şəxsiyyət idi. O, çalışdığı hər bir kəsin şəxsi keyfiyyətlərini yaxşı bilirdi. Məhz bu səbəbdən də, Ulu öndər respublikada təkrar hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ilin noyabrında mən yenidən eyni vəzifəyə - ədliyyə nazirinin 1-ci müavini vəzifəsinə təyinat aldım.
Düşünürəm ki, o dövrdə, mən müvəqqəti, qısa müddətə işdən azad olunmasaydım, həyatımda hər şey “yağ” kimi getsəydi, çətinlik görməsəydim, bəlkə də sonra təyinat alacağım rəhbər vəzifələrin öhdəsindən gələ bilməzdim. Yenidən vəzifəyə təyinat alanda mən artıq əvvəlki sakit, utancaq Südabə Həsənova deyildim. Hadisələrə daha ötkəm münasibət bildirən, sərt, hökmlü bir dövlət məmuruna çevrilmişdim.
Əgər xatırlayırsınızsa, həmin dövr gənc, müstəqil respublikamız üçün heç də asan illər deyildi. Bir-birinin ardınca baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, eləcə də, siyasi partiya və qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması kimi məsələlər gənc dövlətimizin qarşısında duran aktual vəzifələrdən idi. Partiyaların qeydiyyatı prosesi heç də asan keçmirdi. Bu zaman kənardan müxtəlif beynəlxalq təşkilatların da təsiri az deyildi. Eyni zamanda, ölkədə dini seksiyaların sayı getdikcə artırdı. Onlar respublikada müxtəlif pozuculuq fəaliyyətləri ilə məşğul olurdular. Hətta iş o yerə çatmışdı ki, “Yahova şahidləri” dini icmasının qeydə alınması məsələsinə Avropa Şurası belə qarışmalı olmuşdu. Sonradan bu icmanın ölkədə hansı pozucu işlərlə məşğul olması hamıya məlum oldu.
1995-ci ilin yanvarında İlyas İsmayılov ədliyyə naziri vəzifəsindən azad olundu. Birinci müavin kimi ədliyyə nazirinin səlahiyyətlərini icra etmək mənə həvalə olundu. Parlament seçkiləri yaxınlaşırdı. İlk dəfə olaraq, seçkilər həm partiya siyahısı üzrə, həm də majoritar qaydada aparılacaqdı. Elə bu səbəbdən də, ölkədə cırtdan partiyaların sayı günü-gündən çoxalırdı. Araşdırmalar zamanı bizim əməkdaşlar bu partiyaların sıralarında çoxdan dünyasını dəyişmiş insanların, südəmər körpə uşaqların, hətta ucqar rayonlardakı hansısa saxta firmada çalışan şəxslərin adlarının olduğunu aşkarlamışdılar. Odur ki, 18 partiyanın qeydiyyatı ləğv olundu. Bu məsələ ölkədə əməlli-başlı səs-küyə səbəb oldu. Müxalifət düşərgəsindən olanlar bu arqumentden istifadə edərək hakimiyyətə qarşı kampaniyalara, əks-təbliğata başladılar. Amma biz mövqeyimizdə qəti idik, partiyaların qeydiyyatı qanunvericiliyə uyğun şəkildə aparılmalı idi və aparıldı da. Parlament seçkilərindən sonra da ölkədə siyasi gərginlik səngimədi. Siyasi partiyalar müxtəlif beynəlxalq təşkilatlara respublikadakı vəziyyətlə bağlı yanlış məlumatlar çatdırırdılar. Onlar da həmin məlumatlardan ölkə rəhbərliyinə qarşı təzyiq metodları kimi istifadə etməyə çalışırdılar. Beynəlxalq təşkilatlara edilən ən çox şikayətlər sözsüz ki, Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı idi. Tez-tez Avropa Şurasından ekspert qrupları gəlir, qanunvericilik bazamızla maraqlanır, islah - əmək müəssisələrinə baxışlar keçirirdilər. Onları əsas maraqlandıran məsələlərdən biri də, guya Azərbaycanda hansısa “siyasi məhbuslar”ın olması, ümumilikdə isə, həbsxanadakı məhbusların saxlanma şəraitlərinin guya ağır olması ilə bağlı idi. Bu proses 1998-ci ilədək davam etdi.
Bir gün iş otağıma telefon zəngi oldu. Telefon xəttində Ulu öndər idi. Dedi: “Südabə xanım, gəlin yanıma”.
Düzü çaşıb qalmışdım. Ha soraqlaşdım, aparatdan öyrənməyə çalışdım ki, nə üçün çağırılıram, bir kimsədən səs çıxmadı. Yolda gələndə fikirləşirdim ki, yəqin yenə də hansısa partiyalardan beynəlxalq təşkilatlara şikayətlər, yanlış məlumatlar ötürülüb. Yol boyu bu narahat düşüncələrlə Ulu öndərin qəbuluna tələsirdim.
ümummilli liderin qəbuluna gələndən sonra anladım ki, çağırılmağımda məqsəd tamam başqa məsələdir. Bundan əvvəl, Prezident aparatında söhbətlər zamanı mənim ədliyyə naziri təyinatım barədə söhbət düşəndə deyirdim ki, elə mənim üçün müavin vəzifəsi də kifayətdir. Kimin nazir olacağının mənim üçün elə böyük əhəmiyyəti yoxdur.
Otağa girəndə Ulu öndər Heydər Əliyev əvvəlcə nə üçün nazir olmaq istəməməyimlə maraqlandı. Dedim ki, cənab Prezident bu iş mənim üçün bir qədər ağır olar. Söylədi ki, onsuz da 3 ildir ki, nazir səlahiyyətlərini icra edirsiniz. Mən sizin işinizdən çox razıyam. Məni təbrik edərək əlimi sıxdı. Dedi ki, mən sizi ədliyyə naziri təyin edirəm. Gedin işinizi bu şəkildə də davam etdirin. Beləliklə, ədliyyə naziri vəzifəsində daha iki il çalışmalı oldum.
2000-ci ildə, Milli Məclisin qərarı ilə Ali Məhkəmənin üzvü seçildim. Ardınca isə Prezidentin Fərmanı ilə Ali Məhkəmənin sədri vəzifəsinə təyin olundum. 2005-ci ilin aprel ayınadək burada çalışdım. Seçki müddətim başa çatdıqdan sonra, elə həmin ildə, Konstitusiya Məhkəməsinə hakim təyin olundum.
- Heydər Əliyevlə birgə çalışdığınız bu illər ərzində Ulu öndərin daha çox hansı keyfiyyətləri, iş üslubu yadınızda qalıb?
- Heydər Əliyev həddən artıq səmimi, mehriban, ədalətli bir insan idi. O, fitri istedada, qibtə olunacaq qədər mükəmməl yaddaşa malik bir ŞƏXSİYYƏT idi.
Burada bir haşiyəyə çıxmaq istəyirəm. Müstəqillik əldə etdikdən sonra dövlətimizin qarşısında duran ən aktual məsələlərdən biri yeni qanunvericilik bazasının yaradılması idi. 1995-ci il mayın 2-də ölkəmizin yeni Konstitusiyasının layihəsini hazırlamaq məqsədilə ümummilli liderimizin sədrliyi ilə komissiya və onun işçi qrupu yaradıldı. Onun bilavasitə iştirakı və rəhbərliyi altında Əsas Qanunumuz olan Konstitusiyanın layihəsi hazırlanıb ümumxalq müzakirəsinə çıxarılaraq 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edildi. Mən Konstitusiya layihəsini hazırlayan komissiyanın və onun işçi qrupunun, hüquqi islahat komissiyasının üzvü kimi keçirilən geniş müzakirələr zamanı Ulu öndərimizin hər kiçik bir məsələni necə zərgər dəqiqliyi ilə ölçüb-biçdiyinin və bütün komissiya üzvlərinin mövqeyini öyrəndikdən sonra öz rəyini bildirərək tövsiyələrini verməsinin daim şahidi olmuşam. Əminliklə deyə bilərəm ki, Konstitusiyanın layihəsi komissiya tərəfindən hazırlansa da, onun baş memarı Heydər Əliyev özü olmuşdur.
Məhz Ulu öndərin təşəbbüsü ilə Konstitusiyanın preambulasında xalqımızın -Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətləri bəyan edilmişdir.
İlk dəfə olaraq, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması, xalqın suverenliyi, vahidliyi, dövlətin əsasları, ərazimizin vahid, toxunulmaz və bölünməzliyi, dövlətin ali məqsədi, mülkiyyətin toxunulmazlığı kimi ümumbəşəri müddəalar öz təsbitini Konstitusiyada tapmışdır. Eləcə də, dövlət hakimiyyətinin bölünməsi prinsipi əks olunmaqla, ilk dəfə olaraq, dövlət hakimiyyətinin 3 müstəqil qolu kimi -anuvericilik, icra və məhkəmə hakimiyyəti elan olunmuşdur.
Mən hesab edirəm ki, Heydər Əliyev kimi ikinci belə bir şəxsiyyət hələ yer üzündə olmayıb. Bəzən məclislərdə, toplantılarda, müxtəlif səviyyəli qeyri-rəsmi görüşlər zamanı, Heydər Əliyevi ABŞ-ın prezidenti Corc Vaşinqtonla, yaxud dünyanın başqa tanınmış dövlət xadimləri ilə müqayisə edirlər. Düzü, bu, mənə çox pis təsir edir. Mən hesab edirəm ki, əksinə, onları Heydər Əliyevlə müqayisə etmək, yanaşı qoymaq lazımdır. Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün göstərdiyi müstəsna xidmətlər o qədər yüksək, o qədər çoxdur ki, onları bir yazıda sadalayıb qurtarmaq mümkün deyildir.
Bəlkə də yuxarıda adlarını çəkdiyim həmin şəxslərin öz xalqları və dövlətləri qarşısında müəyyən xidmətləri olmuşdur ki, onlar tarixi şəxsiyyətə çevrilmişlər, buna şübhə etmirəm. Amma Heydər Əliyev məktəbinin bir yetirməsi kimi, uzun müddət onun idarəçiliyi altında işləmiş bir kadr kimi əminliklə deyə bilərəm ki, Ulu öndər bir İNSAN kimi indiyədək dünyaya gəlib-keçmiş dövlət xadimlərinin hamısından daha üstün, daha humanist idi. Onda müsbət keyfiyyətlər, əsl İNSANİ keyfiyyətlər daha çox idi. Bu təkcə mənim fikrim deyil. Biz qadınlar, vaxtilə ONUNLA bir “komandada” olanlar - dövlət vəzifəsində çalışanlar, hərdən oturub dərdləşirik, o illəri xatırlayıb kövrəlirik. Bir faktı diqqətinizə çatdırım. Rəhbər vəzifədə çalışsam da, hərdən elə olurdu ki, Prezidentin qəbul otağında gözləyərkən həyəcandan dizlərim əsirdi, fikirləşirdim ki, görəsən, Prezident işimlə əlaqədar indi hansı iradlarını söyləyəcək, necə kəskin fikirlər deyəcək. Amma otağına daxil olarkən bütün bu həyəcan əriyib gedirdi. Heydər Əliyev iş otağında elə bir atmosfer yaradırdı ki, bir an öncə fikirləşdiklərini unudurdun. Bu İNSANIN üzündə elə bir NUR var idi ki, elə bilirdin ki, hansısa bir doğmanın-atanın, yaxud qardaşının yanında oturmusan. Bir misal çəkmək istəyirəm. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında böyükdən kiçiyə qədər hər bir Azərbaycan vətəndaşının müəyyən qədər əməyi olub. Amma bir həqiqət də var ki, müstəqilliyə qovuşduqdan sonra dövlətin bütün ağırlığı Ulu öndərimizin çiyinlərinə düşmüşdü. Əgər 1993-cü ildə müstəqil Azərbaycanı böyük qaranlıq bir dəryaya atılan sınıq-salxaq gəmiyə bənzətsək, onun sükanından yalnız Heydər Əliyevin dəmir əlləri yapışdıqdan sonra bu gəmi özünü istiqamətləndirə bildi. Burada təkcə dəmir əl kifayət deyildi. Sadəcə dəmir əl sürətlə hərəkət edən həmin gəmini aparıb hansısa yad sahildə qayalıqlara çırpıb dağıda bilərdi. Burada Heydər Əliyevin dəmir əli ilə yanaşı, Onun ZƏKASI, MüDRİKLİYİ də vardı. 1993-cü ildən sonrakı on ildə Ulu öndərimiz bu sükanı elə saxladı ki, bu gəmini elə idarə etməyi bacardı ki, indi müstəqil Azərbaycan dövləti dünyanın aparıcı ölkələri ilə eyni cərgədədir, özünün inkişaf tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib, dünyanın nüfuzlu beynəlxalq təşkilatları onunla hesablaşır, regionda hər hansı irimiqyaslı iqtisadi layihələri reallaşdırmadan öncə Azərbaycandan razılıq alınır. Bax, bu idi Heydər Əliyevin dövləti idarəetmə bacarığı, lazımi kadrları, lazımi anda dövlətin idarəetmə sükanı qarşısında oturtmaq bacarığı. İndi Ulu öndərimizin əsasını qoyduğu bu yolu, həmin kursu Onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları uğurla davam etdirir. Əminəm ki, bu siyasi kurs nəticəsində, Azərbaycan beynəlxalq arenada hələ daha böyük nailiyyətlər əldə edəcək, daha böyük zirvələr fəth edəcək.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1077 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31