Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ədəbiyyatındakı problemlərə elmi yanaşma

Azərbaycan ədəbiyyatındakı problemlərə elmi yanaşma

12.12.2009 [11:10]

Akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” elmi-tədqiqat məqaləsi günümüzün ədəbi-elmi problemlərindən çıxış yollarını özündə əks etdirir
Klassik Azərbaycan ədəbiyyatı dünyada kifayət qədər məşhurdur. ölkəmizin dünyaya bəxş etdiyi böyük söz ustadlarının yazdıqları əsərlər, hətta üstündən yüzillər ötsə belə öz aktuallığını, gözəlliyini qoruyur. Bütün dünya oxucuları bu gözəl əsərlərin ruhuna, orada təsvir olunan hadisələrin ədəbi dildə yüksək peşəkarlıqla işlənməsinə heyran qalır. Bu səbəbdəndir ki, dünyanın aparıcı beynəlxalq təşkilatlarının xətti ilə Nizami, Nəsimi, Füzuli, Xaqani kimi şairlərimizin, Mirzə Cəlil, Mirzə Fətəli Axundov və digər nasirlərimizin yubileyləri bütün dünyada qeyd edilir, onların ədəbi irsi öyrənilir.
Amma təəssüf ki, müasir Azərbaycan ədəbiyyatı haqqında eyni yüksək fikirləri söyləmək mümkün deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yuxarıda adlarını çəkdiyimiz yaradıcı insanların dövründə yazmaq, yaratmaq üçün heç bir şərait olmayıb. Amma bu gün Azərbaycan hakimiyyəti ədəbiyyatın inkişafına dövlət qayğısı göstərir, ölkədə yaradıcı insanlara böyük imkanlar yaradılıb. Bununla belə, müasir Azərbaycan ədəbiyyatının ortaya qoyduğu məhsul bu qayğıya adekvat deyil.
Bu gün ölkəmizdə ədəbiyyatın inkişafı ilə bağlı yüksək səviyyəli addımlar atılıb. Məsələn, dünya ədəbiyyatı inciləri latın qrafikası ilə dərc edilir, Azərbaycan yazıçılarının kitabları yüksək tirajlarla çap olunur, gənc yazıçı və şairlərə dövlət tərəfindən təqaüdlər ayrılır, onların yeni-yeni əsərlər yaratması üçün dövlət səviyyəsində qayğı göstərilir. Amma nəticə olaraq ortaya nə qoyulur? Müasir Azərbaycan ədəbiyyatının ən böyük problemlərindən sayılan dünya səviyyəli bir əsər yazılırmı?
Bir neçə gün öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” elmi-tədqiqat məqaləsi bu problemlərin üstünə işıq salıb. Tanınmış Azərbaycan ziyalısı, filosof Ramiz Mehdiyevin məqaləsi bu problemlərin varlığını elmi cəhətdən sübuta yetirir. ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan məqalədə Azərbaycanın ictimai və humanitar elmlərinin vəziyyəti əks olunur, eyni zamanda mövcud problemlərin təhlili, bu sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində tövsiyələr və təkliflər qeyd edilir. Məqalədə göstərilir ki, son illərdə Azərbaycan ədəbiyyatında sözün əsl mənasında hadisəyə çevriləcək səviyyədə əsərlər yaranmayıb: “Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır”.
Təbii ki, akademikin fikirləri tam şəkildə həqiqəti əks etdirir. Hazırda Azərbaycanda dərc olunan əsərlərin əksəriyyəti, sadəcə, yazı xatirinə yazılan külliyyatlardan başqa bir şey deyil. Bu gün “Biləcəridən o taya adlaya bilməyən” əsərlərlə dünya ədəbiyyatı ilə ayaqlaşmaq mümkün deyil. Amma illərdir davam edən bu problemin aradan qaldırılması üçün tam şərait mövcuddur. Dövlət yeni əsərlərin yaranması üçün hər zaman öz dəstəyini nümayiş etdirir. Və ya teatrların infrastrukturlarının yenilənməsi üçün nə qədər vəsaitlər xərclənib. Bu gün demək olar ki, Azərbaycanın bütün teatrları təmir olunur, aktyorların, teatr işçilərinin sosial problemlərinin həlli istiqamətində əsaslı dəyişikliklər edilir. Amma yenə də vəziyyətdə dəyişiklik hiss olunmur? Bəlkə, mövzu qıtlığı mövcuddur? Bunu da sanmaq olmaz. O baxımdan ki, 18 ildir müharibə şəraitində yaşayan, 1 milyon qaçqını və məcburi köçkünü olan, 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilən Azərbaycanda mövzu azlığından şikayət etmək olmaz. Bəlkə də ən yaxşı yazıların elə müharibə mövzusunda yazılmasına dair konkret misallar da çəkmək olar. Məsələn, regissor Roman Polanskinin dünyaca məşhur “Pianoçu” bədii filmi 2002-ci ildə Kaan festivalında birinci yerə çıxıb, üç nominasiyada “Oskar” mükafatı alıb. Bu filmi izləyərkən istər-istəməz, ilk növbədə əsərin gücü adamı valeh edir. Axı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş verən hadisələr heç də “Pianoçu” filmindəki epizodlardan az ağrıdıcı deyil. Elə isə nə üçün Azərbaycan ədəbi mühiti Dağlıq Qarabağ müharibəsində baş verənləri dünyaya çatdıra bilmir? Akademik Ramiz Mehdiyevin yazdığı məqalədə məhz Azərbaycan ədəbiyyatının son illərdəki susqunluğuna son qoymaq üçün olduqca yüksək səviyyəli təkliflər və tövsiyələr mövcuddur.
ümumiyyətlə, hörmətli akademikin qələmə aldığı məqalədə elmimizin, ədəbiyyatımızın və bir sıra sahələrin inkişafı ilə bağlı yüksək fikirlər yer alır. Dilçiliklə bağlı qeyd olunan fikirlərə isə xüsusilə toxunmaq lazımdır. Hörmətli akademik öz məqaləsində qeyd edir ki, Azərbaycan xalqının böyük tarixi nailiyyətidir ki, bütün təsirlərə baxmayaraq, biz öz dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya bilmişik: “Azərbaycan dilinin cəmiyyətimizdəki mövqeyi çox güclüdür. Həyata keçirilən irimiqyaslı layihə ədəbi irsimizi kütləvi surətdə latın qrafikası ilə çap etməyə imkan verdi. Bu, mədəni həyatımızda çox böyük hadisədir. Digər tərəfdən, dövlətin dilə və ədəbiyyata olan qayğısının təzahürüdür. Lakin hər bir dilin inkişafı onun kütləvi informasiya vasitələrində, müasir ədəbiyyatda, terminoloji problemlərin həllindəki mövqeyi ilə bağlıdır. Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün canlı danışıq dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin qıtlığı, kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dilin dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, müasir dövr üçün zəruri sanballı tədqiqatları həyata keçirmirlər”.
Həqiqətən də yerində və yüksək peşəkarlıqla vurğulanan məqamlardır. Akademik Ramiz Mehdiyev bir müddət öncə Azərbaycanın teleefir məkanındakı problemlərlə bağlı qələmə aldığı məqaləsində də Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı məsələyə toxunmuşdu. Bu problem öz aktuallığını ədəbi mühitdə də qoruyub saxlayır. Bu gün yüksək zövqə, əxlaqa malik Azərbaycan ədəbi dilinə yamaq vurmaq istəyənlər tapılır. Məsələn, özünü Qərbin bir sıra ədəbi cərəyanlarının (əslində, o cərəyanların ədəbiyyatdan sox siyasi yükü mövcuddur) nümayəndələrinə bənzətmək istəyən, amma bütün mənalarda uğursuzluğa düçar olan bir sıra yazarlar küçə sözlərini ədəbiyyata gətirməklə insanları bir növ kitabdan aralı salıblar. Belələrinin düşüncələrinə görə, ədəbiyyat heç bir çərçivə, müstəvi tanımamalıdır, kim nə düşünürsə onu yaza bilər. Əlbəttə, sadəcə, yaza bilər. Lakin həmin fikirlərin artıq geniş oxucu kütləsinə tirajlanması isə olduqca qorxulu tendensiya yarada bilər. İlk növbədə     bu, Azərbaycan ədəbi dilinin zərifliyini, əxlaqını, təmizliyini təhlükə altına alır. Akademik Ramiz Mehdiyevin qələmə aldığı məqalədə məhz bu cür təhlükələrin qarşısının alınması yolları araşdırılıb, problemlərin elmi tədqiqatı göstərilib.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30