Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verilir

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verilir

29.08.2019 [09:10]

Prezident İlham Əliyev: Etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Müqayisə aparsaq, deyə bilərik ki, müxtəlif rayihəli və rəngli çiçəklər çəmənliyə əsrarəngiz gözəllik bəxş etdiyi kimi, dünyanın siyasi xəritəsində mövcud olan milli dövlətlər, eləcə də tarixdən gələn fərqli ənənələrini yaşadan xalqlar da Yer kürəsini elə cazibədar, bənzərsiz edirlər. Hazırkı şəraitdə qloballaşmanın, inteqrasiya meyillərinin artmasının meydana çıxartdığı əsas çağırışlardan biri də məhz dünyanı yeknəsəkliyə aparan yolun qarşısını kəsməkdən, rəngarəngliyi qoruyub daha da zənginləşdirməkdən və bu zənginlikdən ümumi mənafe naminə istifadə etməkdən ibarətdir. Bu mənada Azərbaycan dövlətinin ilk növbədə milli-mənəvi dəyərlərə, tolerantlığa söykənən nümunəsi və öz nümunəsindən çıxış edərək dünya birliyinə multikulturalizmlə, birgəyaşayışla bağlı zəruri mesajlar ünvanlaması, bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyan bu işə sanballı töhfələr verməsi təqdirəlayiq haldır.
Respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri milli dəyərlər və milli maraqlar üzərində formalaşıb
Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb.
Son 16 ildə ölkəmizdə milli-mənəvi dəyərlərimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilib. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçir. Dövlət başçısı son 16 ildə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir.
Son illərdə ölkəmizdə muğam sənətinin inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi milli-mənəvi dəyərlərimizə verilən önəmin növbəti təzahürüdür. Bu gün qürur hissi ilə deyə bilərik ki, muğam Azərbaycan xalqının milli kimliyini bütün dünyaya təqdim edən son dərəcə zəngin bir mənəvi xəzinədir, bənzərsiz sənət növüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri sayəsində muğamın UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi tarixi hadisədir. Tarixin süzgəcindən keçən, gözəl musiqi ahənginə malik olan muğamlarda xalqımızın yaşam fəlsəfəsi əks olunub. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdəki çıxışında mənəvi dəyərlərimizin qorunmasında ədəbiyyatımızın, musiqimizin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək bildirib: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var”.
Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Fond fəaliyyət göstərdiyi qısa müddətdə paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirib.
İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir
İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Belə ki, bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, bütün İslam dünyasının ən qədim abidələrindən olan Şamaxı Cümə məscidi 743-cü ildə məhz ölkəmizin ərazisində inşa edilib. Bu abidənin inşası bir daha təsdiqləyir ki, Azərbaycan böyük İslam coğrafiyasının qədim və zəngin mədəniyyətə malik olan məkanlarından biridir.
Respublikamızda milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə qayğı siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Son 15 ildə isə respublikamızda dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində keyfiyyətcə yeni mərhələ yüksəlib. Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-yə çatıb, həmçinin ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Son illərdə Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası başa çatdırılıb, Bakıda Hacı Cavad məscidi tikilib, Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri həyata keçirilib. Onu da qeyd edək ki, Cənubi Qafqazda ən böyük məscid Azərbaycanda istifadəyə verilib və Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Bütün bunlar Azərbaycan xalqının İslam dininə möhkəm tellərlə bağlı olduğunu təsdiqləyir. Prezident İlham Əliyev 23 may 2019-cu il tarixində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimindəki nitqində bu amilə xüsusi diqqət çəkib. “Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.
Yeri gəlmişkən, xalqımızın zaman-zaman İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr 2019-cu il iyulun 11-də və 12-də Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda da xüsusi vurğulanıb. Simpoziumda qəbul edilən sənədlərdə bildirilir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynamışdır. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır. Prezident İlham Əliyev “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına ünvanladığı təbrikində vurğulayıb: “Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir”.
Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır
Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır.
Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Tarixdən gələn ənənələrə uyğun olaraq bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda bu amili nəzərə çatdıraraq “Etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir”, - deyə vurğulayıb.
Tarixən belə mədəni-dini müxtəliflik Azərbaycanın gücünə güc qatıb. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, ənənələr bu gün də yaşayır. Ölkəmizdə azad, tamhüquqlu vətəndaşlar kimi yaşayan müxtəlif etnik-dini icmaların nümayəndələri öz mədəniyyətlərini yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin və mədəniyyətinin zənginləşməsinə də töhfələr verirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31