Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

15.10.2019 [10:09]

Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 16 ili tamam olur
Məlumdur ki, son 16 ildə respublikamız bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib, öz müstəqilliyini inamla möhkəmlədib. Bu gün dünyadakı məlum gərginliklər fonunda ölkəmiz sabitlik və inkişaf adası kimi fərqlənir. Bütün bu uğurların təməlində isə xalqımızın yeni əsrdəki yeni Liderinin - İlham Əliyevin qətiyyətli mövqeyi, səyləri, Onun ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə böyük müdriklik göstərərək cənab İlham Əliyevin namizədliyini dəstəklədi və 76,8 faiz səslə Onu özünə yeni Prezident seçdi. Ötən 16 ildə respublikamızın həyatı müsbət reallıqlarla səciyyələnib, ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub. Bütün bunlar Prezident İlham Əliyevin xalqın Ona bəslədiyi ümidləri yüksək səviyyədə doğrultduğunu, müstəqil Azərbaycanın sükanını inamla idarə etdiyini əyani şəkildə təsdiqləyir.
Prezident İlham Əliyev son 16 ildə Ulu Öndər Heydər Əliyevin ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib
Xalqımız müdrik xalqdır, taleyüklü məqamlarda həmişə doğrunu yalnışdan ayırıb və düzgün seçim etməyi bacarıb. Azərbaycan xalqının 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində özünün yeni Liderini siyasi varislik prinsipi əsasında müəyyənləşdirməsi ən doğru seçim idi. Xalq seçkilərdə Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin namizədliyini dəstəkləməklə bütün dünyaya bəyan etdi ki, Ulu Öndərin siyasi irsinə, Onun yaratdığı ideya əsaslarına sadiqdir və ölkənin gələcək inkişafını bu ideyaların təntənəsində görür.
Azərbaycanın dövlət başçısı isə son 16 ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Bu isə Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir. Prezident İlham Əliyev respublikamızda 2018-ci il aprelin 11-də keçirilən seçkilərdən sonra andiçmə mərasimindəki nitqində bir daha qətiyyətlə vurğulayıb ki, Ulu Öndərin qoyduğu yol yeganə düzgün yoldur: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Azərbaycan xalqının Prezident İlham Əliyevə belə yüksək inam bəsləməsi Onun apardığı uğurlu siyasətlə bağlıdır. Son 16 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Öz növbəsində cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir. Xalq-iqtidar həmrəyliyi ölkəmizdə davamlı sabitliyi təmin edir ki, bu da inkişaf üçün əsas şərtlərdən biridir. Son 16 ildə Azərbaycanın iqtisadi baxımdan dünyada ən dinamik inkişaf edən ölkəyə çevrilməsi qürurverici haldır. 2003-cü ildən bəri milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib. Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutur. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 16 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir. Vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz sənayenin qeyri-neft sektorunda, həmçinin kənd təsərrüfatında qeydə alınır.
Ölkəmiz həmçinin dinamik iqtisadi inkişafın məntiqi nəticəsi olaraq özünün yüksək maliyyə dayanıqlığını təmin edib. Bəhs olunan dövrdə ölkəmizin valyuta ehtiyatları artaraq 49 milyard dollara çatıb. Respublikamıza 260 milyard dollardan çox sərmayə qoyulub.
Güclü dayaqlar quran, iqtisadi və maliyyə müstəqilliyini təmin edən respublikamızın özünə inam hissi də artıb. Öz gücünə arxalanan Azərbaycan tam müstəqil siyasət həyata keçirir, milli maraqları qətiyyətlə qoruyur və bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Bu gün heç bir başqa dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla diktat dili ilə danışa bilməz. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın özünün iqtisadi müstəqilliyini təmin etməsini qürur hissi ilə nəzərə çatdırıb: “Biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq”.
Ölkədə dövlət xidmətlərinin əlçatanlığının təmin olunması yüksək vətəndaş məmnunluğu yaradır
Azərbaycan son 16 ildə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində böyük uğurlara imza atıb. Ölkəmizdə dövlət başçısının müvafiq Fərmanı əsasında altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. “ASAN xidmət” vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində müasir çağırışlara yüksək səviyyədə cavab verən istitusional qurumdur. Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Cari ildə respublikamızda ilk “DOST” mərkəzinin fəaliyyətə başlaması dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi istiqamətində atılan növbəti addımdır. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır
Biz yuxarıda müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində geniş iqtisadi və maliyyə imkanlarına malik güclü dövlətə çevrildiyi barədə söhbət açdıq. Azərbaycanı nümunəvi dövlət kimi fərqləndirən modelin ən səciyyəvi cəhətlərindən biri isə ondan ibarətdir ki, respublikamızın iqtisadi imkanları artdıqca vətəndaşların rifah halının yaxşılaşdırılmasına daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir”, - deyən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında bu xüsusda fikirlərini bir daha nəzərə çatdıran dövlət başçımız “Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”, - deyə vurğulayıb.
Xarakterik haldır ki, respublikamızda bilavasitə insanların rifahının yaxşılaşmasına hesablanan islahatlar davamlı səciyyə daşıyır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin birinci yarısında iki böyük sosial islahat paketi təsdiqləyib. Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Yeni mərhələdə uğurla reallaşdırılan sosial islahatların əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmizdə 4 milyondan çox insan bu islahatlardan bəhrələnmək imkanı qazanıb.
Beləliklə, qeyd olunan və sadalanmayan çoxsaylı nailiyyətlər Azərbaycan xalqının 16 il əvvəl qəbul etdiyi qərarın nə qədər doğru olduğunu və seçimində yanılmadığını bir daha sübuta yetirir. Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanaraq gələcəyə daha inamlı və etibarlı şəkildə addımlayır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31