Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
07.08.2020 [09:06]
İclasda millət vəkilləri 6 qanun layihəsini ikinci oxunuşda qəbul ediblər
Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. İclası açan parlamentin Sədri Sahibə Qafarova gündəlik haqqında məlumat verib. Spiker bildirib ki, gündəliyə 6 məsələnin ikinci oxunuşda müzakirəsi daxil edilib və ilk 3 məsələ - büdcə sisteminə daxil olan sənədlərdə dəyişikliklərin edilməsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk məsələ - “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi ikinci oxunuşda təqdim edərək qeyd edib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb.
Tahir Mirkişili bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Daha sonra müzakirələr başlayıb. Çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün biz hibrid müharibəsi ilə üz-üzəyik: “Bu, müxtəlif müstəvilərdə davam edir. Onlardan biri də COVID-19 infeksiyasına qarşı apardığımız müharibədir. Bir məsələnin fərqində olmalıyıq ki, bu gün büdcə müzakirələrini zəruri edən və şərtləndirən də məhz pandemiyanın yaratdığı iqtisadi, sosial və maliyyə gerçəklikləridir. Ona görə də düşünürəm ki, bu məsələləri nəzərə almadan biz nə büdcəyə təklif edilən yeni dəyişikləri düzgün qiymətləndirə, nə də öz fikirlərimizi səsləndirərkən daha obyektiv ola bilərik”.
Hikmət Babaoğlu bildirib ki, bu gün karantin rejiminin yumşaldılmasını istəyənlər sabah karantin rejimi yumşaldılanda hökuməti bu qərarın verilməsinə görə ittiham edəcəklər: “Çünki virusun yayılması yenə artacaq. Eləcə də bu gün iqtisadi fəallığın məhdudlaşdırılmasının əleyhinə olan vətəndaşlarımız sabah bu məhdudiyyətlər götürüləndə yenə də tənqidi mövqedən çıxış edəcəklər. Əsas məsələlələrdən biri odur ki, pandemiya şəraitində kiçik və orta sahibkarlara dövlət tərəfindən dəstək göstərilir. Bu dəstəyi “korrupsiya mənbəyi” kimi təqdim edənlər sabah bu yardım dayandırılanda yenə hökuməti sahibkarlara sahib çıxmamaqda ittiham edəcəklər. Həmçinin iyulun 14-dən 15-ə keçən gecə insanların dövlətimizə, ordumuza dəstək aksiyasını, həmrəylik nümayiş etdirməsini “yaşamaq uğrunda mübarizə” kimi sosial kontekstdə qiymətləndirənlər sabah ictimai məsuliyyətdən yayınmağa çalışacaq, bu fikirlərinin ictimai məsuliyyətini daşıya bilməyəcəklər”.
Millət vəkili qeyd edib ki, pandemiyaya qarşı mübarizədə dünya təcrübəsi, o cümlədən Azərbaycan təcrübəsi var. Onun sözlərinə görə, biz artıq müəyyən yol keçmişik: “May ayında yumşalmalara getdik. Amma bundan sonra 150-180 civarında olan yoluxma sayı 700-ə yaxınlaşdı. Ona görə də mən düşünürəm ki, müqayisəli təhlil aparıb obyektiv gerçəkliyi qiymətləndirmək lazımdır. Əks təqdirdə, bu cür mövqelər spekulyativ mövqelər kimi qəbul oluna bilər. Bəzən biz eşidirik ki, koronavirusla yaşamağı öyrənməliyik. Amma nəzərə almalıyıq ki, bu birgəyaşayış şərtlərini diktə edən tərəf biz deyilik. Doğurdan da, birgəyaşayış kontekstində iqtisadi fəallığı artırmaq istəyiriksə, nümunə gətirilən ölkələrdəki sosial davranışları da nümunə göstərməliyik. Skandinaviya ölkələrində, şimali Avropanın bəzi ölkələrində, doğrudan da, birgəyaşayış qaydaları əks tərəfin, yəni virusun diktə etdiyi formada təmin olunub. Bunun üç forması var: Tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara riayət olunması. Amma biz özümüz bu qaydalara nə dərəcədə riayət edə bilirik? Birgəyaşayışa hazırıqmı? Həyat tərzimizi dəyişə bilirikmi? Əvvəlcə bu məsələləri təhlil edib sonra fikirlərimizi söyləsək, yaxşı olar. Necə olur ki, ÜST baş direktoru deyəndə ki, virusa qarşı peyvəndin tapılıb-tapılmayacağını bilmir, bu, heç kimdə qorxu yaratmır. Amma Azərbaycanda bu cür fikirləri səsləndirəndə xəyali personaj kimi insanlara qorxu gəlir? Bu, xəyali personaj məhsulu deyil. COVID-19 real bir pandemiyadır və insanların həyatına son qoyur”.
2020-ci ilin dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklərin yerində olduğunu soyləyən deputat deyib ki, hökumətin, Operativ Qərargahın aldığı qərarlar doğrudur.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov isə çıxışında bildirib ki, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, Naxçıvanın blokada şəraitində yaşaması, işğalçı Ermənistanla sərhəddə olması onun təhlükəsizliyinin daha da artırılmasını zəruri edir. Bütün bunları nəzərə alaraq muxtar respublika üçün büdcədən daha çox vəsait ayrılmalıdır.
Müzakirələrdə həmçinin komitə sədri Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Bəhruz Məhərrəmov, Vahid Əhmədov, Erkin Qədirli, Vüqar Bayramov, Rauf Əliyev, Fəzail Ağamalı, Etibar Əliyev, Aydın Mirzəzadə, Əziz Ələkbərov, Arzu Nağıyev, Səttar Möhbalıyev 2020-ci il büdcə layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar, pandemiyanın yaratdığı iqtisadi gerçəkliklər, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər, təhsil haqları ilə bağlı büdcə vəsaitinin artırılması, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən ölkənin bəzi bölgələrində su qıtlığı problemlərinin həlli ilə bağlı həyata keçirilən layihələr barədə danışıblar.
Komitə sədri Tahir Mirkişili və Maliyyə nazirinin müavini Azər Bayramov deputatları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair məlumat verib. 2020-ci ilin birinci yarımilliyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlardan Tahir Kərimli, Vahid Əhmədov, Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Aqil Abbas sənədlə bağlı bəzi məqamlara toxunub, təkliflərini bildiriblər.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deputatları maraqlandıran suallara ətraflı cavablar veriblər.
Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanuna təklif olunan dəyişikliklər də ikinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı fikirlərini bildirən Tahir Mirkişili qeyd edib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif edilir. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra komitə sədri Musa Quliyev “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda şərh edib. Komitə sədri sənədin parlamentdə birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin əksəriyyətinin nəzərə alındığını bildirib. Qeyd edilib ki, təkliflər əsasən texniki və stilistik xarakterli olub.
“Hüquq-mühafizə orqanlarında və güc strukturlarında hərbi rütbə daşıyan şəxslərlə bağlı məlumatların yerləşdirilməsi “Dövlət sirri haqqında” və “Əməliyyat-axtarış tədbirləri haqqında” qanuna müvafiq olmalıdır”. Bunu Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli çıxışı zamanı deyib. O bildirib ki, belə bir müddəa 4-cü maddədə işçi qaydasında təklif olunmuşdu: “Bəlkə bunun başqa formasını tapmısınız? Bununla bağlı məsələyə aydınlıq gətirərdiz”.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, hansı hissədə məlumatlar tam məxfidirsə, bu məlumatlar tam məxfi şəkildə gəlir: “Qanunun hazırki mətninin 4.4.7-ci bəndinə əsasən, xüsusi rütbəli qurumların əməkdaşları ilə bağlı kağız daşıyıcılarla nazirliyə məlumatlar verilməlidir. Bu xüsusi adamların müəyyən olunmasını tələb edir. Bu məlumatlar dövri olaraq dəyişir. Bunun kağız üzərindən həyata keçirilməsi mümkün görünmür. Qanunda ona görə də “Dövlət sirri haqqında” qanuna və digər qanunlara istinad verilib. Həmin xüsusi rütbəli qurumlar öz işçiləri ilə bağlı məlumatları tam elektron şəkildə göndərirlər. Bütün tələblər qorunur. Bütün məlumatlar təhlükəsizlik qaydalarına uyğun olaraq elektron kanallar üzərindən həyata keçirilir. Eyni qaydanı yeni təklif etdiyimiz müddəalarda da nəzərə alırıq. Həmin məlumatlarda “Dövlət sirri haqqında” qanunun tələblərinin qorunması nazirlik tərəfindən təmin olunur”.
Qanun layihəsi ilə bağlı həmçinin komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Razi Nurullayev və Sabir Rüstəmxanlı yeni təkliflərini səsləndiriblər.
Sonra “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklər (ikinci oxunuş) barədə məlumat verən Musa Quliyev deyib ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.
Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Musa Quliyev qeyd edib ki, sənədin komitədə və Milli Məclisdə müzakirələri zamanı deputatlar və mütəxəssislər tərəfindən təklif olunan vacib məqamlar nəzərə alınıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, Milli Məclisin dünən keçirilən iclasında sənədlə bağlı geniş məlumat verilib və deputatlar tərəfindən heç bir təklif qeydə alınmayıb. Əli Hüseynli Məcəllənin müvafiq maddəsindən çıxarılmış “yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini diqqətə çatdırıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasın sonunda spiker Sahibə Qafarova bildirib ki, avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

