Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şuşa Bəyannaməsi - ortaq siyasi iradə və birgə strateji fəaliyyət

Şuşa Bəyannaməsi - ortaq siyasi iradə və birgə strateji fəaliyyət

15.02.2022 [10:03]

Bakı ilə Ankara yeni regional təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır

N.QƏLƏNDƏRLİ

Postmüharibə dövründə bölgədə sabitliyin qorunması - regional təhlükəsizliyin təmin olunması və əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzindədir. Qalib Azərbaycan öz müttəfiqləri ilə birlikdə bu istiqamətdə mühüm addımlar atır - zəruri təşəbbüslər irəli sürür, strateji fəaliyyət nümayiş etdirir. Bu səpkidə ötən il “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasını xüsusi vurğulamaq lazımdır. Bəyannamənin bu il - “Şuşa İli”ndə hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənməsi müstəsna siyasi-strateji, mənəvi və tarixi əhəmiyyətə malikdir. Artıq dövlət başçıları da bu istiqamətdə müvafiq addımlar atıblar. Prezident İlham Əliyev fevralın 12-də Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı Fərman imzalayıb.

Ekspertlər bu addımın hazırkı geostrateji şərtlər və regional siyasi situasiya fonunda mühüm əhəmiyyətə malik olduğunu qeyd edirlər. Vurğulanır ki, Şuşa Bəyannaməsinin təsdiq edilməsi hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə töhfədir.

Şübhəsiz ki, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Ən mühüm məqam isə Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq,  təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır.

Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına  hesablanıb.

Bütövlükdə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin qətiyyətlə yerinə yetirilməsi hər iki ölkənin milli gücünün artırılması, regional təhlükəsizliyin təmin olunması və çoxşaxəli əməkdaşlığın inkişafı baxımından strateji önəm daşıyır.

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31