Rusiya Avropa bazarını itirir
01.06.2022 [10:36]
ABŞ və digər ölkələr “qoca qitə”ni mayeləşdirilmiş qazla təmin edə biləcək?
Taleh AĞAVERDİYEV
Ukraynada müharibə başlayandan sonra anti-Rusiya sanksiyaları tətbiq olunanda Avropa ölkələri rəhbərliyinin qarşısında duran əsas problemlərdən biri Rusiya qazı olub. Rusiya qaz təchizatının mümkün dayandırılması Avropa siyasətçiləri üçün bir kabus idi. Onlar məcbur olub etiraf edirdilər ki, Avropanın Rusiya qazından asılılığı həddən artıq böyükdür və yaxın gələcəkdə ondan imtina etmək mümkün deyil. Məhz buna görə də, hər bir yeni sanksiyalar paketi müzakirə edilərkən, Rusiyanın enerji daşıyıcıları bir növ qırmızı xətt idi ki, Avropa keçməyə hazır deyildi.
Rusiya da öz növbəsində bu məsələdə üstünlüyünü anlayaraq Qərbin tezliklə sanksiyaları yumşaldaraq geri çəkiləcəyinə əmin idi. Təəccüblü deyil, çünki Avropaya qaz idxalının 40 faizi (155 milyard kubmetrə qədər) Rusiyanın payına düşür. Ancaq aylar keçdikcə aydın olur ki, enerji daşıyıcıları artıq Rusiyanın əlində Avropa siyasətçilərini qorxudan nəhəng silah deyil. Belə ki, aprelin 1-dən Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya könüllü olaraq Rusiya qazı ilə vidalaşdı. Rusiyanın Bolqarıstan, Polşa və Finlandiyaya qaz tədarükünü dayandırması da çaxnaşma yaratmadı. Bu ölkələrin rəhbərliyi Rusiya qazının itkisini alternativ mənbələrdən kompensasiya edə biləcəklərinə əminliyini ifadə edib. Bundan başqa, Bolqarıstan hökuməti “Qazprom”la müqavilələrdə Rusiya qazının ölkə ərazisindən keçən “Türk axını” qaz kəməri ilə Serbiya və Macarıstana tranzitini dayandırmağa imkan verəcək boşluqlar axtarır. Onu da xatırladaq ki, mayın 18-də Avropa Komissiyası REPowerEU adlı Rusiya qazı və neftindən mərhələli şəkildə imtina planını təqdim edib.
Avropa ölkələrinə Rusiya qazından tədricən imtina etmək cəsarətini verən səbəblərdən biri ABŞ-ın Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün genişləndirilməsi olub. 2021-ci ildə ABŞ Avropaya təxminən 22 milyard kubmetr LNG tədarük etməyə razılaşıb. Bu il Aİ Birləşmiş Ştatlardan əlavə 15 milyard kubmetr LNG almağa ümid edir ki, bu da ildə Aİ-yə daxil olan Rusiya qazının həcminin 10%-nə bərabərdir. Paralel olaraq, ABŞ təbii qaz tədarükünü artırmaq üçün dünyanın əsas yanacaq istehsalçıları ilə danışıqlar aparır. Avropa Komissiyasının sözçüsü Erik Mamerin sözlərinə görə, Avropa gələn ilə qədər Rusiya qazından asılılığın azaldılması üçün daha bir addımın atılacağını və Aİ-yə əlavə LNG tədarükünün həcminin daha 35 milyard kubmetr artacağını gözləyir.
Belə ki, məsələn, əvvəlcə Rusiyaya qarşı sərt sanksiyalara qarşı çıxan və Ukraynaya hərbi yardımın göstərilməsinə mane olan ölkələrdən biri də Almaniya idi. Almaniya hər il təxminən 100 milyard kubmetr təbii qaz istehlak edir. Bu həcmin təxminən 55%-i Rusiyadan gəlir. Bununla belə, Almaniya İqtisadiyyat Nazirliyinin son məlumatlarına görə, Almaniyanın Rusiya qazından asılılığı son aylarda 55 faizdən 35 faizə düşüb. Almaniya ümid edir ki, 2024-cü ilin yayına qədər bu asılılıq tədricən 10 faizə enəcək. ABŞ və digər ölkələrdən LNG isə bunda mühüm rol oynayır. Mayın 25-də ABŞ-ın Sempra Energy şirkəti Rusiya qazından mərhələli şəkildə imtina etməyə çalışan Almaniyanın ən böyük elektrik enerjisi istehsalçısı RWE AG-yə ildə təxminən 2,25 milyon ton LNG satacağını bildirib. Bundan əvvəl, mayın 20-də Almaniya və Qətər enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsinə dair saziş imzalayıblar. Bu əməkdaşlığa Almaniyaya təkcə LNG-nin tədarükü deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılması üzrə tədbirlər daxildir. Almaniya Qətər kimi tədarükçülərdən qaz almaq üçün iki LNG terminalı tikməyi planlaşdırır. Konsaltinq şirkəti olan Qatar Energy and Environment Holding-in baş direktoru Əl-Cəzirə telekanalına bildirib ki, Qətər 2024-cü ildə Almaniyanın ümumi qaz istehlakının 20-25%-ni təmin edə biləcək.
ABŞ həm də Finlandiya və Estoniyanın Rusiya qazından asılılığından qurtulmağa kömək edəcək. Mayın 20-də ABŞ-ın Excelerate Energy şirkəti mayeləşdirilmiş təbii qaz saxlama gəmisini Finlandiyaya köçürmək üçün Gasgrid Finland OyExcelerate Energy ilə 10 illik müqavilə imzalayıb. Finlandiya və Estoniyanın payına ildə təxminən 3 milyard kubmetr qaz düşür və bir tanker ildə 5 milyard kubmetr qaz verə bilər.
Lakin ABŞ digər böyük LNG təchizatçıları - Avstraliya və Qətərlə birləşərək Avropaya LNG tədarükünü artırsa belə, bu, problemi tam həll etməyəcək. Məsələn, Qətərin demək olar ki, bütün LNG-si (95%-ə qədər) Asiya ölkələrinə uzunmüddətli müqavilələr əsasında verilir. İxrac həcmlərinin bir hissəsinin Avropaya yönləndirilməsi üçün bu müqavilələrə düzəlişlər edilə bilər, lakin Qətər qazının Asiyalı alıcıları, ilk növbədə, Çin və Yaponiya kompensasiya tələb edəcək. Bazar iştirakçıları hesab edirlər ki, Qətər qazının 10%-dən az hissəsi Avropaya göndərilə bilər. Ötən il dünyanın aparıcı LNG ixracatçısı olmuş Avstraliyanın da əhəmiyyətli dərəcədə sərbəst həcmi yoxdur. Çinin LNG idxalının 40%-dən çoxu ölkənin payına düşür. Buna görə də Bayden administrasiyası ən böyük LNG idxalçılarına da uzunmüddətli müqavilələr əsasında tədarük edilən LNG həcmlərinin bir hissəsindən imtina etmək təklifi ilə müraciət edib ki, onları Avropaya yönləndirsin. Amma hələ heç bir ölkə Ağ Evin təklifi ilə razılaşmayıb. Bundan əlavə, bəzi Avropa ölkələrinin dənizə çıxışı və müvafiq infrastrukturu, LNG-nin qəbulu üçün reqazifikasiya terminalları yoxdur. Həmçinin ekoloqların fikrincə, LNG tədarükünün artması iqlim dəyişikliyinin mənfi nəticələrinə səbəb ola bilər.
Bununla belə, Avropanın Rusiya qazından imtinası getdikcə real cizgilər almağa başlayır. İlkin mərhələdə böyük itkilərlə olsa da, yaxın illərdə avropalılar Rusiya qazından asılılığını tamamilə aradan qaldırmasalar belə, minimuma endirə biləcəklər. Amma bunun Rusiyaya necə təsir edəcəyi başqa məsələdir. Neft-qaz sektoru Rusiyaya büdcə gəlirlərinin yarısını gətirir və ixracın yarıdan çoxunu təşkil edir. Qazın 70%-ni, neft və neft məhsullarının 60%-ni ölkə məhz Avropaya satır. Analitiklərin proqnozlarına görə, bu ilin sonuna kimi Rusiya Avropaya qaz ixracının üçdə birini itirə bilər (Polşa, Bolqarıstan və Finlandiyaya qaz tədarükü - təxminən 14,5 milyard - artıq ixracın 9 faizindən çoxunu təşkil edir). Asiya bazarının artıq öz təchizatçıları var, onlarla rəqabət aparmaq çətin olacaq, üstəlik bu, bəzi ölkələrlə münasibətlərin kəskinləşməsinə səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

