Kamal Abdulla və jurnalistika, yaxud dördüncü qütbə baxış
16.02.2011 [16:02]
Bələdçimiz oxuduqlarımız, eşitdiklərimiz, bildiklərimiz, qələmə aldıqları və barəsində yazılanlardır. “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasına daxil olan “Kamal Abdullayev” biblioqrafik nəşri də yaddaşımızın yardımçısıdır. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə çap edilən 135 səhifəlik məlumat toplusu ilə tanışlıq yekunda bir suala məntiqi cavabını gözləyir. 215 məqalə, tezis, esse, ön söz, rəy, elmi söhbətin, onlarca şeirin, hekayənin, pyesin, romanın, xarici dillərdən tərcümənin qələmə alınması üçün insan ömrünün yaradıcılığa sərf etdiyi 37 ilinin nə qədərini yazı masası arxasında keçirməlidir? Arifə, yaradıcılığın məziyyətlərinə bələd olanlara bunun şərhinə, izahına nə ehtiyac. Olub ki, özüm də hansısa mövzunu, süjeti, uğurlu fikri, ifadəni tapmaq üçün bəzən günlərlə axtarış aparmaq zorunda qalmışam.
“Azərbaycan alimi, yazıçısı, ictimai xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü...” - vaxt, zaman, zəka, təfəkkür, əqli və zehni zəhmət sərfi baxımından hesablamalarımızı da vurğuladıqlarımızın üstünə gəlsək heyrət və qürur dolu bir mənzərəyə şahidlik edərik. Zəngin palitranın hər guşəsi elə əsrarəngizdir ki, baş vurmaq asan, uzaqlaşmaq çətindir. Bizim isə məqsədimiz yuxarıdakı sualı cavablandırmaq olduğundan istiqamətdən yayınmaq niyyətimiz yoxdur. Hərçənd yekun fikri əvvəldən söyləməzlər. Qaydanı pozaraq demək istəyirəm ki, bütün dövrlərdə milli mətbuatın formalaşmasına, təşəkkülünə, inkişafına K.Abdulla kimi intellektə malik insanlar müstəsna xidmətlər göstəriblər. Mətbuat da borclu qalmayıb. Onun keyfiyyətlərinə ictimai baxışları yönəldən əvəzsiz vasitə, tribuna olub. Belə desək, hər iki tərəfin əvəzsiz qazancı var. Bu gün ölkənin bütün dəyərli media vasitələri K.Abdulla imzasını səhifələrində görməkdən məmnunluq duyur. Onun televiziya və radio kanallarındakı müəllif proqramları elektron kütləvi informasiya vasitələrinin reytinqini yüksəldir. Mövzu, şərh, təhlillər tamaşaçını tutdusa iki daş arasında olsa belə özünü ekran qarşısına çatdıracaq. Kamal müəllimin AzTV-də “Niyə belə deyirik” adlı müəllif proqramını xatırlayaq. Qayğıların çoxluğuna baxmayaraq hamısını izləmişəm. Dilçi alimin söhbətləri həm də “niyə belə demirik, yazırıq, yazmalıyıq”a da aydınlıq gətirir.
Biblioqrafiya tərtibçiləri Kamal müəllimin elmi maraq dairəsini üç qütbə - dilşünaslığa, ədəbiyyatşünaslığa, türkologiyaya ayırırlar. Bəs jurnalistika? üçlüyün mütəmadi yararlandığı bu sahəni elmi maraq dairəsindən nə dərəcədə kənarda təsəvvür etmək mümkündür? Doğrudur, Kamal Abdulla ilk növbədə pedaqoqdur, ən başlıca auditoriyası rektoru olduğu Bakı Slavyan Universitetidir. Aparacağımız paralellər müəllimliklə müdrikliyin vəhdətindən xəbər verir. Rektor tarixi meyilləri, faktorları nəzərə alaraq burada türkologiya fakültəsinin yaradılmasına nail olub. Universitetin auditoriyalarında, tədbirlərində ünsiyyət vasitəsi Azərbaycan dilidir. Ali məktəbdə jurnalistika fakültəsi mövcuddur. Məram aydındır. Azərbaycanı, dövlətimizi türk və slavyan dilli ölkələrdə təmsil edə biləcək jurnalistlərin yetişdirilməsi müasir dövrün tələbidir.
Kamal müəllimin auditoriyası xeyli genişdir. Onun elmi, bədii, publisistik nümunələrinə maraq göstərənlərin sırasında jurnalistlərimiz kəmiyyət və keyfiyyətcə üstünlüyə malikdirlər desəm, yanılmaram. Bu qütb digərindən həm də daha aktivliyi ilə fərqlənir. Qarşı tərəfi söhbətə tutur, müsahibələr alır. Onun “Yarımçıq əlyazma” romanı Bakıda nəşr edilib, Fransada, Türkiyədə, Rusiyada, Braziliyada, Polşada xarici dillərdə işıq üzü gördükdən sonra jurnalistlərimiz xoş müjdələri çatdırmaqla kifayətlənməyiblər. Əsərin məzmunu, peşəkarlıq xüsusiyyətləri barədə əksər yazıların müəllifləri olublar. Mən də hisslərimi mətbuatda qısa və konkret şəkildə təqdim etmişəm. ötən il qəzet və jurnallar onun barəsində 67 material verib. Kiçik rəqəm deyil. Düşünmək olar ki, yubileyinin də təsiri var. Elə isə digər illərə nəzər salaq. Qələm sahibləri mətbu vasitələrdə 2006-cı ildə 67, 2007-ci ildə 51 dəfə “Kamal Abdulla” mövzusuna müraciət ediblər. Onda ki, yubileydən söhbət getmirdi. Fərəhlə deyə bilərik ki, bu gün ictimai mühitimizdə K.Abdulla-media, media-K.Abdulla körpüsü var. Hər iki tərəf səmimiyyət vasitəsini mütəmadi adlayır, ünsiyyət yaradır. Cəmiyyəti düşündürən, ona xoş ovqat bəxş edən yaradıcılıq nümunələri də beləcə yaranır.
Kamal müəllim Azərbaycan Mətbuat Şurası təsis olunduğu gündən cinahdaşımızdır. ölkə jurnalistləri onu üç dəfə MŞ-nin İdarə Heyətinə üzv seçiblər. Şuranın istər təşkilatlanmadan keyfiyyət dəyişikliklərinə, istərsə də indiki imicinin formalaşmasınadək dövrlərdəki fəaliyyətinə qədər keçdiyimiz yolun bütün mərhələlərində xeyirxah insan, yaxın dost kimi bizimlə birgə enişli-yoxuşlu, imtahanlı uzun məsafəni qət etməkdədir. İdarə Heyətinin iclaslarının birində söz-sözü çəkib dilçi-alimlərin reytinqi üzərinə gəldi. Sual dolu nəzərlər İH üzvü, tanınmış mütəxəssis, filologiya elmləri doktoru, professor Nizami Cəfərova dikildi. Əvvəl Ağamusa Axundovun adını çəkdi, ikinci yerin şəksiz sahibinin Kamal Abdulla olduğunu dedi... Söz yox ki, K.Abdullanın 37 illik yaradıcılığı bütövlükdə zəngin mənəvi xəzinələrimizdəndir. Lakin şəxsi keyfiyyətlər fonundakı dəyərlərsiz bu o qədər də cazibədar görünməzdi. çətin günlərin dostu, həssas, qayğıkeş insan kimi tanınan Kamal müəllimə ictimai diqqəti yönəldən məhz bir-birini tamamlayan cəhətləridir. Mətbuat Şurasının irəli sürdüyü elə təşəbbüs olmayıb ki, hərtərəfli dəstəyini təklif etməsin. Bəzilərinin isə bütövlükdə ağırlığını öz üzərinə götürüb.
Hər hansı kütləvi informasiya vasitəsinin dilinin monitorinqinin aparılması heç də adi iş deyil, geniş anlayışdır. Qeydləri, tənqidləri səmimiyyətlə də qarşılayan olur, ayranına turş deyilməsinə etirazını bildirənlər də. Şurada yeddi ildir belə monitorinqlər aparılır. Başlanğıcı, təməli Kamal müəllimə məxsusdur. MS-nin 2006-cı ildə keçirdiyi “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda birinci ümumrespublika konfransı mediamız və ictimaiyyət üçün yenilik idi. Tədbirə Bakı Slavyan Universiteti ev sahibliyi etdi. Kamal Abdullanın dəyərli tövsiyələri uğurumuza təsirsiz ötüşmədi.
Müasir jurnalistikamız necə olmalıdır, nələrə üstünlük verilməlidir - bütün bunlar Mətbuat Şurasında aparılan diskussiyaların önəmli mövzularındandır. Media təmsilçilərinin təhsili, Jurnalist Peşəkarlığı İnstitutunun yaradılması ətrafında gedən müzakirələrdə onun təklifləri daim maraq doğurur. Bunu nəzərə alaraq MŞ-nin Təhsil Komissiyasına rəhbərlik etmək Kamal müəllimə həvalə olunub. Məsələ ilə bağlı xarici ekspertlərin rəylərinin öyrənilməsi üçün BSU-da ötən ilin dekabrında beynəlxalq konfrans keçirilib. Universitetdə jurnalist kadrlarının hazırlanmasına digər ali məktəblərə nisbətən gec başlanılsa da, orijinal yol seçilib. Buranın məzunları türkdilli və slavyandilli ölkələrdə jurnalist kimi işləmək üçün yetişdirilir. Dillə jurnalistikanın sintezi diqqət mərkəzindədir. 2010-cu ilin axırlarında Türkiyə səfirliyində media ilə bağlı keçirilən tədbirə həmin gənclərin bir qrupu da dəvətli idi. Tələbələrin müşahidəçi kimi qalmamaları, tanınmış media mütəxəssislərinə orijinal suallar ünvanlamaları, qısa vaxt tələb edən sorğuda çeviklik və dolğun cavablarla fərqlənmələri qarşıya qoyulan məramın uğuruna inam oyadırdı.
Kamal Abdulla şəxsiyyətini səciyyələndirən cəhətlərdən söhbət düşəndə Bakı Dövlət Universitetinin filologiya fakültəsi xüsusi diqqət çəkir. Mənə orada cəmi bir neçə il təhsil almaq xoşbəxtliyi nəsib olub. Sonra Moskva Dövlət Universitetinə köçürülmüşəm. O illərdə sanki sehrli, ecazkar bir aləmdə idim. Ora fakültədən çox bütövlükdə bir institutun işini görən elmi müəssisəyə bənzəyirdi. Halbuki K.Abdulladan fərqli olaraq mənə Mir Cəlal, Əkbər Ağayev, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Məmməd Cəfər və başqaları kimi görkəmli alimlərin bir qisminin mühazirələrini dinləmək xoşbəxtliyi nəsib olmamışdı. O, müəllimlərinə və tələbə yoldaşlarına özünü sevdirə bilmişdi. 37 ildir ki, xarakterində belə ünsiyyəti hifz edib.
Məlumat toplusunda K.Abdullanın ilk məqaləsinin beşinci kursda universitetin elmi əsərlərinin “Dil və ədəbiyyat” seriyasında nəşr olunduğu göstərilir. Tələbəlik yoldaşları isə yalnız birinin qeyd edilməsini təvazökarlıq əlaməti sayırlar. Tələbə filoloqun respublika mətbuatında müxtəlif mövzularda yazılarını oxuduqlarını xatırlayırlar. Bunlar isə ağac bar gətirəndə misalına hörmətlə yanaşmağından xəbər verir.
Bəli, Kamal Abdulla barı artdıqca təmkinini saxlayan barlı ağaclarımızdandır. Bu bardan bütün cəmiyyət faydalanır, o cümlədən, media təmsilçilərimiz də.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

