Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni yalanları ifşa olunur...

Erməni yalanları ifşa olunur...

17.06.2023 [10:20]

Ermənistanın dövlət gerbinin təsviri oğurluqdur

Müstəqil dövləti xarakterizə edən bir sıra mühüm amillər mövcudur. Dövlət bayrağı, dövlət himni və dövlət gerbi bu rəmzlərin ən mühümləridir. Bu rəmzlər müstəqillik nişanələri olmaqla yanaşı, həmin dövlətin tarixini, irsini, qədimliyini və ənənəsini, hədəflərini, eyni zamanda, keçdiyi yolun elementlərini özündə tərənnüm edir. Azərbaycanın dövlət himni, dövlət bayrağı, dövlət gerbi buna ən real və layiqli misaldır - bayrağımızın rəngələri bizim ideologi əsaslarımızı göstərir, gerbimiz ölkəmizin xüsusiyyətlərini özündə əks etdirir. Bu fikirləri Ermənistan üçün də demək olarmı?

Bayrağı oğurluq olan Ermənistanın gerbi də bu ölkə ilə bağlı reallıqları əks etdirmir. Daha doğrusu, Ermənistanın 1991-ci ildə qəbul edilən gerbinin müasir Ermənistan ilə yaxından-uzaqdan əlaqəsi belə yoxdur. Bunu Ermənistanın siyasi rəhbərliyi də təsdiqləyir...

İrəvanda gerb qalmaqalı - yalançı tarixdən oğurluq simvollara qədər...

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bu məsələyə toxunub. Bir müddət əvvəl ölkəsini “kupçasız dövlət” adlandıran erməni baş nazir bu dəfə ölkəsinin gerbiylə bağlı həqiqətləri dilə gətirib. O bildirib ki, gerbimizin üzərində nə var? Emblemimiz, əsasən, psixologiyamızı əks etdirir: “Bu gerb Ağrı dağında Nuhun gəmisini təsvir edir. Bəs 1991-ci ildə qəbul etdiyimiz gerbin 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Nuhun gəmisi Ağrı dağında yerləşir və indiki Ermənistanın ərazisi su altında qalıb. Üstəlik, burada Ermənistanda uzun müddət təbii şəraitdə yaşamayan şir təsvir olunub. Söhbət hər birimizdə mövcud olan bir dualizmdən gedir: “tarixi Ermənistan” və real Ermənistan. Əsl Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana? Bu, cavab verməli olduğumuz siyasi və əbədi sualdır. İstəsək, bu məsələni münaqişəsiz həll edə bilərik, çünki “tarixi Ermənistan”ın 12 “paytaxtından” 6-sı Ermənistan Respublikasının ərazisində yerləşir. Bəs sonuncu dəfə bu “paytaxtlarda” nə vaxt olmusunuz? Onlar hansı vəziyyətdə idilər? Ənənələr və dəyərlər haqqında çox danışın. Bu gün tarixi rəmzlərimiz xarabalıqdadır. Gerbimiz gələcək haqqında nə deyir? Qeqam Manukyan (“Ermənistan” blokundan deputat) deyir ki, bu bizim kadastr kağızımızdır. Əgər onu kadastr kağızı kimi qəbul etsək, bununla ətrafımıza “bizi məhv edin” demiş olarıq”.

Nuhun gəmisi” erməni simvolu ola bilər?

Tarixə qısaca ekskurs etmiş olsaq, 200 il öncə bu torpaqlarda hansısa erməni dövlətinə rast gəlinmir. İrəvan xanlığı 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq olub. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır şəhərini əhatə edib - 1828-ci ildə Rusiya imperiyası ilə Qacar imperiyası arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil olunub. Rusiya ilə Qacar imperiyaları arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində erməni vilayəti təşkil edilib. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə kütləvi surətdə ermənilər köçürülməyə başlanılıb. Beləliklə, həmin ərazilərdə ermənilərin sayı süni və məqsədli şəkildə artırılıb. Bu günün rakursundan baxdıqda “bufer zonaya” çevrilmiş bu tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsinin əsas səbəbi aydın olur. Və beləliklə... ermənilərin Qafqaza “gəlişi”nin belə onların öz istəklərindən qaynaqlanmadığı bir daha ortaya çıxır. Onlar hansısa məqsədlərin aləti olmaq üçün buraya köçürülüblər. Yəni, ermənilərin gerblərindəki “Nuhun gəmisi” və ya Ağrı dağı ilə erməniləri bağlayan hər hansı bir tarix və ya “irs” yoxdur.

Atilladan Səlcuq imperiyasına uzanan simgə - ikibaşlı qartal yerlə göy arasında polad qapını tutur

Gerbin ətrafında isə iki simgə - ikibaşlı qartal və aslan simgələri nəzərə çarpır. Təbii ki, bu iki simgənin də ermənilərlə və ya Ermənistanla bu və ya digər şəkildə bağlılığı yoxdur. İkibaşlı qartal simgəsinə ilk dəfə eramızdan 2400 il əvvəl şumerlərin Laquş krallığının kralı Lugalandanın möhüründə təsadüf olunur. Şumerlər ikibaşlı qartalı göy gürültüsü quşu adlandırırdılar. Həmçinin Orta Asiyada Tengriçiliyə görə, qartal yerlə göy arasında polad qapını tutur. İnsanları göy və yer səyahətlərində müşayiət edən varlıqlar quş şəklindədir. Qartal quşlar arasındakı ululuq və yüksəklik sirridir. Buna görə də qədim türklər qılınc gövdəsində ikibaşlı qartal fiqurundan istifadə ediblər. Böyük Səlcuq imperiyasının rəsmi gerbi ikibaşlı qartal simvolunu özündə əks etdirirdi.

Orta Asiya və şamanist qədim türklərin inanclarında cütbaşlı qartaldan törədiklərinə inandıqları görülür. Bu inanc əfsanələrdə də özünü göstərir. Yakut türklərinə məxsus əfsanədə şamanın qartaldan törədiyindən bəhs olunur. Həmçinin Atilla ordusunun bayrağının üzərində boz qurdla yanaşı, cütbaşlı qartalın da olduğunu görürük. Sonradan isə məhz Atillanın təsiri ilə bu simvol Roma İmperiyasına da nüfuz edib və oranın simvollarından biri sayılıb. Müasir dövrdə isə Albaniya, Monteneqro və Serbiya dövlətlərinin bayraqlarında ikibaşlı qartal simvolları əks olunub.

Xaçdaş nəzəriyyəsi” erməni yalanını ifşa edir - gerb üzərindəki xaç albanlara məxsusdur...

Ermənistan gerbindəki “əlində” xaç tutmuş aslana gəldikdə isə... İlk olaraq xaçdan başlayaq. Xaçın təsvirindən görünür ki, bu qədim Alban xaçıdır. Bu daha çox “xaçdaş nəzəriyyəsi”nə əsaslanan bir təsvirdir - bu nəzəriyyə isə memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları “xaçdaş” adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. Yəni, həmin xaçın nə “tarixi”, nə də müasir  Ermənistanla heç bir bağlılığı yoxdur. Nəzəriyyə müəlliflərinin fikrincə, alban xaçdaşlarının obrazları əsrlər boyunca, əvvəlcə dini somvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki (Atəşpərəstlik və Xristianlıq), sonralar isə üç dinin (İslam da daxil olmaqla) təsiri altında təşəkkül etmişdir. D.Axundovun fikrincə xaçdaşların orijinallığı və xaçkarlardan əsaslı fərqi də bundan irəli gəlir.

Beləliklə, həmin xaçın qədim Alban xaçı olması bariz şəkildə ortadadır...

Səfəvi İmperiyasından İrəvan xanlığına irs olaraq ötürülən “aslan” simvolu...

Gerbdə təsvir edilən aslan da qartal kimi ermənilər üçün oğurluq simvoldur - Paşinyanın da dediyi kimi, həmin coğrafi ərazidə şir yaşamayıb. Demək ki, şir təsviri həmin ərazinin tarixi irsi ilə bağlıdır. Tarixi irsin isə Ermənistana və ya ermənilərə aidiyyatı yoxdur. Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkuryə - azərbaycançılığı, türkçülüyə və islami prinsiplərə söykənən dövlət kimi tarixə düşən Azərbaycan səfəvi dövlətinin bayraqları bütün tarixi qaynaqlarda əks olunur. Azərbaycan Səfəvi dövlətinin rəmzləri ilə bağlı məlumatlar isə daha çox Səfəvi xanədanının üzvlərinin möhürlərindən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən, Orta Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanıb - üzərində “Qurani - Kərim”dən ayələr, Hz.Əlinin qılıncı Zülfüqar və aslan, günəş rəsmləri təsvir edilib. Aslan motivinin simvol kimi Səfəvilərdə istifadə olunması da tarixi irsin nəticəsidir - Şah İsmayılın babası Uzun Həsənin şahlıq etdiyi Ağqoyunlu dövlətində də aslan motivi möhürlərin və sikkələrin üzərindəki simvol olub.

Aslan motivinin simvol kimi istifadə olunması isə ilk dəfə qədim Mesopotomiya mədəniyyətinə qədər uzanır və bu bir qədər də astroloji mahiyyət kəsb edir. F.M.Köprülünün verdiyi məlumata görə, Anadolu Səlcuq sultanı Qiyasəddin Keyxosrovun zərb etdirdiyi gümüş sikkələrin üzərində aslan təsvirləri əks olunub. Hətta Elxani hökmdarı Məhəmməd Olcaytu və Əbu Səidin zərb etdirdiyi mis pullar üzərində də aslan rəsmləri yer alıb. Orta əsrlərin ispan diplomatı və səyyahı Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki “Ağ saray”ını təsvir edərkən onun giriş qapısının üzərində günəşin fonunda aslan təsvirinin olduğunu yazır. Teymurilərdən sonra Ərzincanı idarə edən Ağqoyunlu Qara Osmanın qardaşı Əhmədin oğlu Qılınc Arslanın zərb etdirdiyi sikkələr üzərində də aslan və günəş təsvirləri yer alıb. Sonrakı mərhələdə aslan simgəsi İrəvan xanlığının bayrağında öz əksini tapıb. Yəni, özlərinə “gerb” seçdikləri simvolların ermənilərə  aidiyyatı belə yoxdur. Bunu biz demirik, tarix və faktlar deyir...

Paşinyan həqiqətləri görür... Hər kəsin də gördüyünü bilir...

Paşinyanın öz gerblərinə xitabən “əgər onu kadastr kağızı kimi qəbul etsək, bununla ətrafımıza “bizi məhv edin” demiş olarıq” ifadəsi işlətməsi isə həm də bir məcazi məna daşıyır. Bu, Ermənistanın hansısa “şanlı tarixi”nin olması haqda yalanlarını üzə çıxarır, bütün rəmzlərin oğurluq olmasını təsdiqləyir. Paşinyan özü də görür ki, artıq XXI əsrdə bu kimi yalanlarla uzağa getmək mümkün deyil. Bəli, nə qartal, nə də aslan erməni simvolu ola bilməz - bunu 44 günlük Vətən müharibəsində Azərbaycan əyani şəkildə sübut edib...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31