Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransanın “ədalət” anlayışı...

Fransanın “ədalət” anlayışı...

22.06.2023 [10:10]

Rəsmi Paris işğalçıya dəstək verməklə özünü ifşa edir

Fransanın yüksəksəviyyəli rəsmilərindən 30 il ərzində Azərbaycana qarşı təcavüzkarlıq siyasəti aparan və regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistana dəstək ifadə olunan bəyanatların, açıqlamaların ardı-arası kəsilmir. Belə məzmunlu fikirləri, həmçinin Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində ifadə edib. Fransa rəsmisi Avropa Parlamentində “Ermənistanla Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda müzakirələr zamanı deyib ki, biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq. Sitat: “Heç bir ölkə Ermənistanın ədalətli sülh əldə etməsi üçün Fransa qədər səy göstərmir. Biz qonşusu (Azərbaycan) ilə ədalətli sülh əldə etmək üçün Ermənistanın yanındayıq”.

Bəs “beynəlxalq hüquq”?

Fransa XİN-nin rəhbərinin bəhs olunan fikirləri hansısa bir sağlam məntiqə sığmır. Ədalətli sülhdən danışan Ketrin Kolonna “Ermənistanın yanındayıq” deməklə əslində ölkəsinin ədalətsiz mövqeyini ortaya qoyur. Ermənistan təcavüzkardır, 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayıb, burada böyük vandalizm əməlləri törədib, bütün tarixi mədəni-dini irsi məhv edib. Bu ölkə postmüharibə mərhələsində də öz ampluasından çıxmayıb. Belə ki, məğlub ölkədə yenə də müharibə ritorikaları, revanşist çağırışlar eşidilir. Erməni silahlı birləşmələri iki ölkə arasındakı şərti sərhədlər boyunca, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində davamlı şəkildə təxribatlar törədirlər. Ketrin Kolonna isə bütün bunları görməzdən gələrək Ermənistana dəstək ifadə edir. Bəs Fransanın öyündüyü “demokratik ənənələr” niyə unudulur? Fransa XİN-in rəhbərində ədalət hissi tamammı qeybə çəkilib? Ümumiyyətlə, münaqişə tərəflərindən birinin yanında yer almaqla “ədalətli sülh” anlayışını bir arada necə təsəvvür etmək mümkündür?

Lobbi maraqlarının girovluğunda

Ketrin Kolonnanın Azərbaycanla Ermənistan arasında başlanan sülhyaratma prosesinin təfərrüatlarından bixəbər olduğunu iddia etmək sadəlövlük olardı. O, Avropanın aparıcı dövlətlərindən birinin XİN rəhbəri kimi mühüm post tutur və peşəkar diplomatdır. Ancaq görünür ki, bütövlükdə Fransanın bu ölkədəki erməni lobbisinin maraqlarının girovluğunda qalması Ketrin Kolonnaya da sirayət edib. Beləliklə, o da erməni lobbisinin çirkabına batıb.

Fransada “kiçik bacı” adlandırılan Ermənistanın, necə deyərlər, çaldığı hava ilə oynamaq bir növ pis ənənəyə çevrilib. Bir neçə fakt sadalayaq: məsələn, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “dağlıq qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə “qətnamə” qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnaməni Senatın arxivində toz basmaqdadır. “dağlıq qarabağ respublikasının müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da olmayacaq. Senatın “qətnamə”si sadəcə kağız parçasıdır. Qurum bu kağız parçasını Azərbaycana nifrətin, erməni lobbisinə yarınmağın əlaməti olaraq qəbul edib.

İşə yaramayan “qərəz”...

Ölkənin siyasi hakimiyyətinin verdiyi siqnallardan ruhlanan Fransa Senatı və Milli Assambleyası ötən ilin sonlarında da ölkəmizə qarşı yeni qərəzli qətnamələr qəbul etdilər.  Bu qətnamələrdə Avropanın enerji təhlükəsizliyində getdikcə daha çox yer alan Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və digər cəfəng iddialar yer alırdı. Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Nə qədər qəribə görünsə də, fransız dilinə və mədəniyyətinə aid olan bir tədbirdə yenə də təcavüzkar Ermənistanın siyasi ambisiyalarının müzakirə predmetinə çevrilməsinə cəhdlər göstərildi. Lakin qurumdakı Azərbaycana dost dövlətlər tədbirin qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildirdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilmədi.

Fransanın ötən ilin dekabrında BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul etdirməyə çalışması isə bu ölkənin Cənubi Qafqazda “sülhyaratma prosesi”nə hansı niyyətlə qoşulmaq istəyini bir daha ortaya qoydu. Yenə də Azərbaycanın beynəlxalq səviyyədə apardığı uğurlu diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi. BMT TŞ-nın daimi üzvü və dekabr ayında TŞ-nın sədri statusunu daşıyan Fransa bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan sənədi qəbul etdirə bilmədi.

Rəsmi Parisin Ermənistana dəstək siyasətinin sükanını isə prezident Emmanuel Makron tutur. Cari ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransında Fransa prezidenti ənənəsinə sadiq qalaraq yenə də ermənipərəst mövqeyini otaya qoydu. E.Makronun nüfuzlu beynəlxalq platformanın tribunasından Cənubi Qafqazda “müharibə var” deməsi, həmçinin Nikol Paşinyanın yanında olmasını xüsusi vurğulaması nəyə xidmət edir? Hazırda Azərbaycanın, ABŞ-ın, Avropa İttifaqının (Aİ) bütün səylərinin Cənubi Qafqazda sülhyaratma prosesinə fokuslandığı bir məqamda Paris-İrəvan cütlüyünün ritorikası yenidən müharibə alovunu yandırmağa xidmət edir. Bundan başqa, məhz E.Makronun təhriki ilə Aİ Ermənistana uzunmüddətli mülki missiya göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu missiyanın tərkibində Fransa jandarmeriyasının təmsilçilərinin yer almaları da suallar doğurur.

Fransanın məsuliyyətsizliyi...

“Laçın dəhlizinin blokadası qanunsuzdur və bununla bağlı Beynəlxalq Məhkəmə belə bir hökm çıxarıb”. Bu sərsəm iddianı da Ketrin Kolonna Avropa Parlamentində keçirilən müzakirələrdə səsləndirib. Yenə də Fransa rəsmisinin məsuliyyətsizliyi və beynəlxalq prinsiplərə, müstəqil dövlətin suveren hüquqlarına hörmətsizliyi ortadadır. Fransa XİN-in rəhbərinə zəruri xatırlatma etmək istərdik: Üçtərəfli Bəyanatın müddəalarına əməl etməkdən yayınan Ermənistandan Laçın yolu vasitəsilə Qarabağa silah-sursat, canlı qüvvə daşınır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırılırdı. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, qalib Azərbaycan məğlub Ermənistanın bu qəbildən olan davranışlarının qarşısını almalı idi.  Beynəlxalq hüquq normalarına istinad edən respublikamız cari il aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Peşəkar diplomat olan Ketrin Kolonna da bilməmiş deyil ki, iki ölkə arasındakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Bununla yanaşı, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların Azərbaycan ərazisində basdırması da daxil olmaqla mülki əhalini mina təhdidinə məruz qoymasına, 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə almasına, eləcə də güc yolu ilə qovduğu azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə bir sıra təxribatları ilə maneçilik törətməsinə Fransa tərəfinin indiyə qədər heç bir reaksiya verməməsi də sual doğuran məqamlardandır. Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoymalı, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir. Fransa məhz bu kimi məsələlərdə “kiçik bacısı”nın yanında yer almalıdır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31