Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın İrəvandakı səfiri təzyiq altında

ABŞ-ın İrəvandakı səfiri təzyiq altında

05.07.2023 [10:40]

Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı məsələni beynəlxalq müstəviyə daşımağa çalışır. Rəsmi İrəvan Qarabağdakı ermənilərin guya blokadada olduğunu və humanitar böhranla üzləşdiyini iddia edir. Buna görə də, sözügedən əraziyə beynəlxalq missiyanın göndərilməsinə çalışır. Eyni zamanda, Ermənistan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq zəmanət əsasında təmin edilməsinə cəhd göstərir. Lakin rəsmi Bakı bütün bunları qəbulolunmaz hesab edir. Çünki bu, ilk növbədə Azərbaycanın daxili işinə qarşımaqdır. Digər tərəfdən isə, Ermənistanın bu məsələləri ortaya atmaqla əsas məqsədi  regionda vəziyyəti gərgin saxlamaqdır.

Separatçılar cəhənnəmə gedirlər?

Amma Azərbaycan dövləti mövqeyində qətidir. Məhz rəsmi Bakının prinsipiallığının nəticəsidir ki, Qarabağdakı separatçı rejim çıxılmaz duruma düşüb və tezliklə “ağ bayraq” qaldırması gözlənilir. Bunun səbəblərindən biri də separatçıların daxilində gərginliyin olmasıdır. Onlar bu vəziyyətdən öz məqsədləri üçün sui-istifadə etməyə də çalışırlar. Bu da dinc erməni əhali arasında etirazlarla qarşılanır. Məlumatlar var ki, separatçı rejimin təmsilçilərinin bir qismi aradan çıxaraq Ermənistana köçüb. Sadə insanlar isə onların başçısı Arayik Arutyunyandan bunun hesabını sorurlar. Belə ki, iyunun 29-da qondarma rejimin rəhbəri Arayik “məmurlar”ın Xankəndini tərk etməsi barədə sualları cavablandırıb. O iddia edib ki, guya  qondarma rejimin yalnız “XİN rəhbəri” İrəvandadır: “Onun İrəvanda olması mənim qərarımdır. Amma digər “məmurların” və onların ailə üzvlərinin Qarabağı tərk etməsinin heç bir əsası yoxdur. Qarabağı tərk edən ermənilərlə bağlı ciddi qərarlar qəbul ediləcək”.

Baş separatçı Qarabağdakı mülklərini icarəyə verib gəlir əldə edən “məmurlar”ı tənqid edib: “Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarıyam. Anons verirlər, qışqırırlar, qaçırlar, hamı getmək istəyir. İlk növbədə kim getmək istəyirsə, cəhənnəmə getsin. Amma sakitcə getsinlər”. Əslində, bu, Qarabağdakı separatçı rejimin aciz duruma düşməsinin göstəricisidir. Onlar yerli əhalini öz məqsədlərinin girovuna çevirməyə çalışsalar da, artıq dinc insanların etirazları ilə üz-üzə qalıblar.

Əsas məqam isə ondan ibarətdir ki, beynəlxalq birlik birmənalı olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Ona görə də, Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyadan başqa yolları yoxdur. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin nümayəndəsinin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən şərtlər əsasında Qarabağdakı bəzi ermənilərə amnistiya verilməsi ilə bağlı fikirlərini alqışlaması da buna sübutdur.

ABŞ Azərbaycanın tərkibində Qarabağ ermənilərinin təhlükəsizliyinə inanır

Eyni zamanda, bugünlərdə ABŞ-ın Ermənistandakı səfrinin açıqlaması da rəsmi İrəvana və Qarabağdakı separatçılara böyük zərbə oldu. Belə ki,  ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib ki, Cənubi Qafqazda Qərbin təşəbbüsü ilə keçirilən hər bir görüş sülhə doğru yeni bir addımdır: “Ötən ayın sonunda ABŞ-da Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə razılaşdırılan bəzi məsələlər bu baxımdan önəmlidir. Ümumiyyətlə, ABŞ Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyinə inanır və ümid edir”. Amerikalı diplomat Azərbaycanın tərkibində yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün hər hansı problem olmadığını bildirib. “Hesab edirik ki, bütün iştirakçılar məqsədə nail olmaq üçün əməkdaşlıq etməlidirlər. ABŞ bu yanaşmanı dəstəkləyir və bütün tərəfləri Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etməyə çağırır. Tərəflər bu mövzuda danışıblar və indi bunun üçün düzgün həll yolunu tapmaq vacibdir”, - deyə səfir qeyd edib.

O, ABŞ-ın Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunmasının vacibliyini bəyan etdiyini vurğulayıb: “Danışıqlarda bunlar hamısı nəzərə alınıb. Mən şəxsən inanıram ki, insanlar evlərində özlərini təhlükəsiz hiss edəcəklər. Eyni zamanda onlar öz icmalarının həyatında fəal iştirak edəcəklər”.

Səfirin belə nikbinliyi və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd etməsi erməniləri şoka salıb. Artıq bir sıra erməni ekspertlər buna görə səfiri hədəfə alıb, onu sərt tənqid edirlər. Əslində isə səfirin bu mesajı son danışıqlarda müsbət nəticələrin əldə olunmasından xəbər verir.

Bütün bunlar göstərir ki, Ermənistanın Qarabağ mövzusu ətrafında Azərbaycana qarşı apardığı təbliğat fiaskoya uğrayıb. Çünki rəsmi İrəvan nə qədər blokadadan, böhrandan danışsa da bütün dünya video-faktlardan Laçın yolunun bağlı olmadığını aydın şəkildə görür. Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Aprelin 23-dən etibarən yüzlərlə erməni sakinin keçidi təmin olunub. Lakin iyunun 15-də Ermənistan Laçın postunu atəşə tutub. Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə mane olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb.

Burada diqqətçəkən məqamlardan biri Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək təklifidir. Dövlətimiz Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31