Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aİ üzvü olmayan Kanada...

Aİ üzvü olmayan Kanada...

21.07.2023 [10:15]

Ermənistandakı missiyaya niyə qoşulur? 

NARDAR

Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Məlumdur ki, ötən ilin oktyabrında keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı həmin ilin dekabrın 19-da başa çatmışdı. Razılaşmaya əsasən, 40 nəfərdən ibarət mülki missiya iki ay ərzində fəaliyyət göstərməli idi. Amma iki aylıq missiya başa çatandan sonra Ermənistan və Avropa İttifaqı birtərəfli qaydada 100 nəfərdən ibarət yeni missiyanın iki il müddətinə göndərməsi barədə razılığa gəldilər. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan ərazisinə gəldi. Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi heç bir razılıq verməyib. 

Kanada “töhfə” verəcək?

Bütün bunların fonunda ötən ay Avropa İttifaqının Ermənistandakı mülki missiyasının heyətinin sayının daha 23 nəfər artırılması ilə bağlı qərar verildi. Artıq vakansiyalar elan olunub. Bu barədə Avropa İttifaqının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, missiyanın yeni üzvlərinin Ermənistanın Cermuk, Yeqnadzor, İcevan, Qafan və Martuni rayonunda fəaliyyət göstərməsi planlaşdırılır.

Digər yeni bir xəbər ondan ibarətdir ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi daha bir ölkənin Ermənistandakı monitorinq missiyasına “töhfə vermək” təklifini təsdiqləyib. Belə ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarına əsasən Kanada Ermənistandakı monitorinq missiyasına qoşulacaq. “Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, - deyə qərarda qeyd edilib. Qərarın qəbul olunduğu gündən qüvvəyə mindiyi vurğulanıb.

Ümumiyyətlə, son zamanlar regionda diqqətçəkən proseslər baş verir. Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədə xarici investisiyası ilə metallurgiya zavodu tikməyə çalışır, Qafanda əvvəlcə İran, indi isə Rusiya konsulluğu açılır. Növbəti qərar isə Avropa İttifaqının müşahidə missiyası ilə bağlı oldu. Rəsmi İrəvan bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən, Ermənistanda müəyyən kəsim Avropa İttifaqının missiyasından narazılıq edir. Çünki Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır, həm də missiyanın vəziyyətlə bağlı Bakını məlumatlandırması xəbəri etirazla qarşılanır. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında indiyə qədər heç bir hüquqi baza, ikitərəfli razılaşma olmadığı faktını  qabardır. Ermənilərin Zod və Dığ istiqamətində törətməyə çalışdıqları təxribatlar zamanı da Avropa İttifaqının missiyasının göstərdiyi yanaşma da erməni tərəfini qane etməmişdi.

Kanadanın ermənipərəstliyi...

Kanadanın Avropa İttifaqının monitorinq missiyasına qoşulması isə yeni siyasi oyun hesab edilə bilər. Artıq Ermənistan Xarici İşlər Nazirliyi Kanadanın Ermənistandakı Aİ mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü “alqışlayıb”. Bu barədə Ermənistan  Xarici İşlər Nazirliyinin “twiter” paylaşımında “Biz Kanadanın Ermənistandakı Avropa İttifaqı  mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü alqışlayırıq və bunu Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsində missiyanın roluna mühüm töhfə kimi qiymətləndiririk”- deyə qeyd edilib.

Nəzərə alsaq ki, Kanada Avropa İttifaqının üzvü deyil, belə olan təqdirdə bu ölkənin məlum missiyaya qoşulmaq istəyi suallar doğurur. Bu, ilk növbədə Kanadanın ermənipərəst siyasətinin göstəricisidir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Kanada Azərbaycanın haqq işini deyil, Ermənistanı müdafiə etmişdi. Bu dəstəyin ifadəsi olaraq “Bayraktar” PUA-sı üçün müəyyən detalların Türkiyəyə satılmasını qadağan etmişdi. Səbəb də Azərbaycanın öz ərazilərini azad etməsində bu PUA-lardan istifadə etməsi göstərilirdi. Azərbaycanın müharibədə qələbə qazanmasından sonra da bu ölkə Fransa ilə yanaşı ermənilərin maraqlarına xidmət edən mövqe sərgilədi.

Əslində, Aİ missiyası məsləsi Fransanın və Qərbdəki digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunu idi. Artıq Kanada da bu oyuna qoşulmuş oldu. Məqsəd Ermənistana dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir. Lakin zaman göstərdi ki, belə cəhdlər fiaskoya uğrayır. Çünki beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Ona görə də, Kanada və Fransa kimi ölkələr nə qədər ermənipərəstlik etsələr də, məqsədlərinə nail olmayacaq.  

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31