Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şeytana xidmət edən “demokratiya”

Şeytana xidmət edən “demokratiya”

16.08.2023 [11:21]

İsveçdə növbəti rəzalət

MÜBARİZ

Bu günlərdə İsveçdən yarandığı vaxtdan geniş coğrafiyada milyonlarla insana humanizm, xeyirxahlıq, nəciblik, dözümlülük kimi ali dəyərlər aşılayan İslam dininə hörmətsizlik edilməsi ilə bağlı növbəti xəbər gəldi. Burada “Quran”a yenidən hücum edilərək müqəddəs kitab yandırılıb. Vandalizm əməlini əslən İraqdan olan Salvan Momika parlament binası qarşısında törədib. O, ölkədə İslam dini qadağan olunana qədər təxribatlarını davam etdirəcəyini bildirib. Xarici KİV-də yer alan məlumatlarda bildirilir ki,  geniş polis mühafizəsi altında İsveç parlamentinin qarşısına gələn Salvan Momika ətrafdakıların reaksiyasına baxmayaraq, ayağını “Quran” kitabının üzərinə basıb. İslamı təhqir edən sözlər söyləyən Momika daha sonra kitaba od vurub. Salvan Nəcim adlı İraq vətəndaşı Momikaya kömək edib.

Avropada geniş intişar tapan pis ənənə

Son vaxtlarda “köhnə qitə”nin ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması kimi pis ənənə geniş intişar tapıb. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib. O, İslama hörmət etmədiyini söyləyib: “Bütün dünyada İslamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik, onu xor görürük və burada istəmirik”.

Xatırladaq ki, danimarkalı siyasətçi oxşar cinayəti - “Quran”ı yandırmağın başqa adı ola bilməz - ötən il də törətmişdi. O, Tarnbi şəhərində yenə də polisin mühafizəsi altında müqəddəs kitabımızı yandıraraq sosial şəbəkədə yayımlamışdı. Aksiyanı lentlə əhatələnmiş ərazidə həyata keçirən siyasətçini 30-a yaxın polis, Danimarka Kəşfiyyat İdarəsinin (PET) 7 mülki geyimli əməkdaşı mühafizə etmişdi.

Bəhs etdiyimiz son hadisəyədək İsveçin paytaxtı Stokholm iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də yenə də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb - müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb.  Baş verənlər bütövlükdə, ksenofobiyanın, dini dözümsüzlüyün  güclənməsinin təzahürüdür. Məsələ burasındadır ki, qalmaqallı hadisənin baş verdiyi aksiyanın keçirilməsinə icazə İsveç polisi tərəfindən verilib. O cümlədən gücləndirilmiş Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, ikrah doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib.

Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısında özünü “demokratiya beşiyi” adlandıran Fransa da yer alır.  Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib.

“Quran”ın müqəddəsliyi və “köhnə qitə”nin üz qarası

Bütün səmavi dinlər kimi, İslamın da özünəməxsus fundamental dəyərləri var. “Quran” dinimizin müqəddəs kitabıdır. İslam dininin dəyərləri və “Quran” xalqlar və dinlər arasında nifaq yaradılmasını inkar edir, bütün insanlara milliyyətindən, dinindən asılı olmayaraq yüksək dəyər verir, fərqli etiqadlara hörmətlə yanaşır.  Təkcə belə bir faktı diqqətə çatdıraq ki, “Quran”da Xristian inancının mərkəzində yer alan Həzrəti İsa və anası Həzrəti Məryəmin adları çəkilir. Müqəddəs kitabımızdan yəhudilərin peyğəmbəri həzrəti Musanın, həzrəti Harunun adları keçir. “Quran”da Zəbur, Tövrat və İncil kitablarından da bəhs edilir. Yəni “Quran”, bütövlükdə, İslam bəşəri bir dəyərdir. Bu dəyərlərdə humanizmi, insanpərvərliyi görməmək, başa düşməmək və dəyərləndirməmək, yumşaq desək, cahilliyə qayıdışdır. “Quran”ı yandıran, İslam dəyərlərini təhqir edən birisinin milli, dini, irqi kimliyinə etiqadı da natamamdır.

Diqqət çəkən və təəccüb doğuran məqam ondan ibarətdir ki, yuxarıda sadalanan vandalizm əməlləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü önündə törədilib. Müqəddəs kitabımıza əl uzadanları heç kim dayandırmağa cəhd göstərməyib, onlara cəza kəsilməyib. İsveçdə “Quran”ın yenidən yandırılması da polisin seyirçi münasibəti fonunda baş verib. Bölgədə toplaşaraq sosial şəbəkədə təşkilatlanan “Quran yandırmağa son” adlı qrup Momika və Nəcimə reaksiya verib. İsveçli fəallar tərəfindən yaradılan qrup üzvləri yanğınsöndürənlərin dəbilqələrini taxaraq “İrqçi aksiyanı dayandırın” şüarları səsləndiriblər.

Nümayişçilərdən biri Momikanın qarşısını almaq istəyəndə polis sərt reaksiya verib. Polis əməkdaşları nümayişçini nəzarətə götürərək polis bölməsinə aparıblar. Təxribatdan sonra zirehli polis maşını ilə hadisə yerini tərk edən Momika və Nəcimə 10-u zirehli olmaqla 20 polis maşını və təxminən 150 polis müşayiət edib.

XXI əsrdə yüksək inkişaf səviyyəsinə çatmış Avropada belə bir vandalizm əməlinin törədilməsi və güc strukturlarının təmsilçilərinin buna seyirçi qalmaları suallar doğurur. Cahillik dönəmlərində tarix dünyanın ayrı-ayrı nöqtələrində dini zəmində toqquşmalara çox şahidlik edib. Bir sıra hallarda belə toqquşmalar fərqli etiqadların daşıyıcısı olan yüz minlərlə insanın ölümü ilə nəticələnən çoxillik qanlı müharibələrədək uzanıb. Deyə bilərik ki, bu “səlib müharibələrində” sözün geniş mənasında qalib olmayıb, uduzan isə bəşəriyyət olub, dünya sivilizasiyası itirib. Düşünmək olardı ki, kütləvi qırğınlardan, qətliamlardan keçən bəşəriyyət dini zəmində ayrı-seçkiçilik aparmaq, etiqad dözümsüzlüyü nümayiş etdirmək mərhələsini artıq arxada qoyub. Ancaq yox! Bu gün özünü inkişafın yüksək səviyyəsinə çatmış hesab edən Avropanın ayrı-ayrı ölkələrində böyük İslam mədəniyyətinə qarşı yeni bir hücum dalğasının yarandığını müşahidə etmək olduqca məyusedicidir. Ksenofobiya, irqçilik, millətçilik kimi təhlükəli meyllər Avropanın bugünkü mənzərəsinin bir hissəsini təşkil edir.  Əgər Avropa demokratiyası budursa, onda qəyiyyətlə belə bir fikri ifadə edə bilərik: Bu demokratiya insanlığa yox, şeytana xidmət edir.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31