Tərcüməyə ehtiyac yoxdur!
30.08.2023 [10:30]
Son vaxtlarda Cənubi Qafqazda və Mərkəzi Asiyada cərəyan edən proseslər beynəlxalq birliyin diqqət mərkəzindədir. Dünyanın düzəninin müəyyənləşdirilməsində mühüm rol oynayan güc mərkəzləri bəhs olunan regionlara müstəsna maraq göstərirlər və burada nüfuz dairələrini və təsir imkanlarını genişləndirməyə çalışırlar. Əlbəttə ki, Cənubi Qafqazın və Mərkəzi Asiyanın coğrafi yerləşməsi və zəngin təbii resursları getdikcə artan bu marağı şərtləndirən çox vacib məqamlardır. Hər iki coğrafiyada gedən önəmli proseslərin sırasında Azərbaycan və Özbəkistan arasında münasibətlərin indiyədək heç vaxt olmadığı səviyyədə intensivləşməsi isə xüsusi diqqət çəkir. İki ölkə arasında siyasi dialoq yüksək dinamikaya malikdir. Təkcə ötən il Azərbaycan Prezidenti düz üç dəfə dost ölkədə səfərdə olub. Bir qədər bundan əvvəl Şavkat Mirziyoyev inamlı qələbə qazanaraq növbəti dəfə Özbəkistanın Prezidenti seçildikdən sonra ona ilk telefon açan və səmimi təbriklərini çatdıran dövlət başçısı da məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. Eyni zamanda, Şavkat Mirziyoyev dövlət başçısı seçildikdən sonra xarici ölkələrə ilk dövlət səfərini Azərbaycana edib. Liderlərin belə sıx ünsiyyəti və təmasları ikitərəfli münasibətlərin ruhunu əks etdirir və o anlama gəlir ki, hər iki tərəfdə yaxınlaşmağa, münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa böyük istək var.
İki liderdən eyni məzmunlu mühüm mesaj
Liderlərin çoxsaylı görüşlərinin gündəliyi bir qayda olaraq kifayət qədər zəngin olur. Əvvəllər müəyyənləşdirilən məsələlərin icrası təhlil edilir, gələcəyə baxılır, əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər araşdırılır, yeni təşəbbüslər irəli sürülür. Son vaxtlarda ölkələrini uğurlu inkişaf yoluna çıxaran, milli maraqları qətiyyətlə qoruyan liderlərin - İlham Əliyevin və Şavkat Mirziyoyevin iki, lakin eyni mahiyyət daşıyan mesajları isə xüsusi diqqət çəkir. “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı”. Bu fikri Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən səsləndirib.
Oxşar məzmunlu mesaj bu günlərdə Bakıda Şavkat Mirziyoyevin dilindən eşidilib: “İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik”.
İki dövlət və iki xalq arasında münasibətlərin dərinləşməsi üçün bundan böyük zəmin tapmaq mümkündürmü? Əsla! Biz görürük: Dünyada bəzi dövlətlərin münasibətləri sırf konyuktur səciyyə daşıyır, onlar müəyyən maraqlar naminə bir araya gəlir və sırf bu maraqların təmin olunması naminə hansısa təşkilatlarda birləşirlər. Həm də o müşahidə olunur ki, belə süni maraqlar bir sıra hallarda başqa xalqlara və dövlətlərə qarşı yönəlir, alt qatlarda çirkin niyyətlər dayanır. Təbii ki, belə ittifaqların ömrü az olur, geosiyasi və geoiqtisadi reallıqlar dəyişdikcə onlara da ehtiyac qalmır.
Azərbaycan və Özbəkistanın müttəfiqliyi isə sarsılmaz tarixi bağlara, etiqad eyniliyinə, dilin, ənənələrin, məişət tərzinin və digər belə fundamental dəyərlərin oxşarlığına istinad edir. Həm Azərbaycan, həm də özbək xalqının mental dəyərlərində keçmişə, ənənələrə bağlılıq mühüm yer turur. Bəli, hər iki ölkə bu gün müasirləşmə yolu ilə irəliləyir, ancaq milli dəyərlər heç vaxt unudulmur, nəsillərdən nəsillərə ötürülərək yaşadılır. Həm Azərbaycan, həm də Özbəkistan 70 il ərzində keçmiş ittifaqın tərkibində qalıb. O dövrdə milli kimliyin önə çəkilməsinə sərt şəkildə müdaxilələr olunurdu və xalqlar arasında qondarma “ümumi mədəniyyət” konsepsiyası aşılanırdı. Bu yad konsepsiya azərbaycanlıların və özbəklərin gen yaddaşını silə bilmədi, hər iki xalq özlərinin böyük mədəniyyətlərini və dillərini qoruyub saxladılar. İttifaq dağıldıqdan sonra Azərbaycan və Özbəkistan cəmiyyətlərində tarixi bağların möhkəmlənməsinə istək qarşısıalınmaz bir prosesə çevrilib. Hər iki xalq ona yaxın olan, onun ruhunu oxşayan mədəniyyətə yaxınlaşmağa c?n atır. Yaxşı haldır ki, cəmiyyətlərin istəyi və arzusu dövlətlər və liderlər səviyyəsində dəstəklənir və buna güclü siyasi iradə nümayiş etdirilir.
Cəmiyyətlərin istəyinə və dövlətlərin güclü siyasi iradəsinə uyğun olaraq bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlər çox yüksək səviyyəyə çatıb. Şavkat Mirziyoyevin respublikamıza dövlət səfəri çərçivəsində imzalanan 20 sənəddən biri “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” oldu. Belə bir mühüm sənədin imzalanması çox doğru olaraq iki dost ölkə arasında etimadın yüksək səviyyədə olduğunun və indiyədək razılığa gəlinən strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır.
Humanitar sahədə əməkdaşlıq
Azərbaycanla Özbəkistan arasında bu gün siyasi dialoqun, iqtisadi əməkdaşlığın yüksək səviyyəyə çatması kimi, humanitar sahədə uzlaşdırılmış fəaliyyət də məmnunluq doğurur. İki dost xalqı həm də möhkəm mədəni əlaqələr bağlayır. Cari ilin iyun ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan musiqisi günləri” keçirilib.
Özbəkistan Dövlət Konservatoriyasında təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.
AMM-in direktoru Samir Abbasov çıxış edərək “Azərbaycan musiqisi günləri”nin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edildiyini bildirib. O, Azərbaycanın zəngin mədəniyyəti, dünya sivilizasiyasına verdiyi töhfələr, milli musiqimiz, muğam sənətimiz haqqında məlumat verib, Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, dövlətlərimiz arasında günü-gündən inkişaf edən münasibətlərdən danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin inkişafındakı müstəsna xidmətləri barədə söz açaraq Ulu Öndərin anadan olmasının 100 illiyinin yalnız Azərbaycanda deyil, Türk dünyasının müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda da geniş qeyd olunduğunu diqqətə çatdırıb. Layihə çərçivəsində dost ölkədə Azərbaycan mədəniyyəti geniş təqdim olunub.
Cari il avqustun 1-də isə Bakıda Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi baş tutub. Dörd gün davam edən mədəniyyət günləri çərçivəsində müxtəlif tədbirlər keçirilib. Mədəniyyət günlərinə dost ölkədən respublikamıza təşrif gətirən 200-dən çox sənətçi qatılıb.
“Azərbaycan və Özbəkistan arasında möhkəm və davamlı əlaqələr qardaşlığımızın rəmzidir. Dövlət başçılarımızın müstəsna səyləri nəticəsində bu gün iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri genişlənir, bütün sahələr üzrə əməkdaşlıq inkişaf etdirilir. Dövlətlərimiz arasında həyata keçirilən tərəfdaşlıq sadəcə ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də davam edir. Biz xalqlarımızın mədəni irsinin qorunub saxlanılması, qlobal miqyasda təbliği istiqamətində də birgə fəaliyyət göstərir və beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik”, - deyə tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Adil Kərimli bildirib. Tədbir konsert proqramı ilə davam edib. Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və digərləri çıxış ediblər.
Füzulidə Özbəkistan məktəbi
Özbəkistan daim Azərbaycanın haqq işinə dəstək verib. 44 günlük müharibə başa çatandan sonra isə bu ölkə işğaldan azad olunmuş ərazilərimizin bərpasına öz töhfəsini verir. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib. Məktəbin inşası qısa müddətdə tamamlanıb. Avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Prezident İlham Əliyev Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”, - deyə dövlətimizin başçısı mətbuata verdiyi bəyanatında vurğulayıb.
Tarixi Türk coğrafiyasının bərpasına doğru
Tarixi dönəmdə yaşayırıq və tarixi proseslərə şahidlik edirik. Bu proseslərdə Xəzər - Qara dəniz hövzələri boyunca və daha geniş coğrafiyada böyük Türk birliyinin yenidən formalaşmasına şahidlik etmək xüsusilə qürurvericidir. Əslində, Azərbaycan və Özbəkistan liderlərinin “Tərcüməyə ehtiyac yoxdur!” mesajları yalnız iki xalqın yaxınlığına, eyni bir soy-kökdən gəldiyinə işarə deyil. Bu mesaj həm də tarixi türk coğrafiyasının bərpasına, bütün Türk xalqlarının birliyinə bir çağırış anlamında qəbul olunaraq qavranılır.
Biz yeni geosiyasi reallıqlar fonunda Avrasiyada böyük coğrafiyanı əhatə edən Türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsinin şahidi oluruq. Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Son vaxtlarda ayrı-ayrı məkanlarda baş tutan Zirvə görüşlərində yeni geosiyasi reallıqlar və meydana çıxan çağırışlar nəzərə alınmaqla imzalanan sənədlər Türkdilli ölkələr arasında müxtəlif istiqamətlərdə inteqrasiyanın genişlənməsinə yeni imkanlar açır. Yenə də Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.
Zamanında Türk coğrafiyası bir tamlıq təşkil edib. Ancaq sonradan məkrli qüvvələr istəklərinə çataraq tarixi Türk coğrafiyasının parçalanmasına nail olublar. Söhbət Qərbi Zəngəzurun Ermənistana verilməsindən gedir. Bir vaxtlar yüklər Mərkəzi Asiyadakı Türkdilli ölkələrdən Xəzər vasitəsilə Azərbaycana, buradan isə Qərbi Zəngəzurdan keçməklə Türkiyəyə çatdırılırdı. Türk dünyasına qısqanclıqla yanaşan imperialist güc mərkəzləri Qərbi Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla yalnız ümumtürk coğrafiyasını parçalamadılar, həm də Türkdilli ölkələrin dünyaya çıxış imkanlarını məhdudlaşdırdılar.
44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasına nail olacaq. Zəngəzur dəhlizinin açılması ilə tarixi Türk coğrafiyasının bərpası təmin olunacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59

