Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Canilərə “siyasi məhbus” libası geyindirən Paris...

Canilərə “siyasi məhbus” libası geyindirən Paris...

16.11.2023 [10:35]

Fransanın apardığı siyasi xətt gizli məqsədlərini ifşa edir

Lokal antiterror tədbirlərinin ardından Azərbaycana qarşı apardığı siyasi təzyiq kampaniyalarını daha da intensivləşdirən Fransa yeni “oyun” qurmağa niyyətlənib. Bəlli olduğu kimi, Qarabağdakı xuntanın çöküşü ilə Azərbaycan xalqına və dövlətinə qarşı qeyri-qanuni fəaliyyət göstərmiş, cinayətlərdə günahlandırılan şəxslər Cinayət Məcəlləsinin müvafiq bəndləri əsasında saxlanılaraq mühakimə qarşısına çıxarılıb. Ən əsası isə Qarabağdakı separatçıların keçmiş rəhbərləri Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu şəxslər Azərbaycan qanunlarını pozmaqda, separatizmi yaymaqda, terrorda və digər məsələlərdə günahlandırılırlar. Hətta bunlardan bəziləri, öz günahlarını geniş auditoriya qarşısında etiraf etmiş şəxslərdir. Məsələn, 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edən Araik Arutyunyan Gəncə şəhərinə qarşı xain raket hücumunun əmrini verdiyini özü etiraf edib. Bununla bağlı videomüraciətdə o bildirib ki, məhz onun sərəncamı ilə Gəncə yaylım atəşinə tutulub: “Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi”.

Fransa və yandaşları isə hazırda Araik və onun “dostlarına” “siyasi məhbus” libası geyindirməyə, onları “siyasi məhbus” kimi təqdim etməyə çalışır. Qeyd edək ki, bu istiqamətdə geniş fəaliyyətə başlanılıb. Bu istiqamətdə “səylərin birləşdirilməsi” nəzərdə tutulub və prosesə Fransada yerləşən erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmtəsisçisi Murad Papazyan başçılıq edir. Bu naqis “kampaniyanın” dəstəkçiləri sırasında isə Parisin ermənipərəst meri Ann İdalqo və Araik Arutyunyanın yaxın dostu, adı bir sıra qalmaqallarda hallanan Luis Moreno Okampo yer alır.

Parisin terrorçu siması...

Vurğulanmalıdır ki, bu kimi qeyri-qanuni çağırışlar təsadüfi sayıla bilməz. Xüsusilə, bir müddət öncə Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının bəyanatlarında bu kimi məqamların yer alması ermənipərəst Fransanın “fəallaşmasına” yol açmışdı. Təzadlı və ziddiyyətli məqamdır - “demokratik” Qərb, “demokratik Fransa” açıq surətdə terrorçu və separatçı fiqurların sərbəst buraxılmasına çağırışlar edir. Özü də çağırışlarda xüsusilə Araik Arutyunyanın, Ruben Vardanyanın adlarının çəkilməsi təsadüfi sayıla bilməz. Məsələn, belə görünür nə Saakyan, nə Qukasyan, nə İşxanyan Fransanın “işinə yaramır”. Amma Azərbaycana “təzyiq” göstərməyə çalışan qüvvələrin, fransızsayağı təbliğatın parçasına çevrilən mərkəzlərin sözünün əvvəli də Arutyunyan və Vardanyandır.

İdalqodan Okampoya - iki cilddə bir “ermənipərəst”

Bu kampaniyada ön sıralarda yer alan Ann İdalqo və Luis Moreno Okampodur. İdalqo Fransanın separatizmi dəstəkləyən siyasi xəttinin əsas aparıcı simasıdır. Onun 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyasının ardından qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq üçün müraciəti yaddan çıxmayıb. Ümumiyyətlə, Paris meri Anna İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır və hətta onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Ən yaxın adamı, müavini isə Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Ara Toronyanın qızı Anuş Toronyandır. Bundan başqa, 2014-cü ildən Paris meri vəzifəsini daşıyan Anna İdalqo Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. “TUMO”-nun o zamanlar Azərbaycanın erməni işğalında olan Xankəndi şəhərində də ofisi olub. Ann İdalqonun Ermənistan vasitəsilə aparılan çirkli pulların yuyulması prosesində iştirakı da istisna olunmur. Bu ilin avqustunda Fransanın uğursuz “TIR kampaniyası” zamanı da İdalqo separatçılara göndərilən “humanitar karvanın” karvanbaşısı kimi regiona gəlmişdi.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru (ittihamçı) Luis Moreno Okampo isə ermənilərin əsl sevimlisidir - O, qondarma rejimin təmsilçisi və hazırda Bakıda həbsxanada olan Arutyunyan ilə yaxın dostdur. Məhz Arutyunyanın sifarişi ilə Okampo Azərbaycana qarşı bəzi kampaniyalarda yer alıb. Hətta bu ilin yayında BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Luis Moreno Okamponun hazırladığı sənədə istinad etmişdi.

Fransanın Ermənistana yönəlik “kölə siyasəti”...

Təbii ki, istər İdalqo, istərsə də Okampo bütün dünya üçün “oxunmuş kitabdır” - onların ermənipərəst mövqedə olduğunu bilməyən yoxdur. İndiki halda Fransanın məqsədi bu və ya başqa yollarla “siyasi məhbus” adlı qondarma məsələni gündəmə gətirmək, aktuallaşdırmaq və ondan Azərbaycanın əleyhinə istifadə etməkdir. Digər əsas məqsəd isə, həmin şəxslərin Fransaya qeyd-şərtsiz xidmət etməsi üçün “münbit zəmin” formalaşdırmaqdır. Fransa üçün antiterror tədbirləri zamanı saxlanılaraq Bakıya gətirilən Vardanyan və Arutyunyanın kəsb etdiyi maraq bir neçə istiqamətdə  izah oluna bilər. Məsələn, rəsmi Paris onlara “amnistiya” verilməsinə nail olmaqla Ermənistana könüllü şəkildə köç etmiş Qarabağ erməniləri üzərindən yeni “planlar” qurmağa çalışa bilər - hətta son dövrlərdə istefası tez-tez gündəmə gələn Paşinyanın bu şəxslərdən biri ilə əvəzlənməsi kimi perspektiv də düşünülə bilər. Eyni zamanda, son dövrlərdə Fransanın Ermənistanı aktiv silahlandırması, Avropa strukturlarının isə kəşfiyyat “missiyalarını” artırması fonunda bu şəxslərdən istifadə oluna bilər. Nəhayət, Fransa məhz bu şəxslərin üzərindən Qarabağ ermənilərini Ermənistanda “yerləşdirməyə” səy göstərər.

“Canilərə azadlıq tələbi” Fransanın Cənubi Qafqaza yönəlik “yeni siyasi baxış”larının detallarını ortaya qoyur. Paris yeni mərhələdə məhz istismar edilməsi nəzərdə tutulan, “özününküləşdirilən” vardanyanların, arutyunyanların “xidmətlərindən” istifadə etmək niyyətindədir.  Onlar prosesilərin inkişaf istiqamətlərini artıq sezir - Azərbaycanla Ermənistan arasında sülhün imzalanması yenidən gündəmdədir. Bu sülh imzalanacağı təqdirdə isə Ermənistan üçün yeni perspektivlər formalaşır -iqtisadi layihələrə qoşulacaq və Cənubi Qafqazın bir hissəsi kimi ümumi inkişaf tempinə ayaq uyduracaq Ermənistan Fransanın siyasi- iqtisadi əsarətindən xilas ola bilər. Bu, Fransa kimi neokolonialist siyasətindən əl çəkməyən ölkə üçün böyük itkidir, hətta həyati anlam daşıyır. Bu baxımdan, canilərə “azadlıq” tələb edən Fransa özünə yeni kölələr formalaşdırmaq istəyir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31