Rusiyanın kürəyinə saplanan erməni bıçağı
24.11.2023 [10:50]
Ermənistandan Ukraynaya gizli yolla silah-sursat daşınması və Azərbaycanla müharibə zamanı Ermənistana lazım olan yardımı göstərmədiyinə görə İrəvanın Moskvadan kompensasiya tələb etməsi barədə xəbərlər sosial mediada geniş müzakirələrə yol açıb. Rusiya KİV-i İrəvanın Kiyevi silahlandırması məsələsini xüsusilə diqqət mərkəzində saxlayır.
Ermənistan rəhbərliyinin noyabrın 22-23-də Minskdə keçirilən KTMT sammitində iştirak etməmək barədə qərarı bu ölkədən Kiyevə silah daşınması xəbərləri ilə üst-üstə düşdüyündən Moskva məsələdən narahatlığını bildirib. Rusiyalı ekspertlər məlumatların ciddi araşdırılacağını, faktların həqiqiliyi sübut olunarsa, Rusiya rəhbərliyinin Ermənistanın qeyri-adekvat hərəkətləri ilə bağlı tədbir görməli olacağını qeyd edirlər.
Rusiya Ermənistana verdiyi raketlərlə vurulur
Hazırda Moskvada Ukrayna Silahlı Qüvvələrinin Ermənistandakı “Toçka-U” operativ-taktiki kompleksinin (OTRK) raketləri ilə necə təmin olunması barədə versiyalar müzakirə olunur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sözügedən məlumatları təkzib etsə də, Moskva, necə deyərlər, göz yaşlarına inanmır. Rusiya KİV-lərində gedən müzakirələrə nəzər saldıqda aydın görmək olur ki, rəsmi İrəvanın son hərəkətləri artıq Rusiyanın səbir kasasını daşırıb.
Ermənistanın Rusiya istehsallı silahları Kiyevə ötürməsi ilə bağlı məlumatlar heç də təzə xəbər deyil. Rusiya KİV-i bundan əvvəl də Ermənistanın “Toçka-U” taktiki raket sistemlərini, eləcə də digər silahları Ukraynaya təhvil verməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Hazırda xüsusi əməliyyat zonasından bir çox mənbə bildirir ki, OTRK (“Toçka-U” raket sistemi) uzun fasilədən sonra Ukrayna silahlı qüvvələri tərəfindən yenidən Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı istifadə olunmağa başlayıb. “Rıbar” teleqram kanalının məlumatına görə, Ukrayna silahlı qüvvələri ötən gün “Toçka-U”dan Belqorod vilayətinin Rovenki ərazisinə hücum zamanı istifadə edib. Bir az əvvəl isə bu raketlə Avdeyevski sektorundakı Krasnoqorovka ətrafına hücumlar edilibmiş. Kanal Rusiyanın nəzarətindəki ərazilərə atılan raket qalıqlarının görüntülərini də yayıb.
Bəzi mütəxəssislər belə bir fərziyə irəli sürürlər ki, Ukrayna silahlı qüvvələri Çexiya, Polşa və Yəmənin arsenalında qalan köhnə raketləri, habelə öz anbarlarındakı istifadəyə yararsız sayılan hərbi ləvazimatı təmir edərək texniki ehtiyatını bir qədər artıra bilər. Rəsmi məlumatlara görə, SSRİ dağıldıqdan sonra Ukrayna silahlı qüvvələrinin arsenalında “Toçka-U” OTRK üçün ən azı 500 müxtəlif modifikasiyalı raket qalıb. 1960-70-ci illərdə hazırlanmış bu raket sistemi son vaxtlara qədər Rusiya silahlı qüvvələrinin bütün raket briqadalarının bir hissəsi olub. Sözügedən sistemdən Rusiya silahlı qüvvələri tərəfindən Şimali Qafqazdakı döyüş əməliyyatlarında, eləcə də Gürcüstandakı hərbi toqquşmalar zamanı istifadə edilib. Ermənistanın Azərbaycana təcavüzü zamanı “Toçka-U” raket sistemi dəfələrlə dinc əhaliyə qarşı tuşlanıb. Sistemin ixrac versiyaları Suriya və Yəməndəki hərbi əməliyyatlarda da tətbiq olunub.
Ermənistan niyə Ukraynanı silahlandırır?
“Toçka-U” raket sistemi indiyədək Ukraynanın raket bölmələri tərəfindən Rusiya silahlı qüvvələrinə qarşı fəal istifadə olunsa da, kəşfiyyat məlumatlarına görə, son zamanlar Ukraynanın həmin sistem üçün lazım olan sursatı tükənibmiş. Bu səbəbdən ortaya sual çıxır: bəs Ukrayna sonradan bu raket ləvazimatlarını hansı yolla, necə əldə edib?
Ağlagələn bütün versiyaları təhlil etdikdən sonra rusiyalı hərbi analitiklərin gəldiyi ortaq nəticə budur ki, Kiyev sözügedən raket sistemlərini və onun komponentlərini Ermənistandan alıb. Rusiya silahlı qüvvələrinin ehtiyatda olan hərbçisi general-leytenant Yuri Netkaçev hesab edir ki, “Toçka-U”nun İrəvandan Ukraynaya daşınması Gürcüstan ərazisindən keçən iki marşrut üzrə - ya quru yolla kamuflyaj edilmiş ağır yük tırları vasitəsilə, ya da İrəvan-Poti dəmiryol xəttilə çatdırılıb. Məlumatlarda o da qeyd olunur ki, Ermənistana Fransanın göndərdiyi “50 VAB Bastion” zirehli transportyorları da göstərilən marşrut xəttilə ötürülüb.
Yeri gəlmişkən, kəşfiyyata o da məlum olub ki, Fransanın İrəvana göndərdiyi zirehli maşınlar öncə Ukrayna silahlı qüvvələrinə verilmək üçün nəzərdə tutulubmuş. Lakin Kiyev Fransa silahlarını keyfiyyətsiz saydığına görə Parisin bu yardımından imtina edib. Hamam suyu ilə özünə dost tutan Fransa isə Ukraynanın qəbul etmədiyi zirehli texnikasını bu dəfə Ermənistana göndərib. General Netkaçrvin sözlərinə görə, Qərbin Ukraynaya göndərdiyi hərbi ləvazimat əsasən Qara dəniz vasitəsilə çatdırılır. General Qərbin erməni faktorundan da gen-bol istifadə eləmək niyyətində olduğunu sözlərinə əlavə edib.
Ümumilikdə isə Rusiya mediası Fransadan bu marşrutlar vasitəsilə Ermənistana hava hücumundan müdafiə radarlarının, “Mistral” zenit sistemlərinin və termal görüntülərin çatdırılması barədə yazır. Guya bununla da İrəvan Sovet-Rusiya silahlarından canını qurtaracaq və Rusiyadan qalma texnikasını Ukraynaya inkoqnito (gizli yolla) tədarük edəcək. Ekspertlər bu formulu Ermənistan, Fransa, ABŞ və NATO arasında gizli tərtib edilmiş “yeni düstur” adlandırırlar.
Nəzərə alsaq ki, Ermənistan KTMT-də Rusiyanın hərbi müttəfiqidir, onun bu hərəkətləri qurumun nizamnamə tələblərini ciddi surətdə pozur. Üstəlik, İrəvan Ukraynaya silah verməklə həm də Rusiyanın öz silahları ilə vurulmasının həmmüəllifi kimi çıxış edir. Bütün bunları nəzərə alsaq, söyləmək mümkündür ki, İrəvanın bu hərəkətləri Kreml tərəfindən cavabsız qalmayacaq.
İrəvanın 400 milyon dollarlıq “aliment” tələbi
Bu arada Rusiyanın müxtəlif tele?ram kanalları yazır ki, Ermənistan hakimiyyəti bir neçə “Toçka-U” buraxılış qurğusunu raketləri ilə birlikdə Ukrayna silahlı qüvvələrinə təhvil verəcəyini çoxdan vəd edibmiş. Məlumata görə, bu barədə razılıq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak arasında oktyabrın sonunda Maltada keçirilən görüş zamanı əldə olunub.
Ekspertlər Ermənistanın əlində olan rus silahlarını Ukraynaya verməsi planında ABŞ-ın da rolu olduğunu güman edirlər. Ağ Ev erməni rəsmiləri ilə danışıqlar zamanı Ermənistanda hələ qalmaqda olan sovet istehsallı “Osa-AK” zenit-raket komplekslərinin Ukrayna silahlı qüvvələrinə təhvil verilməsi məsələsini mütəmadi olaraq qabardır.
Aydındır ki, diplomatik problemlər hərbi-texniki və geosiyasi problemlərlə sıx bağlıdır. Qərb tərəfindən irəli sürülən “Ukraynanın sülh formulu”, məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılmasını, ona dəymiş bütün maddi-mənəvi zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin tapılmasını nəzərdə tutur. Burada maraqlı məqam ondan ibarətdir ki, faktiki olaraq SSRİ dağıldıqdan sonra da Rusiyadan asılı olan, Moskvanın ianəsi ilə dolanan Ermənistan indi özünü Ukrayna ilə eyni tərəziyə qoyaraq Rusiyadan kompensasiya tələb etmək istəyir. Bu məlumatı da Rusiya mediası yazıb. “Artıq bir müddətdir ki, Ermənistan postsovet dövründə ona edilən təmənnasız yardımları heçə sayaraq, Rusiya Federasiyasından ona çatdırılmadığını iddia etdiyi hərbi yardıma görə Moskvanın İrəvana 400 milyon dollar borcu olduğunu düşünür”, - “Rıbar” teleqram kanalının yaydığı məlumatda belə deyilir. Kanal bunu da qeyd edib ki, postsovet dövründə Rusiya Ermənistan silahlı qüvvələrini “Toçka-U” ilə silahlandırmaqda davam edib və hazırda Ermənistan tərəfindən həmin OTRK-nın daha 200-ə yaxın hissəsinin Ukrayna silahlı qüvvələrinə verilməsi təhlükəsi var.
Hərbi ekspertlər Azərbaycanla müharibə zamanı Ermənistanın bu raket sistemlərindən lazımınca yararlana bilməməsini ermənilərin raket kompleksləri üzrə yüksək səviyyəli mütəxəssislərinin olmaması ilə izah edirlər. İndiki vəziyyətdə isə ruslar olduqca narahat görünürlər. Çünki illər boyu silahlandırdıqları “dost” ermənilər indi həmin silahları onların özlərinə qarşı çeviriblər. Həm də açıq şəkildə - KTMT-ni saymayaraq, Roma statutuna qol çəkərək, üstəlik Rusiyadan kompensasiya tələb edərək.
Lakin necə deyərlər, duza gedən ermənilər unudurlar ki, Qərbin də öz “dostunu” quyuda qoyub qaçmağı heç də görünməmiş hadisə deyil. Sağ əli Paşinyanın başına, məsələn, hazırda Gürcüstanın keçmiş çılğın prezidenti Saakaşvilinin səsi həmin quyudan gəlir...
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

