Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Prezidentindən Fransaya sərt mesaj...

Türkiyə Prezidentindən Fransaya sərt mesaj...

12.12.2023 [10:43]

Ermənistan Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl etməli, Fransanın “dəstəyinə” güvənməməlidir

Nardar BAYRAMLI

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Fransanı çox ciddi narahat edir. Bu fakt ermənidən daha çox ermənilik edən rəsmi Parisə rahatlıq vermir. Ona görə də, ölkəmizə qarşı qərəzli kampaniyanı davam etdirir. Hətta Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı Fransa Ermənistanla müqayisədə daha destruktiv və qərəzli mövqe sərgiləyir. Bu ölkənin İrəvanı silahlandırması isə bölgəyə yaxşı heç nə vəd etmir. Əksinə, görünən odur ki, Fransa öz addımları ilə Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq istəyir. Məqsəd isə Ermənistanın vasitəsilə regiona daxil olub möhkəmlənməkdir. Çünki Avropa ilə Asiyanın qovuşağında yerləşən Cənubi Qafqaz böyük geostrateji önəmə malikdir. Amma bütün hallarda Fransanın bu məqsədləri fiaskoya məhkumdur.

Türkiyə Fransanın bu kimi destruktiv addımlarını diqqətlə izləyir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Parisə ciddi xəbərdarlıq edib. Belə ki, cənab Ərdoğan Afinadan qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bildirib ki,  Fransanın Ermənistana zirehli şəxsi heyət daşıyan texnika göndərməsi təhrikedici addımdır: “Hazırda Fransanın etdiyi, sadəcə, təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, tam əksinə, pislik edir. Daha əvvəl də Fransa Ermənistana çox dəstək verib. Nəticədə nə əldə etdilər? Heç nə. Fransa Minsk üçlüyünə daxil idi. İş bitib, heç bir nəticə əldə edilməyib. Vəziyyət belə olduğu halda, o, Ermənistanı yenidən təxribata çəkir. Zirehli daşıyıcılar göndərsəniz nə olacaq ki? Buradan nəticə əldə edə bilməzsiniz. Çünki artıq öz torpaqlarını işğaldan azad edən Azərbaycan var”.

Qarabağda əldə edilən nəticənin ortada, aşkar olduğunu xatırladan Türkiyə Prezidenti deyib: “İndi bu hərbi texnikanı göndərməklə nə əldə edəcəksən? Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi. Bunlar nəticə almaq üçün deyil, sadəcə, Ermənistanı aldadırlar. Ermənistan hökuməti son təcrübələrindən dərs götürməli və bu təxribatlara aldanmamalıdır. Hazırkı sülh fürsətini dəyərləndirib onu çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın xeyrinə olar. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Onun əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaq”.

Xatırladaq ki, oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirləri Ermənistana silah tədarükü ilə bağlı  müqavilələr imzalayıb. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyanın imzaladığı sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulurdu. Müqavilələrə əsasən, Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri, eləcə də digər hərbi texnikalar almalıdır. Artıq silahların bir qisminin Ermənistana göndərilməsinə başlanıb. Belə ki, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar Fransadan bu ölkəyə göndərilib. Həmçinin “Bastion” üçün avadanlıqlar da unudulmayıb. Avadanlıqları göndərən isə Fransanın ARQUUS şirkətidir.

Bütün bunlar Fransanın Cənubi Qafqazda sülhün təmin olunmasına maraqlı olmadığını göstərir. Əgər belə olmasaydı, vaxtilə Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa münaqişənin sülh yolu ilə həlli üçün təşəbbüslər göstərərdi. Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayıb, 1 milyondan çox insan öz doğma yurdlarından didərgin düşüb. Ermənistan bu dövr ərzində həmin ərazilərdə hər şeyi, o cümlədən müqəddəs hesab olunan dini abidələri, məscidləri də tamamilə dağıdıb.    Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq birlik, o cümlədən Fransa Ermənistana qarşı təzyiq göstərmədi. Əslində, Fransa kimi ölkələrin dəstəyi İrəvanı işğalçı siyasətini davam etdirməyə həvəsləndirirdi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa əsasən öz gücünə işğal altında olan torpaqlarını azad etdi. Müharibə dövründə və ondan sonra işğalçı Ermənistana və erməni separatizminə açıq dəstək verən rəsmi Paris beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bu yaxınlarda Ermənistana silah tədarükü ilə bağlı müqavilənin imzalanması və artıq hücum xarakterli hərbi texnikaların Fransadan yola salınması isə Parisin Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən xəbər verir.

Ona görə də, Ermənistan Türkiyə Prezidenti Ərdoğanın çağırışına diqqət etməli, Fransanın təxribatlarına uymamalıdır. İrəvan nəzərə almalıdır ki, Fransa 44 günlük müharibə dövründə də nə qədər çalışsa da, Ermənistanın xeyrinə heç nə edə bilmədi. Əslində, erməni tərəfinin Fransaya güvənməsi onları daha da çətin duruma saldı. Digər tərəfdən, Türkiyə dünyanın ən güclü dövlətlərindən biri olaraq Fransanın regionda hansısa təxribatçı addımlarının qarşısını almağa qadirdir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi də bunu təsdiqlədi. Fransadan fərqli olaraq Türkiyə dünyada, o cümlədən Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması üçün səmimi olaraq güclü səylər ortaya qoyur.

Yaxın Şərqdə, Suriyada, Liviyada Ankaranın sülh təşəbbüsləri bunu təsdiqləyir. Son iki ilə yaxın müddətdə isə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyənin və şəxsən Prezident Ərdoğanın səyləri bütün dünyada təqdir edilir. Bütün bunların fonunda cənab Ərdoğanın dediyi kimi, Ermənistan Fransanın “dəstəyinə” güvənməməli, sülhə gəlmək üçün praktiki addımlar atmalıdır.  

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31