Nə üçün məhz İlham Əliyev?
18.01.2024 [10:00]
Ölkəmizdə Prezident seçkiləri kampaniyası aparılır. Növbədənkənar seçkiləri hansı amillər şərtləndirdi?
Seçki kampaniyası zamanı yaradılan şərait necədir?
Seçici səs verərkən hansı amilləri əsas götürərək iradəsini ifadə edəcəkdir?
Növbədənkənar seçkiləri hansı amillər şərtləndirdi?
Məlum olduğu kimi, ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi vaxtını konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Elan edilən növbədənkənar prezident seçkiləri ölkə konstitusiyasına əsaslanır. Azərbaycan konstitusiyasının 101-ci maddəsinin 1-ci bəndində yazılır: “1. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edə bilər”.
Deməli, növbədənkənar prezident seçkiləri təyin edilməsi konstitusiyaya tamamilə uyğundur, hüquqi baxımdan sual doğura biləcək bir məsələ yoxdur.
Konstitusiyanın bu maddəsinin işə düşməsini isə bir sıra ictimai-siyasi amillər şərtləndirib. Birincisi, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında konstitusiya aktı qəbul edildikdən sonrakı müddətdə heç bir zaman dövlət suverenliyi ölkənin bütün ərazisində tam hakim olmayıb. Heç bir vaxt prezident, parlament və bələdiyyə seçkiləri Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər rayonlarda məntəqələr yaradılaraq keçirilməyib, işğal altında olan ərazilərdə Azərbaycan milli valyutası və qanunları işləməyib. Ermənistanın hərbi təcavüzü nəticəsində ev-eşiklərindən didərgin düşərək ölkənin bir neçə rayonunda yaşamağa məcbur olan köçkünlər pərakəndə halda səs veriblər. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 1991-ci ildən, əslində isə 1988-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Respublikasının dövlət suverenliyi bütün ölkə ərazisində tam bərqərar edilib, dövlət bayrağı hər bir yaşayış məntəqəsində dalğalanır.
Deməli, Azərbaycanda tamamilə yeni tarixi reallıq yaranıb. Ölkə həyatında yeni dövr başlayıb. Hazırda məcburi köçkünlər planlı şəkildə öz yurdlarına qayıdırlar. Dövlət suverenliyinin tam bərqərar edilməsinin yaratdığı yeni gerçəklik növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edib.
İkincisi, ölkənin siyasi həyatında partiyaların yenidən qeydiyyata alınması prosesi başa çatıb. Partiyaların güc baxımından yerləşməsini və cəmiyyətin siyasi inkişaf meyillərini bilmək zəruridir. Bütün demokratik ölkələrdə bunu müəyyənləşdirən yeganə meyar, barometr seçkidir. Növbədənkənar prezident seçkiləri millətin nə düşündüyünü, partiyaların öz güclərini, cəmiyyətdə hansı nüfuza sahib olmalarını bilmələrindən ötrü dövlət hakimiyyətinin yaratdığı əlverişli demokratik imkan və yoldur. Bu, eyni zamanda, partiyaların daxili imkanlarını, təşkilati strukturunu, zəif yerlərini bilmək, seçki təcrübəsini öyrənmək və ya təkmilləşdirmək baxımından da bir fürsətdir. Çünki ölkənin siyasi sistemində hər hansı bir siyasi partiyanın yerini müəyyənləşdirən vasitə sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək az qala hər gün bəlağətli, populist nitqlər söyləyən liderlərin dedikləri deyil, seçkidir.
Deməli, bu seçki partiyaların formalaşması və ölkənin siyasi sistemində yerlərini bilmək üçün yeni şəraitin yaradılmasıdır.
Üçüncüsü, növbədənkənar seçkiyə getməklə Prezident İlham Əliyev müharibədə qazanılan qələbədən sonra cəmiyyətdə özünün nüfuzunu bir daha öyrənmək, aparılan islahatların və görülən işlərin millət tərəfindən qəbul olunub-olunmadığına əmin olmaq üçün cəsarətli addımlar atır.
Nəhayət, növbədənkənar prezident seçkilərinin keçirilməsi yalnız Azərbaycan hadisəsi deyildir. Buna qədər də ölkəmizdə 1992 və 1993-cü illərdə növbədənkənar Prezident seçkiləri keçirilib. Dünya ölkələrinin tarixindən də belə seçkilərə dair onlarla misal göstərmək olar. Məsələn, 2008-ci il yanvarın 5-də Gürcüstanda, 2010-cu il iyunun 20-də Polşada, 2014-cü il mayın 25-də Ukraynada, mayın 26-27-də Misirdə, 2015-ci il sentyabrın 6-da Qvatemalada, 2017-ci il mayın 9-da Cənubi Koreyada, 2019-cu il sentyabrın 15-də Tunisdə, 2020-ci il avqustun 4-8-də Belarusda, 2021-ci il yanvarın 10-da Qırğızıstanda, 2022-ci il martın 3-də Ermənistanda (bu ölkədə prezident parlamentdə seçilir), 2022-ci il martın 12-də Türkmənistanda, noyabrın 20-də Qazaxıstanda, 2023-cü il iyulun 9-da Özbəkistanda, 2023-cü il avqustun 20-də Ekvadorda növbədənkənar prezident seçkiləri keçirilib.
Deməli, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün hüquqi, ictimai-siyasi şərait və beynəlxalq təcrübə baxımından heç bir problem yoxdur, tamamilə qanunidir. Qalır seçkiyə qatılmaq və öz gücünü göstərmək.
İddiaçılar və seçki kampaniyasında yaradılan şərait
Növbədənkənar seçkilər elan edildikdən sonra ölkə rəhbəri olmaq iddiasını ortaya qoyan bir neçə partiya rəhbərinin və müstəqil şəxsin namizədliyinin irəli sürülməsi tamamilə təbiidir. Belə bir mənzərə demokratik ölkəyə xasdır. Çünki alternativsiz, rəqibsiz və rəqabətsiz demokratiya və onun tərkib hissələrindən biri kimi demokratik seçki olmur. Bu, həm siyasi partiya rəhbərlərinin və müstəqil şəxslərin iddialarını, həm də seçkiöncəsi yaradılmış bərabər, azad, ədalətli, demokratik və şəffaf mühiti göstərir.
Məlumdur ki, hər bir Azərbaycan vətəndaşı konstitusiyanın tələbinə uyğun olaraq öz namizədliyini irəli sürə bilər. Namizədlərin istəkləri normal və başa düşüləndir. Ona görə də namizədliyi irəli sürülmüş bütün şəxslərə hörmət və ehtiramla yanaşılmalıdır. Gücünü sınamaq hər zaman müsbət qiymətləndirilib. Ancaq ən vacib şərt ölkəyə rəhbərlik etmək istəyən hər hansı bir şəxsin istəklərinin, iddialarının imkanları ilə üst-üstə düşüb-düşməməsidir. İmkanlar iddialarla və arzularla üst-üstə düşməyəndə hədəfə çatmaq olmur. İnsan daşıya biləcəyi yükü götürməli, bacardığı işin qulpundan yapışmalıdır. Götürə bilmədiyi yük iddialı şəxsi və siyasi partiyanı çətin vəziyyətə düşürər. Ərazisinin həcmi və əhalisinin sayı baxımından ölkəni idarə etmək ilk baxışdan asan görünsə də, Azərbaycanda Prezident vəzifəsi çox ağır bir yükdür. Hər adam bu yükün altına girə bilməz. Bu yükü daşımaq istəyən şəxs təkcə daxili deyil, beynəlxalq məsələləri də mükəmməl bilməli, əvvəlcədən konkret proqramı və strategiyası olmalıdır. Çünki Prezident kürsüsündə oturduqdan sonra proqramlar tərtib etmək zaman aparır, illər sürətlə ötüb keçir. Nəticədə bütün millət və dövlət üçün ağır, çıxılmaz vəziyyət yaranır. Tariximizdəki bu acı təcrübəni 1991-1993-cü illərdə görmüşük. Dövlət müstəqilliyinin bərpasından ötən illərin tarixindən alınan dərslər göstərir ki, Azərbaycan eksperimentlər ölkəsi deyildir və millət təlatümlərin əleyhinədir, davamlı, sabit inkişaf yolu ilə getmək istəyir.
Bəzi partiyaların seçkidə iştirak etməmək barədə qərarı: hüquq, yersiz iddialar yoxsa gerçəkliyin dərki?
Dünya ölkələrində siyasi partiyalar yaranandan bəri daim hakimiyyət uğrunda mübarizə gedib. Partiyalararası mübarizə demokratik cəmiyyətlərin ayrılmaz bir hissəsidir. Çünki hakimiyyətə gəlməyin yolu yalnız seçkidən keçir. Ölkəmizdə bir neçə partiyanın seçkilərdə iştirak etməmək barədə qərar qəbul etmələri onların daxili işi olduğundan hörmətlə yanaşılmalıdır. Hər hansı bir partiyanı zorla seçkidə iştiraka sövq etmək olmaz. Amma belə bir sual yaranır: seçkidə iştirakdan imtina edən bu partiyalar o zaman nə üçün yaradılıblar və hakimiyyətə hansı yollarla gəlmək istəyirlər? Onlar üçün hakimiyyətə gəlməyin yolu nədir? Axı seçkidən başqa bir yolu Azərbaycan cəmiyyəti qəbul etmir. Müstəqilliyin ilk illərində buna dair acı təcrübə vardır. Heç şübhəsiz, onlar uduzacaqlarını bəri başdan bildikləri üçün seçkidə iştirak etməmək barədə qərar veriblər. Amma dünya ölkələrinin təcrübəsi göstərir ki, siyasi partiya hətta uduzacağını biləcəyi halda belə, qüvvəsini, zəif və güclü tərəflərini, təşkilatlanma səviyyəsini müəyyənləşdirməkdən, seçkidə yol verilən nöqsanları təsbit edərək ictimailəşdirməkdən ötrü seçkiyə qatılır. Qərarın verilməsi ilk növbədə, bu partiyaların sosial bazasının olmadığını və millət tərəfindən dəstəklənmədiklərini bilmələri ilə bağlıdır. Deməli, partiya üzvləri təşkilat rəhbərlərindən
Seçkidə iştirak etməmək barədə yaratdıqları vəziyyətə görə hesabat tələb etməli, suallar verməlidirlər. Axı partiyadaxili mübarizə də demokratiyanın ayrılmaz bir hissəsidir. Hesab edirəm ki, partiya rəhbərləri üzvlərinin haqlı suallarına cavab verə bilməyəcəklər. Bu isə partiyadaxili ziddiyyətləri daha da kəskinləşdirəcək və istefalara gətirəcəkdir.
Musa Qasımlı,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

