Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

02.05.2026 [08:31]

Son qapıda tanınmayanlar

Atamı anası tanımadı...

məni isə

oğlum bəlkə tanımaya

həyatımın ən son qapısında.

Cib bıçağımı bəzəyən adını göstərsəm ona -

nə bilim...

bəlkə hansısa Hollivud ssenarisinin təsiri ilə

ürəyi səksər,

bir an titrəyər.

Bu da bəsimdi, vallah.

Qızdırmaölçən

qoltuqdan necə sürüşdüsə,

ürək də eləcə

sındı, parçalandı

daş döşəmələr üstündə.

İndi üzümü gizlətmək vaxtıdır

bahalı qəzetlərin arxasında.

Oturursan xaricdə,

bahalı otellərin foyesində.

Üzünü yox, özünü gizlədirsən

bu kağızlara.

Daha çox inanırsan onlara

nəinki yaxınlarına,

dostlarına.

Qara eynəyini azca sürüşdür aşağı -

bəlkə kimsə köhnələrdən

tanıdı səni...

Çantamı sənə tapşırıb getdim

gedərgəlməzlərə.

Ən düzgün hərəkəti

bütün səhvləri edən kəs edəcək -

yəni mən.

İncimə.

***

“Amerikano” barlarında

axtardığını tapmaq çətindir,

əgər axtardığın

insandırsa.

Bu yerlər

itmək istəyindən yaranıb.

Bəlkə bir gün

uzun masanın o başından

bir qədəh sürüşəcək sən tərəfdən -

kreyser sürəti ilə

mənə doğru.

Və mən...

qaranlığın bağrından çıxan əlimlə

onu tutacam.

Sənin mesajını

boğazımda əridəcəm.

***

Ağlamağa gəlincə -

birinci həmişə insan ağlayır,

sonra yağışlar, bulaqlar...

birinci həmişə insan ağlayır,

sonra bütün qalanlar.

Sonra -

bütün yağışlar

ildırım xətkeşi ilə

göylərin ölçüsünü çəkər.

***

Yediyimiz çörəklər dadsızdır...

onlara dad verən

zindana göndərilən çörəklərin içindəki

gizli məktublardır.

Orda, şikəstə xəttiylə

mənim hikmətlərim yazılar.

Göy üzü də yer üzüdür -

sadəcə torpaqsız.

***

Bu dünyada nə varsa

həm var, həm də yox.

Bütün sevgilər bitər,

amma sonunda

nöqtə olmaz.

***

Uşaqlar ağlasın -

onların gözündə su var,

hələ göz yaşı yox.

Ölüm bizim sözləri tələffüz etsə,

bir səs düşər içindən.

İnsan da belə ölər -

amma

göyə buraxılan çərpələng

ipini qırmasa,

azad ola bilməz.

***

Cəlaləddin...

külək tərpədəcək

qəmin tərəzisini.

Hər nə var idi -

sənə yar idi.

Qapı da divar idi

Şəmsin nuru gəlməyincə.

Mən sevgilimi yox,

sevgini sevirəm.

***

Siz gedirsiniz -

mən yol gedirəm.

Pəncərələri eynək kimi taxmış evlərdə

dünyanın kor olduğunu görürəm...

Mən...

Mən...

Mən...

***

Bu yaz...

heç kimi sevmədim.

Heç kimi.

Nə özümü,

nə gecələrimi,

nə də güzgüdə gördüklərimi.

Ancelikanı belə

Triyestin çirkab sularına atdım.

Xəyanətləri gördüm,

güllələnən anları,

və bir az

gülümsədim.

Üzərində “Axtarışdadır” yazılan

öz şəkillərimə

nəhayət bənzədim.

Kimsəni sevmədim.

Dünya silkələndi,

amma axırda hər şey

bir cümləyə sığdı:

bu yaz

mən heç kimi sevmədim.

İndi dayanmalıyam,

dərin düşünməliyəm.

Dalğaların dilində,

kölgələrin birləşməsində

hekayəmi danışmalıyam.

Həyat mənə

öz qara əlcəyini atdı.

Triyestin küçələrində

pişiklərin gözləri

şeytan kimi parıldadı.

Boz tüstü

göyə qalxa bilmədi.

Yollar azdı,

maşınlar məni tapdı.

Gözlərim son dəfə yazdı:

“bu yaz mən heç kimi sevmədim...”

və sonra -

gülləbaran başladı.

***

Ekvator xətti, Çin səddi, son həddi,

bir son hüdudu da var.

Ancaq bu hüdudu pozan

Mən kimi bir ala buludu da var!!!

Uçar,

sənə tərəf həmişə, uçar, uçar...

Ucalar.

Televizor pultunun proqramını,

Bu uşaq həmışə qatıb - qarışdırar.

Bu Təbrizdə ağcaqanadlara qarşı bir dərman var

Adı “ Taro mar!” -

Qorxur ondan amerikanlılar!

Təyyarələrdə son həqiqəti deyəcək

Bir qara qutu var...

Bilirəm, irəlidə Donald Trampın sevdiyi

Cümə günü, ayın 13-ü var,

ABŞ təyyarələrinin Təbriz üzərinə hələ kütləvi hücumu var,

Bunun ermənisi var, kürdü var...

Tehran beş gündü yanır,

Üfüqlərin qapqara tüstüsu var,

Qonşu Qulamhüseyn kişinin gözləri qızarıb...

ölüsü var...

Hə... divarlar aşılmazdı Təbrizdə guya....

Ancaq bu divarlara dırmanan Dərbəndi üzümü də var!!!

Oturmuşuq Təbrizin “ Şairlər qəhvəsi”ndə çaysız,

qara qazanlarda baxırıq qalaysız....

Qəlyansız.

Şair əvəzi bir baqqal danışır:

- Bunun hələ Səudisi var...

Bu kafenin hələ qara bir küncü var...

Ordan, növbəti qafiyə səslənir:

- Hələ bu işin YƏHUDİSİ var...

Neynək...

Nuşirəvanın hələ bayquşu da var...

O biri küncdə satdıq 100 min dollarlıq uyuşdurucu tozu var!

Hələ bir az da ucuzu var!

Ancaq bütün bu iyrənc mənzərələrdən bir gözələ tərəf gedən

Həyat izi var...

Bu zülmətin öz musiqisi,

uzaq it zingiltisi var...

Burda peşmançılıq hissi var,

bir nəfərin soyumaz hirsi var,

Nə yaxşi ki, bir bədbəxt Həmidin dizi var -

Ovcunu çırpmağa...

İlhamiyyə, mənə bir yuxu ver,

iyləməyə bir qoxu ver,

Mən Puşkinin seçdiyi bu dəfəki duel,

Qalibindi...

Əsl şairindi.

Həyat bizim televizion duetinindi...

Sənin ancaq bir telesüjetindi!

Həmid Herisçi

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31