23 saat 43 dəqiqə...
19.09.2024 [09:18]
Ərazi bütövlüyümüzü təmin edən zaman
Hər bir dövlətin və xalqın vazkeçilməz prioritetləri olur. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması əsas məsələ kimi təxminən 30 il ərzində müstəqil Azərbaycanın gündəliyinin mərkəzində dayanıb. İş elə gətirib ki, ölkəmiz müstəqilliyinin ilk illərində Ermənistanın işğalına məruz qalıb, ərazilərimizin 20 faizi zəbt olunub, bir milyondan artıq soydaşımız doğma yurd yerlərindən didərgin salınıb, tarixi torpaqlarımız olan Qarabağda separatçı rejim qurulub. Ancaq beynəlxalq təşkilatların loyallığına rəğmən, Azərbaycan dövləti və xalqı heç vaxt işğal faktı ilə barışmadı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi uğrunda sarsılmaz iradə, möhkəm həmrəylik nümayiş etdirdi, ara vermədən mücadilə apardı, iqtisadiyyatını gücləndirməklə, müasir ordu qurmaqla, fəal diplomatiya həyata keçirməklə addım-addım öz hədəfinə doğru irəlilədi.
Biz qeyd etdiyimiz prioritetlərimizə iki mərhələdə nail olduq. Əvvəlcə 2020-ci ildə 44 günlük müharibədə qazandığımız şanlı Qələbə sayəsində ərazi bütövlüyümüzün təmin olunmasına hərbi-siyasi yolla nail olduq. Tarixin bu günündə - 2023-cü il sentyabrın 19-da başlayan 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq isə Qarabağ üzərində suverenliyimiz təmin edildi. Hazırda Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla ölkənin bütün ərazisində Azərbaycan Bayrağı əzəmətlə dalğalanaraq bizlərə sonsuz qürur hissi yaşadır.
Müharibə başa çatsa da...
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etməyə nail olub. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata uyğun olaraq isə sonrakı mərhələdə Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana təhvil verilib.
Ancaq müharibə başa çatsa da, məğlub Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmədi və manipulyasiyalara əl atdı. Bəhs olunan sənəddə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycan ərazilərindəki hərbi hissələrini geri çəkməklə bağlı idi. 44 günlük müharibədən sonrakı üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Azərbaycan ərazilərində qalaraq separatçılıq əməllərini davam etirir, tez-tez təxribatlara əl atırdı. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz narahatlığını nəzərə çatdıraraq dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına, digər tərəflərə müraciət edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının yolverilməz olduğunu əsaslandırıb. Rəsmi Bakı buna son qoyulmasını tələb edirdi.
Azərbaycanın haqlı tələbləri eşidilmədi. Müharibədən sonra respublikamız Ermənistana davamlı sülh üçün çağırışları etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da, danışıqlar böhran və baş verən silahlı toqquşmalarla müşayiət olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında şərti sərhədlərdə törədildi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlara əl atdılar, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Eyni zamanda, mina terroru da davam edirdi. Ermənistandan Laçın - Xankəndi yolu ilə separatçılara çoxlu sayda minalar göndərilirdi. Müharibədən sonra daha da genişlənən mina terrorunda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edildiyi təkzibolunmaz faktlarla təsdiqlənib.
“Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulması
Separatçıların Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarını davam etdirmələri də narahatlıq doğurmaya bilməzdi. Həmin fəaliyyətlər nəticəsində sərvətlərimiz talanır, ekologiyaya ciddi ziyan vurulurdu. Bununla əlaqədar olaraq Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri və ekologiya fəalları 2022-ci il dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar separatçıların qanunsuz fəaliyyətlərinə, ərazilərimizə minalar və digər-silah-sursat daşınmasına son qoyulmasını tələb edirdilər.
44 günlük müharibədən sonra 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinə gedən yolda “Laçın” nəzarət-buraxılış məntəqəsinin qurulması çox mühüm bir hadisə oldu. Ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət təmin olundu. Bununla belə, yeni vəziyyətdə ermənilər növbəti manipulyasiyalara əl atdılar. Belə ki, separatçılar nəzarətsiz qalan torpaq yollarla Xankəndinə Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirməyə cəhdlər göstərdilər. Kosmostan çəkilən görüntülər onların bu çirkin əməllərini də ifşa etdi.
Beləliklə, dəhliz manipulyasiyalarını dayandırmayan separatçıların və Ermənistandakı revanşistlərin suverenliyimizə xələl gətirən əməllərinin qarşısı qətiyyətlə alınmalı idi və bunu Azərbaycan etdi. Beynəlxalq hüquq normalarına istinad edən respublikamız 2023-cü il aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Ermənilər sərhəd-keçid məntəqəsinin qurulmasını beynəlxalq ictimaiyyətə əyri güzgüdən təqdim etməyə çalışırdılar. İddia olunurdu ki, guya Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşları blokadada saxlayır və burada humanitar fəlakət yaşanır. Belə iddiaların heç bir əsası yox idi. İki ölkə arasındakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququ idi və ölkəmiz bu hüququndan istifadə etmişdi. Bu məntəqənin qurulmasında əsas mqsəd Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin, həmçinin sərvətlərimizin daşınmasının qarşısının alınması idi.
Erməni əhaliyə verilən təminatlar
Azərbaycan 30 il ərzində işğala məruz qalan tərəf olsa da, üçtərəfli Bəyanat imzalandıqdan sonra müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmini ortaya qoydu. Ölkəmizin yaratdığı yeni reallıqlar bölgədə sül, əməkdaşlıq və təhlükəsizlik üçün geniş perspektivlər açıb. Bundan səmərəli istifadə olunmalıdır. Respublikamız Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.
Eyni zamanda, Azərbaycan dövləti Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri öz vətəndaşları hesab etdiyini bildirirdi. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda birmənalı şəkildə vurğulayırdı ki, erməni əsilli vətəndaşlara da hər cür təminatlar veriləcək və onların təhlükəsizliyi təmin olunacaq. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər reinteqrasiya prosesinə qoşulmalı və daha yaxşı yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməli idilər. Yeri gəlmişkən, erməni əsilli vətəndaşların bir qrupu ilə Xocalıda ilk görüş keçirilmişdi. Azərbaycan prosesin davam etdirilməsini istəyirdi. Ermənilərə Bakıda görüşmək reinteqrasiya prosesini müzakirə etmək təklifləri təqdim olunmuşdu. Bütün bunlar dövlətimizin və cəmiyyətimizin niyyətini ifadə edirdi. Respublikamızın xoş məram sərgiləməsinə rəğmən, separatçılar müxtəlif ssenarilər uydururdular. Özlərini separatçıların “liderləri” adlandıranlar tez-tez Ermənistandan, Fransadan təlimatlar almağa gedir və absurd iddialar səsləndirirdilər. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri saylarını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Vaxt yetişdi və separatizmə son qoyan əməliyyat baş tutdu
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Necə deyərlər, vaxt yetişmişdi və ərazilərimizdə separatizmə son qoyan lokal xarakterli əməliyyatlar uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Azərbaycan hərbçilərinin qəhrəmanlığı və yüksək peşəkarlığı
Lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Hərbçilərimizin peşəkarlığını və qəhrəmanlığını xüsusi vurğulamaq lazımdır. Relyef şəraitinin mürəkkəbliyini, çoxlu sayda istehkamların mövcudluğunu, düşmən mövqelərinin ağlagəlməz məkanlarda, o cümlədən də yaşayış məntəqələrinin, mülki infrastrukturun yaxınlığında yerləşməsini nəzərə aldıqda hərbçilərimizin necə böyük igidlik və peşəkarlıq göstərdikləri barədə konkret təsəvvür yaranır. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Aparılan əməliyyatlar zamanı Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilib.
Dəfələrlə Azərbaycanın görüşüb müzakirələr aparmaq təkliflərindən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük lokal xarakterli antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. Sentyabrın 28-də Qarabağdakı separatçı təsisatın rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb və beləliklə də ərazilərimizdə separatizmə birdəfəlik son qoyulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32

