Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat verib

28.12.2016 [09:42]

Dünən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2016-cı ildə fəaliyyəti barədə mətbuat konfransı keçirilib. DQİDK-nın sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cari ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini qurumların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının həyata keçirilməsi, dini maarifləndirmə işinin təşkili, dini radikalizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənələrinin təbliği və təşviqi sahəsində planlı və ardıcıl tədbirlər həyata keçirib. Dövlət Komitəsi xüsusilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq ölkə və beynəlxalq səviyyədə ardıcıl iş aparıb.
Vurğulanıb ki, cari ildə 101 İslam, 4 qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. Bildirilib ki, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 33 müraciət daxil olub. Bunlardan 24 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb. Ümumilikdə, 2016-cı ildə 9 ixtisaslaşdırılmış satış məntəqəsinə razılıq verilib.
Komitə sədri əlavə edib ki, il ərzində Komitədə 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb. Bundan başqa, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Vurğulanıb ki, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.
DQİDK sədri əlavə edib ki, Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin, o cümlədən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda maarifləndirici kitab və broşürlər nəşr olunub. Bunlara misal kimi, “Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri”, “Multikulturalizm”, “İşğal altındakı tarixi-dini abidələrimiz (ingilis dilində)”, “Dini plüralizm”, “Ən gözəl mübahisə”, “Quran qissələri”, “İslamda qadın haqları”, “İslamda yas və dəfn mərasimləri”, “Martin Lings. Həzrət Məhəmməd”, “Vəhdət: ayə və hədislər işığında”, “Dünyəvi dövlətdə dinin yeri”, “Radikalların suallarına cavablar”, “İslamda vətənpərvərlik”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Nurçuluq və Fətullah Gülən hərəkatı”, “Milli-mənəvi dəyərlər: qorunması zəruri olan dəyərlərimiz”, “Dövlətçiliyimizin qorunmasında milli-mənəvi dəyərlərin rolu” və s. nəşrləri göstərmək olar.
Bildirilib ki, Dövlət Komitəsi hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə dini radikalizmlə mübarizə istiqamətində 50-dən artıq tədbir həyata keçirib. Həmçinin Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planı çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 30-dan artıq tədbir təşkil olunub. Bununla yanaşı, Dövlət Komitəsi ilə Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə 24 tədbir həyata keçirilib.
Komitə bu il ərzində dini maarifləndirmə istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 tədbir həyata keçirib. Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Cari ildə Sərəncamda göstərilən istiqamətlər üzrə maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilib və 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 136 layihə maliyyələşdirilib.
O da qeyd edilib ki, Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində ümumilikdə 150-dən artıq tədbir keçirilib. Bu il ərzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda respublikanın, demək olar ki, bütün bölgələrini əhatə edən 22 regional konfrans, “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda 27 seminar-treninq keçirilib. Bakı, Qəbələ, eləcə də Təbriz şəhərlərində beynəlxalq konfranslar və sərgilər təşkil edilib, ölkəmizdəki multikulturalizm ənənələrinin beynəlxalq arenada təbliği istiqamətində çoxsaylı görüşlər keçirilib. Təbrizdə “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı fotosərgi təşkil olunub. Həmçinin ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin təbliği, dini radikalizmə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s. məsələlərlə bağlı Dövlət Komitəsinin sədri, eyni zamanda, əməkdaşları İran, Türkiyə, İsveç, Sinqapur, Almaniya, İspaniya və digər ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 12 mərkəzi şəhərdə (Sumqayıt, Siyəzən, Hacıqabul, Qəbələ, Ağdaş, Göygöl, Balakən, Qazax, Ağsu, Beyləqan, Kürdəmir, Biləsuvar) qəbul keçirilib. Qəbullar əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmalara maliyyə yardımının ayrılması, məscid və dini icmaların kitablarla təmin edilməsi, “Quran” kurslarının təşkili, məscidlərin təmiri, dini məzmunlu məhsulların satışı üzrə ixtisaslaşdırılmış məntəqələrin yaradılmasına razılıq verilməsi və s. məsələlərlə bağlı olub.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31