Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət gənclər siyasəti uğurla həyata keçirilir

Dövlət gənclər siyasəti uğurla həyata keçirilir

03.02.2017 [09:54]

Danılmaz faktdır ki, hər bir ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı gənc nəslin hərtərəfli inkişafı, onların potensialından düzgün istifadə və bu istiqamətdə siyasətin düzgün qurulması ilə sıx əlaqədədir. Belə ki, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır və bu gün gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu gün gənclərimizin fəal sosial təbəqə kimi aparıcı qüvvəyə çevrilməsi, öz bilik, bacarıq və potensiallarını effektli şəkildə reallaşdırması, nəinki ölkə daxilində, həmçinin beynəlxalq miqyasda uğurlar əldə etməsi bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi, onun konturlarının cızılması isə Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndər çox yaxşı bilirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin və dövlətin inkişafı üçün əsas hərəkətverici qüvvə sayılan gənclərin birləşməsi və fəaliyyətlərinin təşkilatlanması qarşıda duran vacib vəzifələrdən biridir. Məhz Onun təşəbbüsü ilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi ilə bağlı Sərəncam imzaladı və həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Əsası Ümummilli lider tərəfindən qoyulan gənclər siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı ildən-ilə daha da artaraq onların fəaliyyətinin ən aktual istiqamətlərini əhatə edir. İstedadlı gənclərin təhsilinin stimullaşdırılması, gənc ailələrə dəstək, gənclərin məşğulluğu, sağlamlığı və fiziki inkişafı və bir sıra mühüm məsələləri özündə əks etdirən qanunların və dövlət proqramlarının qəbulu dövlət gənclər siyasətinin mütəmadi xarakter daşıdığını sübut edir. Müntəzəm olaraq ölkənin aktiv gəncliyini bir araya gətirən forumlar reallaşdırılır. Həmin forumlarda qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənməsi, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunur və fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
Xüsusilə qeyd etmək lazımdır ki, gənclər siyasətinin bir istiqaməti kimi gənclər təşkilatlarının fəaliyyətinə verilən dövlət dəstəyi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə gənclər təşkilatlarına, ictimai birliklərin fəaliyyətinə yaradılmış əlverişli mühit müxtəlif layihələri həyata keçirməyə təkan verir, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilərək qabaqcıl dövlətlərin təcrübəsindən ən səmərəli şəkildə istifadə edilməsinə şərait yaradır.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə atılan mühüm addımlardan biri də Gənclər Fondunun yaradılması olmuşdur. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarə edilməsində bacarığını stimullaşdırır.
Ölkə rəhbərinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və onların ibtidai hərbi hazırlığının səviyyəsinin artırılması, gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması, elm və texnika sahəsində çalışan gənclərin, həmçinin gənc sahibkarların sayının artırılması kimi məsələlər nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, bu konsepsiya Ədliyyə Nazirliyində də uğurla tətbiq olunur. Dövlət gənclər siyasəti çərçivəsində yeni nəsil ədliyyə işçilərindən ibarət kadr korpusunun formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Hər il yüzlərlə gənc aşkarlıq şəraitində şəffaf prosedurlar çərçivəsində müsabiqədə iştirak edərək ədliyyə orqanlarında işlə təmin olunurlar. Bu zaman əsas meyarlar yalnız gənclərin yüksək biliyi, bacarığı və mənəvi saflığıdır.
Müsabiqədə müvəffəqiyyət qazanmış şəxslərin icbari təlimi müddətində gənclər ədliyyə sisteminin fəaliyyəti ilə yaxından tanış olmaqla yanaşı, bir sıra mədəni tədbirlərdə iştirak edir, həmçinin ədliyyənin yerli qurumlarında təcrübə keçirlər. Şübhəsiz ki, icbari təlimin belə yüksək səviyyədə və təfərrüatlı şəkildə təşkil olunması, praktiki mövzuların tədris olunmasına geniş yer ayrılması gələcəkdə gənclərin uğurlu fəaliyyəti üçün əvəzolunmaz dəstəkdir.
Ədliyyə Nazirliyində həmçinin yeni nəsil kadrların ixtisaslı dövlət qulluqçusu kimi formalaşdırılması istiqamətində işlər görülür, onların əməyinin stimullaşdırılmasına, qulluqda fərqlənən gənclərin mükafatlandırılmasına və vəzifədə irəli çəkilməsinə xüsusi diqqət yetirilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda ədliyyə işçilərinin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin bütün sahələrində əzm və həvəslə çalışırlar.
Sonda qeyd etmək istəyirəm ki, gənclər də öz növbəsində onlara göstərilən yüksək etimadı layiqincə doğrultmalı, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə sadiq qalaraq vətəndaşlıq borclarını yüksək səviyyədə yerinə yetirməli, müstəqil Azərbaycanın inkişafı və beynəlxalq miqyasda mövqeyinin daha da möhkəmlənməsi naminə öz töhfələrini verməlidirlər.
Aytən Məmmədova,
Ədliyyə Nazirliyinin əməkdaşı

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31