Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin qorunması və təbliği sahəsində genişmiqyaslı işlər görülür

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin qorunması və təbliği sahəsində genişmiqyaslı işlər görülür

07.07.2017 [09:38]

Müstəqil Azərbaycan Respublikasının inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.
Milli dəyərlərin qorunması dövlətin diqqət mərkəzindədir
Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.
Prezident İlham Əliyevin cari ildə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqindən də göründüyü kimi, Azərbaycan milli dəyərlərə, mədəniyyətə əsaslanaraq inkişaf edən müasir, dünyaya açıq ölkədir: “Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”.
Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər şəklində təmin edilir. Azərbaycanda milli və dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Bununla yanaşı, dövlət başçısı tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə keçirilən müxtəlif səpkili çoxsaylı tədbirlər Azərbaycan xalqının sahib olduğu tolerantlıq, çoxmədəniyyətlilik dəyərlərinin dövlət səviyyəsində qorunması və təbliği deməkdir.
Azərbaycanın dövlətçilik tarixi və mədəniyyəti beynəlxalq səviyyədə və elmi əsasda təbliğ olunur
Məlumdur ki, minilliklər boyunca Cənubi Qafqaz regionunda yaşayan Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malikdir. Bununla belə, uzun illər boyu, əsasən də çar Rusiyası və Sovet İttifaqı dönəmində regiona maraq göstərən bir çox alimlərin müəyyən siyasi mövqeyə xidmət edən yanaşması Azərbaycan xalqının dövlətçilik tarixinin təhrif olunmuş şəkildə öyrənilməsinə və təqdim olunmasına gətirib çıxarmışdı.
1991-ci ildə əldə olunan müstəqillik tariximizin dəqiq öyrənilməsi və erməni yalanları ilə mübarizəyə geniş imkan yaratdı. Ulu öndər Heydər Əliyevin bu sahədə alimlərin fəaliyyətini dəstəkləməsi, elmin bütün sahələrinin inkişafına dövlət tərəfindən şəraitin yaradılması öz müsbət nəticələrini verməyə başladı. Ümummilli liderin də söylədiyi kimi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.
Müstəqillik dövründə Azərbaycan tarixi ilə bağlı bir çox yeni araşdırmalar aparılıb. Bununla belə, xalqımızın, Cənubi Qafqaz regionunun tarixinin saxtalaşdırılması yönündə erməni təxribatları davam etməkdədir. Bu isə tarixi həqiqətlərin daha geniş işıqlandırılmasına, araşdırmaların nəticələrinin beynəlxalq səviyyədə təbliğinə ehtiyac yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar”.
Tarixi faktlar da göstərir ki, istər indiki Ermənistan, istərsə də Qarabağ ərazisindəki yer adlarının əksəriyyəti Azərbaycan mənşəli, əhalisi isə azərbaycanlılar olub. Həmçinin ölkə başçısının tövsiyəsi ilə İrəvan xanlığı haqqında sanballı elmi əsər yaradılaraq bir neçə xarici dilə tərcümə edilib. Eləcə də Qarabağın tarixi Azərbaycan torpağı olduğunu tarixi, elmi faktlarla ortaya qoyan əsərlərin də dünya ictimaiyyətinə çatdırılması üçün onların fərqli dillərdə çapı həyata keçirilir. Azərbaycan tarixinin, dövlətçiliyinin öyrənilməsi və təbliği bu günümüz və gələcəyimiz baxımından, eləcə də ərazi bütövlüyümüzün bərpası və suveren dövlətçiliyimizin gücləndirilməsi cəhətdən prinsipial əhəmiyyət daşıyır.
Azərbaycanda həyata keçirilən elmin tərəqqisi, yüksək ixtisaslı kadrların yetişdirilməsi siyasəti ölkənin davamlı inkişafına əvəzsiz töhfələr verir
Hazırkı dövrdə ölkənin özünü beynəlxalq aləmə tanıtmasında və dünyaya inteqrasiyasında elm və mədəniyyət faktorlarının mühüm rolu vardır. Bildiyimiz kimi, müasir dövrdə elmi, bilikləri, innovasiyalar ölkələrin davamlı inkişaf hədəflərinə nail olunmasında daha böyük rol oynamaqdadır. Ölkəmizdə elmin inkişafı məqsədilə mövcud potensialdan düzgün istifadəyə və qabaqcıl bilik və bacarıqlara yiyələnmiş kadrların hazırlanmasına böyük diqqət yetirilir. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, 2013-cü ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də elmin inkişafına göstərilən dövlət qayğısının bariz nümunələridir.
Həyata keçirilən strategiyanın məqsədi respublikamızda aparılan tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sisteminin modernləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, habelə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasıdır.
Biliklərə əsaslanan iqtisadiyyatın hazırda dövlətlərin mühüm güc faktoru kimi çıxış etdiyini nəzərə alsaq, “neft kapitalını insan kapitalına çevirmək” prinsipini əsas götürən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən elmin tərəqqisi, yüksək ixtisaslı kadrların yetişdirilməsi siyasəti ölkənin davamlı inkişafına əvəzsiz töhfədir.
Qeyd edək ki, Azərbaycan elmi dünya elminin tərkib hissəsi kimi inkişaf etməkdədir. Xarici ölkələrin elmi institutları, analitik mərkəzləri, alimləri, təhsil ocaqları ilə təmasların qurulması və genişləndirilməsi aktual məsələlərdəndir. Buna uyğun olaraq, hər il respublikamızın müxtəlif şəhərlərində humanitar, texniki və tibb elmləri sahələri üzrə beynəlxalq elmi konfranslar keçirilir, eləcə də Azərbaycan alimləri xarici ölkələrdəki elmi konfranslarda iştirak edir, beynəlxalq elmi nəşrlərdə tədqiqat əsərləri ilə çıxış edirlər.
Sevindirici haldır ki, müasir dövrdə başqa ölkələrlə elmi əlaqələrimiz Azərbaycan mədəniyyətinin təbliğinə də xidmət etməkdədir. Bildiyimiz kimi, Azərbaycan mədəniyyətinin ən səciyyəvi xüsusiyyətlərindən biri əsrlərdir mövcud olan multikultural dəyərlərdir. Bu gün dünyada dinlər, məzhəblər və sivilizasiyalararası münaqişələrin kəskinləşdiyi bir vaxtda Azərbaycanın multikulturalizm modeli müsbət nümunə kimi dünyaya təqdim olunmaqdadır. Ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, sivilizasiyalararası dialoqlar, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq müsabiqələr bu məqsədin uğurla reallaşmasında böyük rola malikdir.
Azərbaycan qədim və zəngin mədəniyyətə malikdir
Dövlətin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir. Ölkədə keçirilən Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəyli adını daşıyan festivalların beynəlxalq auditoriyası genişlənməkdədir.
Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond böyük xidmətlər göstərir.
Heydər Əliyev Fondunun dəstəyilə, həmçinin mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan incəsənət nümayəndələrinin sərgiləri keçirilir, milli mədəniyyətimizin nümunələri müxtəlif tədbirlərdə, konsertlərdə və beynəlxalq sərgilərdə nümayiş etdirilir. Sonuncu belə layihələrdən biri kimi, 2017-ci ildə keçirilən 57-ci Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonu Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təmsil olunur. “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan və noyabrın 26-dək açıq olacaq milli pavilyonda Azərbaycanın multikultual ənənələri, etno-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğam və aşıq sənəti, eləcə də xalçası və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Beləliklə, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin qorunması və təbliği sahəsində olduqca genişmiqyaslı işlər görülür. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət müstəqilliyimizin, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 740 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31