Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaçqın və məcburi köçkünlər Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunublar

Qaçqın və məcburi köçkünlər Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunublar

08.07.2017 [12:52]

Məqsədyönlü siyasət sayəsində Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksələn Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri odur ki, ölkəmizdə sosial sferanın prioritetliyi davamlı olaraq təmin edilir. Respublikanın iqtisadi potensialının, maliyyə imkanlarının ilbəil genişlənməsindən bütün ölkə boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə istifadə olunur. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində respublikamızda əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, Azərbaycan dünyada cərəyan edən mənfi proseslər fonunda ayrı-ayrı ölkələrin sosial proqramları ixtisara saldığı indiki dönəmdə də özünün siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində vurğulayıb ki, ölkənin daxili siyasətində sosial sahəyə bundan sonra da xüsusi diqqət ayrılacaq: “Daxili siyasət məsələlərinə gəldikdə, əlbəttə ki, biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın”.
50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır nəticələrindən biri də soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələridir. 1993-cü ildə ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var idı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini itirən insanlar ilk vaxtlarda çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə davamlı qayğı göstərir. Qeyd edək ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi elə ilk vaxtlardan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini diqqət mərkəzində saxladı və ölkəmizin üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində əməli tədbirlər gördü. Ümummilli liderin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə təxminən 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərildi.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli müvafiq Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Ötən müddətdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ölkənin müxtəlif regionlarında müasir standartlara cavab verən və 3,2 milyon kvadratmetr sahəsi olan 100-dək yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində müasir sosial infrastruktur qurulub.
Qəzalı binalarda yaşayan məcburi köçkünlər Ölkənin Birinci vitse-prezidentinin dəstəyi ilə rahat mənzillərlə təmin edilirlər
Ölkəmizdə 2017-ci ildən etibarən məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yeni layihənin icrasına start verilib. Söhbət Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan məcburi köçkünlərin hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi layihəsindən gedir.
Böyük sosial məzmun daşıyan yeni layihənin icrasına fəaliyyətini daim humanizm prinsipləri üzərində quran ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər cür dəstək verir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilib. Birinci vitse-prezident müşavirədəki çıxışında hələ də çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyini diqqətə çatdırıb.
Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra - mayın 30-da isə Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub. Yeni yaşayış kompleksi 6 hektardan çox ərazidə salınır. Burada ümumilikdə 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək.
Ümumiyyətlə, Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Artıq layihə çərçivəsində 214 məcburi köçkün ailəsi rahat mənzillərlə təmin olunub. Birinci vitse-prezident Mehriban Əliyeva cari il iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Mərasimdə məlumat verilib ki, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.
Aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir
Azərbaycanda sosial sahədə dövlət siyasəti ona istiqamətlənib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan bütün insanlar bəhrələnə bilsinlər. Ölkədə cəmiyyətin ayrı-ayrı sosial təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə səmərəli və şəffaf mexanizm qurulub.
Ölkəmizdə sosial təminat sisteminin əhatəliliyinin genişlənməsi həmçinin sosial yardım proqramında da özünü göstərir. Məlumdur ki, respublikamızda 2006-cı ildən ciddi sosial təşəbbüs reallaşdırılır. Respublika üzrə 2016-cı ildə orta hesabla 165352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunması deməkdir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat (ailə üzvünə görə 36,12 manat) təşkil edib.
Ölkəmizdə aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərindən çıxış etməsinin təzahürüdür. Bununla belə, o da sirr deyil ki, ünvanlı sosial yardımlar bir sıra hallarda insanlarda ələbaxımlılıq yaradır. Belə halların qarşısını almaq üçün ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin olunması qarşıya hədəf qoyulub. Artıq respublikamızda lazımi dövlət dəstəyi göstərilməklə özünüməşğulluq proqramının icrasına start verilib. Proqramın əsas məqsədi insanları layiqli iş yerləri ilə təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən proqramın əhatə dairəsi getdikcə genişlənir. Qeyd edək ki, bəhs olunan proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib.
Əlillərin, şəhid ailələrinin mənzillə təminatı və digər ehtiyaclarının ödənilməsi diqqət mərkəzində saxlanılır
Ölkəmizdə dövlət və xalq qarşısında xüsusi xidmətləri olan insanların sosial müdafiəsinin yüksək səviyyədə təmin edilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək 5550 nəfər əlil və şəhid ailəsi mənzillə təmin edilib. Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bəhs olunan Sərəncama uyğun olaraq, hazırda ölkəmizin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində ardıcıl işlər aparılır. Bu işlər çərçivəsində son iki ildə və cari ilin ötən dövründə 600 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər təqdim olunub. O cümlədən həmin dövrdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə 35-dək fərdi ev tikilərək Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.
Ölkəmizdə əlilliyi olan şəxslərə dövlət qayğısının əhatə dairəsi də kifayət qədər genişdir. Respublikamızda cari ilin yanvar-may aylarında əlilliyi olan şəxslər 12 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Bəhs olunan dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin, onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 223 əlilliyi olan şəxsə stasionar şəraitdə müxtəlif reabilitasiya xidmətləri göstərilib.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31