Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salınıb

Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salınıb

23.11.2018 [08:50]

Vaqif Qələndər: Hesab edirəm ki, azərbaycanlı bir həkimin imzasıyla yaranan hər hansı elmi nailiyyət Azərbaycan elminin, səhiyyəsinin uğurudur
Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. ABŞ-ın Florida Tibb Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metodika da ayrıca fəsil kimi salınıb. Belə ki, dərsliyin 20-ci fəslinə Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs olunur.
Qəzetimizə açıqlama verən Vaqif Qələndərin sözlərinə görə, bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan məhkəmə-tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq canlı insanlarda tətbiq edilib. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan metodika yaradılıb: “Bu, elmi biliklə yanaşı, böyük əzm və zəhmət tələb edən işdir. Əvvəlcə ölmüş insanlar üzərində uzun zaman təcrübələr aparmaq gərəkdir. Mən də 1999-cu ildə Azərbaycan Səhiyyə Nazirliyi və Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının morqunda meyitlər üzərində araşdırmalar apardım və bu sahədə öz metodumu yaratdım. Araşdırmalar öz təsdiqini tapdıqdan sonra artıq pasiyentlər üzərində bu metodu tətbiq etməyə başladıq və çox böyük nailiyyətlər əldə etdik.1999-cu il sentyabrın 29-da Quş adasında keçirilən Ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görüldü. Bu kitab tələbə və rezidentlər üçün dərs vəsaiti olmaqla yanaşı, dünya plastik və rekonstruktiv cərrahlarının stolüstü kitabıdır. Bütün dünyada elmi işlərdə bu üsula istinad edilir. Bu, mənim üçün çox qürurverici haldır. Çünki mən hər bir uğurumu həm də Vətənimin uğuru hesab edirəm. Bütün titullarımdan öncə mən azərbaycanlıyam. Hesab edirəm ki, azərbaycanlı bir həkimin imzasıyla yaranan hər hansı elmi nailiyyət Azərbaycan elminin, səhiyyəsinin uğurudur”.
Məlumat üçün bildirək ki, bu cərrahiyyə metodu dünyanın impakt faktorlu nüfuzlu jurnallarında nəşr olunub. Belə ki, Yaponiya, Braziliya, Çili, Türkiyə, Koreya, ABŞ kimi ölkələrdə bu metodla cərrahiyyə əməliyyatları həyata keçirilir. ABŞ-ın Florida ştatının qabaqcıl, nüfuzlu klinikalarında bu metodla cərrahiyyə əməliyyatları aparılır.
Onu da qeyd edək ki, Vaqif Qələndər 1969-cu ildə Göyçə mahalının Toxluca kəndində həkim ailəsində anadan olub. O, Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus 6 yeni cərrahiyyə metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. Vaqif Qələndər bir çox mürəkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə həyata keçirib. Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31