Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya

Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya

24.11.2018 [10:50]

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Azərbaycanda da sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu sırada qayğıya ehtiyacı olan insanlar, xüsusilə əlillər dövlətin himayəsi ilə əhatə olunublar.
Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə xeyli aşağıdır
Bu məqamda qeyd edək ki, əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, əlillərin ehtiyaclarını başa düşmək, onların ləyaqət, hüquq və rifahına ehtiramla yanaşmaq, həmçinin məhdud imkanlı insanları siyasi, sosial və mədəni həyata cəlb edərək, onların cəmiyyətin həyatında iştirakına nail olmaq məqsədilə dekabrın 3-ü BMT Baş Məclisi tərəfindən Beynəlxalq Əlillər Günü elan edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlil insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər həyata keçirilir.
Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda əhalinin 6 faizə qədəri, yəni 618 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət qayğısının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqədən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaradıb. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək”, - deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Əlillərin reabilitasiyası istiqamətində ciddi tədbirlər həyata keçirilir
Son 15 ildə dövlət tərəfindən əlillərin və fiziki qüsurlu vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, onların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa olunaraq istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa mərkəzləri yaradılıb.
Eyni zamanda, respublikada əlillərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bunun müsbət nəticəsi kimi, ölkədə əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə yüksəlib.
Qeyd edək ki, hazırda bu sahədə həyata keçirilən tədbirlərin vacib istiqamətlərindən biri əlilliyin, xəstəliklərin, aztəminatlılığı törədən səbəblərin aradan qaldırılmasıdır. Belə ki, təkcə əlilliyin qismən aradan qaldırılması məqsədilə son illər bir sıra proqramlar təsdiq olunaraq həyata keçirilib. Böyrək xəstəliklərinin tam sağalmasına imkan verməyən bahalı “hemodializ” müalicəsindən təxminən 4-5 dəfə ucuz, 30-a yaxın rayonda içməli suyun təmizlənməsi qurğuları tikilib istifadəyə verilib. Eləcə də endokrin xəstəliklərin qarşısının vaxtında, təməldən alınması üçün “Duzun yodlaşdırılması haqqında” qanun qəbul edilib, ölkəyə gələn və istehsal olunan bu məhsul yodlaşdırılıb. Bircə bu hesaba ölkədə son on beş ildə zob xəstələrinin sayı iki dəfə azalıb. Bundan başqa, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsində cəzaları ciddiləşdirən maddələr əlavə edilib və profilaktik tədbirlərin icrasına nəzarət güclənib.
Göründüyü kimi, bütün bu işlərin nəticəsidir ki, son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, əlillərin sayı, demək olar ki, dəyişməyərək təxminən 620 min civarında qalmaqdadır. Bu rəqəm faiz olaraq dünya göstəricilərindən təxminən iki dəfə azdır.
Bu sahədə əldə olunan müsbət nəticələrdən biri də əlilliyin reabilitasiyası ilə bağlıdır. Son illər bu, gündəmdə duran vacib məsələlərdən biri kimi ön plana çəkilib. Qeyd etdiyimiz kimi, ölkə üzrə fəaliyyət göstərən 17 ixtisaslaşmış belə mərkəzlərdə son on ildə təxminən 1640 nəfər sağlamlığını tam və qismən bərpa edərək, istehsalata vəsiqə alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzlərində əlillər üçün xüsusi qısa və uzun müddətli bütün təminatları olan (yataq, yemək və digər) peşə kursları fəaliyyət göstərir və kursu bitirənlər müvafiq sənətə yiyələndikdən sonra işlə təmin olunurlar. Müsbət cəhətlərdən biri də son illər ölkəmizdə dünya təcrübəsinə uyğun olaraq əlil, fiziki qüsuru olan insanların yaradıcılıq sərgilərinin təşkil edilməsi, onların satış yarmarkalarında, paralimpiya oyunlarında iştiraklarının təmin olunmasıdır. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda hər 100 iş yerindən 5-nin kvota olaraq bu qrup insanlar üçün məcburi ayrılması təsbit olunub. Bu tədbirlər əlillərin sosial reabilitasiyası baxımından önəmli addımlardır.
Bütün bunlarla yanaşı, hər il əlillərə imtiyazlı əsaslarla mənzil, minik avtomobili, pulsuz sanator-kurort, istirahət göndərişləri verilir və onlara ödənişsiz digər xidmətlər göstərilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin qorunması ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər çox təqdirəlayiqdir. Belə ki, 2003-cü ildən hazıradək 5903 nəfər əlil və şəhid ailəsi mənzillə, 5,9 min nəfər imtiyazlı şəxs isə pulsuz avtomobillə təmin olunub.
Heydər Əliyev Fondu bu istiqamətdə mühüm layihələr həyata keçirir
Yarandığı gündən qarşıya ali məqsəd qoyan, Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, qarşıya qoyduğu məqsədlərə, miqyasına görə respublikamızda nüfuzlu qurum kimi tanınır. Azərbaycanda vətəndaş cəmiyyətinin ən nümunəvi elementinə çevrilmiş Heydər Əliyev Fondu Ümummilli liderimizin sosial siyasət kursunun həyata keçirilməsində mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması Fondun geniş spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə saxlayır.
Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Belə ki, İKT-dən gözdən əlillərin istifadəsi ilə bağlı Gəncə, Naxçıvan və Yevlaxda resurs mərkəzlərinin yaradılması, Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin, Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin, Bakının Nizami rayonunda “Qayğı” reabilitasiya mərkəzinin, Mərdəkan qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbinin, Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması və s. tədbirlər Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi misilsiz layihələrdir.
Bu gün əlillik yaradan səbəblərlə ciddi mübarizə aparılır
Bu gün qarşıda duran ən əsas vəzifələrdən biri də əlillik yaradan səbəblərlə mübarizədir. Sevindirici haldır ki, son illərdə ölkəmizin davamlı inkişafı bu istiqamətdə təsirli tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Bu tədbirlərdən biri də talassemiya ilə uğurlu mübarizədir. Məlumdur ki, talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyidir. Son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun və digər proqramların həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Ölkəmizdə nikaha girənlərdən rəsmi arayışın tələb olunması da hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsidir. Bütün bunlar göstərir ki, əlillərə yüksək qayğı sosial siyasətin nümunəvi cəhətlərindən biridir. Ən əsası, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31