Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələr verilərkən qanunvericiliyin tələblərinə yüksək səviyyədə əməl olunur

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələr verilərkən qanunvericiliyin tələblərinə yüksək səviyyədə əməl olunur

28.11.2018 [09:55]

Birdəfəlik ödəmə alan vərəsələr bildirirlər ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı şəhid ailələrinə dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərildiyini bir daha təsdiqləyir
Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda fəal iştirak edən respublikamız, eyni zamanda, özünün müdafiə qabiliyyətini gücləndirməyə böyük diqqət göstərir. Azərbaycan ölkənin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz işğala məruz qalan ərazilərini gücü ordusu vasitəsilə azad etmək əzmindədir. Elə buna görə də respublikanın dövlət büdcəsində orduya, hərbi sahəyə ayrılan vəsait getdikcə artırılır.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması isə ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb.
Sosial dövlət olan Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısı çoxşaxəli səciyyə daşıyır
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Ölkə Prezidentinin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu baxımdan şəhid ailələrinə, müharibə əlillərinə göstərilən hərtərəfli qayğı xüsusilə diqqətəlayiqdir. Ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinə Prezidentin aylıq təqaüdü verilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. Bundan başqa, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir.
Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Bütövlükdə son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib. 2018-ci il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində müvafiq kateqoriyadan olan insanlara və ailələrə 35 mənzil və 136 minik avtomobili təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu istiqamətdə işlərin davamı kimi cari ilin sonuna qədər müvafiq kateqoriyadan olan insanlara və ailələrə daha 550-dək mənzilin təqdim olunması, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi planlaşdırılıb. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi Prezident İlham Əliyevin humanist siyasətinin daha bir ifadəsidir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdır. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir.
Çox haqlı olaraq bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirilir. Məlumdur ki, bu ilin aprelində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etmiş və seçkilərdən dərhal sonra müvafiq Fərman imzalanmışdır. Bu, Azərbaycan Prezidentinin Öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, bu problemlərin tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.
Yeri gəlmişkən, dövlət başçısının imzaladığı bəhs olunan Fərman əsasında bu günlərdə on bir min manat məbləğində birdəfəlik ödəmə alan vərəsələr ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edirlər. “Yeni Azərbaycan”a danışan şəhid Həsənov Əşrəf Cəlal oğlunun vərəsəsi - anası Gülarə Həsənova bildirib ki, dövlət başçısının Fərmanına əsasən aldığı on bir min manat məbləğində birdəfəlik ödəmə şəhid ailəsinin dolanışığına böyük köməkdir. “Oğlum Əşrəfdə vətənpərvərlik hissi çox yüksək idi. Buna görə də Vətən torpağı uğurunda döyüşlərə tərəddüdsüz yollandı. O, 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Ölkəmizdə şəhidlərin xatirəsinin yüksək tutulması biz valideynlərə böyük təsəllidir. Biz ailədə 5 nəfərik. Dövlət başçısının Fərmanına uyğun olaraq bu günlərdə bizə verilən birdəfəlik ödəmə ailəmizin ehtiyaclarının qarşılanmasına böyük dəstəkdir. Mən buna görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.
Vərəsələrə birdəfəlik ödəmələrin verilməsi tam şəffaf şəkildə həyata keçirilir
Artıq respublikamızda noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Birdəfəlik ödəmə alan vərəsələr təsdiqləyirlər ki, onlar vəsaitin alınması prosesində hər hansı bir çətinliklə və neqativ halla rastlaşmayıblar. Şəhid Azər Zeynalovun vərəsəsi qismində tanınan atası Ələddin Zeynalov prosesin çox asan və şəffaf şəkildə keçdiyini deyərək vurğulayıb: “Əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüququmu öyrəndim. Bundan sonra müvafiq sənədləri notariat kontoruna təqdim etdim və vərəsəlik şəhadətnaməsi aldım. Sənədlərim notariat kontoru tərəfindən elektron qaydada nazirliyə təqdim olundu. Bundan sonra mən birdəfəlik ödəməni aldım. Tam səmimiyyətlə bildirmək istəyirəm ki, istər sənədləşmə prosesində, istərsə də birdəfəlik ödəmənin hesabdan çıxardılması zamanı hər hansı bir neqativ halla üzləşmədim”.
Lakin, deyilənlərlə yanaşı, bəzi şəxslərin dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək cəhdləri də mövcuddur. Bu kateqoriyaya aid insanlar əsasən 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra artıq müvafiq ödəmələri almış, yaxud da bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslərdir. Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qruplar, ayrı-ayrı fərdlər isə həmin şəxslərin iddialarından sui-istifadə etməyə çalışır, əsassız ittihamlar irəli sürür, özlərini “haqqın müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışırlar. Lakin “haqq müdafiəçiləri”nin, necə deyərlər, bulanlıq suda balıq tutmaq cəhdlərinin heç bir əsası və perspektivi yoxdur. Azərbaycan dövləti hər zaman qayğıya ehtiyacı olan insanların, əlillərin, şəhid ailələrinin yanında olub və özünün prinsipial siyasətinə bundan sonra da sadiq qalacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31