Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda pandemiya şəraitində əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Azərbaycanda pandemiya şəraitində əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

09.09.2020 [09:03]

Koronavirusla mübarizənin bundan sonra da uğurla davam etdirilməsi və effektiv nəticələr verməsi üçün vətəndaşların müəyyən olunmuş qaydalara əməl etmələri lazımdır
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Qeyd edək ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib.
Hazırda Azərbaycanın virusa yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasında olması bu faktı təsdiqləyir. Ümumiyyətlə, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Belə ki, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatlar istehsal edilir, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin xaricdə təhsil almış azərbaycanlı həkimlərin, müxtəlif ölkələrin həkimlərinin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır.
Eyni zamanda, Azərbaycan dövləti pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edərək yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. İndiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir.
Bu məqsədlə büdcədən böyük məbləğdə vəsait ayrılıb. Məhz məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident İlham Əliyev tərəfindən elan edilən dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Həmçinin, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb, dövlət sektorunda çalışanların böyük hissəsi işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Bütün bunlar bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün imkanlardan istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Bununla belə, əldə olunan müsbət nəticələr arxayınlaşmağa əsas vermir. Ona görə də qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir.
Məlumdur ki, hazırda ölkəmizdə karantin rejiminin yumşaldılması prosesi davam edir. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 şəhər və rayon (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) “sarı” zonaya keçirilib. Həmçinin, sentyabrın 8-dən Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna (sərnişindaşıma nəqliyyatı istisna olmaqla) giriş-çıxışa, iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bundan başqa, sanitar-epidemoloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə sentyabrın 15-dən tədris prosesinə start veriləcək.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sağlamlığının qorunması, iqtisadi stabilliyin təmin edilməsi və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir. Eyni zamanda, mütəxəssislərin qeyd etdikləri kimi, yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün vətəndaşlar COVID-19 infeksiyasının müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir. Belə olan təqdirdə, cəmiyyət həyatı mümkün qədər öz normal vəziyyətinə qayıdacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31