Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır

Karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır

16.09.2020 [09:21]

Ekspertlərin fikrincə, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayında yenidən artım ola bilər
Payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq təsdiqlənməkdədir. Belə ki, hətta yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artır və bu da həmin dövlətlərin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Məsələn, Gürcüstanda pandemiyanın “ikinci dalğası” elan olunub və Baş nazir Q.Qaxariya rəsmi şəkildə bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb. İsraildə isə sutka ərzində 4 minə yaxın insanda COVİD-19 aşkar edilib. Hökumət 3 həftəlik sərt karantin elan edib. Vətəndaşlara evlərindən 500 metrdən artıq uzaqlaşmaq qadağandır, restoranlar, otellər, idman zalları və basseynlər bağlanıb. Avstriyada kansler Sebastyan Kurst pandemiyanın ikinci dalğasının başladığını rəsmən bəyan edib. Avqustun sonunda bu ölkədə gündə 350 nəfər virusa yoluxduğu halda, hazırda bu rəqəm 850-yə çatır. Ölkə kansleri xəbərdarlıq edib ki, “bizi çox ağır payız və qış gözləyir”. Bundan əlavə Çexiya hökuməti də ölkədə koronovirusun “ikinci dalğası”nın başladığını elan edib. Ötən gün ölkədə 1541 nəfərdə virus aşkarlanıb ki, bu da rekord göstəricidir. Türkiyə, Rusiya və digər ölkələrdə isə yoluxma hallarının artması yeni məhdudiyyətlərin tətbiqini qaçılmaz edib. Ölkəmizdə isə COVID-19 infeksiyasına qarşı aparılan effektiv tədbirlər pandemiyanın yayılma miqyasını azaltmaqla yanaşı, ölüm hallarının sayının da az olmasını şərtləndirib. Məhz bu səbəbdəndir ki, Nazirlər Kabinetinin yenidən bir sıra yumşalmalarla bağlı qərarı imzalanıb. Ancaq ekspertlərin də vurğuladıqları kimi, bu yumşalmalar vətəndaşlarda arxayınlıq deyil, əlavə məsuliyyət yaratmalı, sanitar-gigiyenik qaydalara daha çox riayət olunmalıdır. Əks halda, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayında yenidən artım yarana bilər.
Məsələ ilə bağlı Milli Məclisin üzvü Naqif Həmzəyev bildirib ki, ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq, insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Millət vəkili qeyd edib ki, payızda koronavirus pandemiyasının yenidən aktivləşəcəyi haqda səslənən proqnozlar, təəssüf ki, təsdiqlənir. Onun sözlərinə görə, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə də asan məsələ deyil: “İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpası qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. Nazirlər Kabinetinin ölkədə təbiq edilən karantin rejiminin qaydalarına dair sentyabrın 12-də yeni qərarı imzalanıb. Bu qərara əsasən metropolitenin fəaliyyəti bərpa olundu. Ancaq hesab edirəm ki, karantin rejimində məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının daha da artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb”.
“Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın sədri Ayaz Hüseynov da hazırda Operativ Qərargahın çoxsaylı yumuşalma qərarlarının fonunda vətəndaslarımızın daha çox məhsuliyyətli olmasını zəruri şərt adlandırıb. Onun sözlərinə görə, payız aylarına doğru digər respirator xəstəliklərin çoxalması və onların COVID-19 virusu ilə bərabər daha da təhlükəli olması yoluxma sayının artımına səbəb ola bilər. A.Hüseynov deyib ki, öncədən proqnozlaşdırıldığı kimi, sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım başlayıb. Təcrübə də göstərir ki, xüsusi karantin rejimindən sonra tətbiq olunan yumşalmalar koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb olur: “Dünya ölkələrinə nəzər salsaq hazırda COVID-19 virusunun artma dinamikası müşahidə edilir. İndiyədək Cənubi Qafqazda ən az yoluxma qeydə alınan qonşu Gürcüstanda sentyabrın girişi ilə vəziyyət gərginləşməyə başlayıb və vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyatlanan hökumət koronovirusla bağlı qaydalara dəyişikliklər etmək məcburiyyətində qalıb. Belə ki, Gürcüstanda kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Türkiyədə də COVID-19-a qarşı məhdudiyyətlər artır. Bu ölkədə də toy və yas mərasimləri qadağan olunub, ölkə rəsmilərinin açıqlamasına görə, Türkiyə koronavirusun birinci dalğasının ikinci pikini yaşayır. Avropa da oxşar vəziyyətdir. Böyük Britaniyada gündəlik yoluxma sayı ötən ayla müqayisədə dəfələrlə artıb. Vəziyyətin nisbətən sabit olduğu Rusiyada yeni yoluxma hallarında kəskin artım müşahidə olunur, ölümlərin sayı artır. Bu mənada, ölkəmizdə yeni yoluxmalara yol açmamaq üçün vətəndaşlar tərəfindən mütləq şəkildə məsuliyyətli davranış nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir. Unutmayaq ki, yalnız yoluxma sayı minimuma endikdən sonra normal həyata tam olaraq qayıda biləcəyik”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31