Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır”

“Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır”

08.05.2021 [08:49]

TRT-nin baş direktoru İbrahim Eren: Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik
Məlum olduğu kimi, son vaxtlar Türk dünyasında inteqrasiya daha da dərinləşməkdədir. Artıq türkdilli dövlətlər arasında bir çox sahələrdə, o cümlədən media sahəsində vahid və mərkəzləşdirilmiş əməkdaşlıq qurulur. Elə aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin üçüncü toplantısında da media sahəsində gələcək birgə əməkdaşlıqlara dair müzakirələr aparılıb. Bəs, bu inteqrasiyanı televiziya, film, xəbər axıcılığı sahəsində də dərinləşdirmək üçün ilk olaraq nələr edilə bilər və TRT bu məsələdə hansı addımların atılmasına tərəfdardı?
TRT Yönətim Qurulu başqanı və baş direktoru İbrahim Eren “Yeni Azərbaycan” qəzetinə müsahibəsində bu və digər məqamlara aydınlıq gətirib:
- İbrahim bəy, məlum olduğu kimi, son vaxtlar, xüsusilə də martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü zamanı Türk dünyasında daha dərin inteqrasiya, həmçinin türk dövlətlərinin bir sıra vacib məsələlərdə ortaq mövqedən çıxış etməsi istiqamətində önəmli addımlar atılıb. Təbii ki, inteqrasiyanın dərinləşməsi üçün medianın da üzərinə mühüm vəzifələr düşür...
- Öncə onu bildirim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvəsinə bu il damğasını vuran əsas məsələ əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər oldu. Konkret olaraq sualınıza gəlincə deyim ki, bu gün artıq təşkilati baxımdan vahid və güclü struktura malik olan Türk Şurasının daha da güclənməsi üçün yeni bir yol xəritəsi var. Bu yol xəritəsi ilə bağlı müəyyən edilən strategiyada isə mədəni əlaqələr və media ortaqlığı xüsusi önəm kəsb edən sahələrdəndir. Bu sahədə üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün fəaliyyətimizi uğurla davam etdiririk.
Türk dünyasını gücləndirəcək media əlaqələrində əsas hədəfimiz də bəllidir. Məqsədimiz gələcək nəsillərə Türk dünyasının dəyərini və böyüklüyünü anladaraq ortaq bir tarix və mədəniyyət şüuru formalaşdırmaqdır. Bu baxımdan TRT olaraq Ramazan ayından tamaşaçılarımıza “Mavera” adlı yeni bir serial təqdim etmişik. Qeyd edim ki, Türk dünyasının mənəvi paytaxtlarından biri olan Türküstanda anadan olduğu deyilən ilk türk mütəsəvvüfü Xoca Əhməd Yasəvinin həyatından bəhs edən və TRT-1 ekranlarında yayınlanan bu serialla dediyiniz istiqamətdə də görülən işlərə dəstək vermək məqsədini güdürük. Ortaq dəyərimizə dair bu serialın həm Türk dünyasında, həm də beynəlxalq arenada böyük əks-səda doğuracağını düşünürük.
- Bu inteqrasiyanın daha da dərinləşməsi baxımdan TRT olaraq yeni dönəmdə nələri etməyi düşünürsünüz?
- Bildiyiniz kimi, martın 31-dəki toplantıda media və mədəniyyət sahələrində bağlarımızı daha da gücləndirəcək, tarixi şüurumuza xidmət edəcək yeni ortaq fəaliyyətlərin olması istiqamətində vacib qərarlar qəbul edildi. Türkdilli ölkələrin çəkiliş qruplarının bir araya gələrək türk mədəniyyətinin bütün dünyaya çatdırılması istiqamətində ortaya mühüm işlər qoymasının vacibliyi vurğulandı. Əlbəttə TRT bu sahədə təcrübəsi ilə üzərinə düşən vəzifəni yerinə yetirməyə hər zaman hazırdı. Hələ tam dəqiqləşməsə də, qurumlar arasında aparılan danışıqlar nəticəsində həm ortaq istehsal, həm də TRT-nin istehsal etdiyi proqram, film və seriallarla bağlı necə bir addım atılacağına dair yaxın vaxtlarda yeni xəbərlər verəcəyimizi söyləyə bilərəm.

- Türk dünyasındakı inteqrasiyanın dərinləşməsində ortaq dəyərlərimizdən bəhs edən film və serialların çəkilməsinin önəminə toxundunuz. Bu da bir həqiqətdir ki, TRT həm ümumilikdə, türk tarixindən, həm də ayrı-ayrı xalqların azadlıq mübarizəsi tarixindən (“Bir zamanlar Kıbrıs” serialı kimi-N.A) bəhs edən film və seriallar çəkir. Elə isə TRT-nin çəkdiyi bu cür serialların sonradan Türk Şurasına üzv ölkələrə hədiyyə edilməsi mümkündürmü?
- Türkiyə Radio Televiziya Qurumu olaraq, Türkiyə qədər içində olduğumuz Türk dünyasının ortaq insani dəyərlərinin, mədəni və ədəbi zənginliklərinin, qədim və güclü tarixinin təbliği üçün üzərimizə böyük bir məsuliyyət düşdüyünün fərqindəyik. Türk dünyasının ortaq iradəsinə əlavə güc qazandırmaq məqsədilə sənətdə, ədəbiyyatda türk varlığının daha geniş şəkildə təbliği istiqamətində fəaliyyətimizi hər keçən gün daha da genişləndiririk. Onu da xüsusi olaraq vurğulayım ki, çəkdiyimiz “Diriliş Ertuğrul”, “Mehmetçik Kut’ül Amare”, “Alija”, “Payitaht Abdülhamit” və bu gün yenə izlənmə rekordu qıran “Uyanış Büyük Selçuklu” və “Bir Zamanlar Kıbrıs” kimi seriallar təkcə yayımlandığı Türk dünyası ölkələrində deyil, Avropadan Asiyaya qədər bir çox ölkə xalqı tərəfindən izlənir. Bu seriallar türklərin şərəfli tarixi haqqında dünyaya önəmli mesajlar verir. Eyni zamanda, həm bu seriallara baxan gənclərimiz tarixə daha çox maraq göstərir, həm də hər bir yaşdan olan insanlarımız bu seriallarla unudulan dəyərlərimiz haqqında məlumat əldə edirlər. Beləliklə, biz də köklərinə bağlı, tarixinə dəyər verən, birlik və bərabərliyini daha da gücləndirən Türk dünyası anlayışına xidmət edirik. Qəzetiniz vasitəsilə onu da çatdırmaq istəyirəm ki, qədim tariximizdən bəhs edən həm serial, həm də film layihələrimiz davamlı olacaq.
Bu məqamda, xatırladım ki, gördüyümüz işlər cavabsız qalmır. Məsələn, 9 mart 2020-ci ildə Türk dünyasının UNESCO-su olan TÜRKSOY tərəfindən qurumumuza “Çingiz Aytmatov” medalı təqdim edildi. Bu medalı böyük qürur və fəxr hissi ilə şəxsən qəbul etdim.
- Bəs, TRT tərəfindən Azərbaycanla, 44 günlük Vətən müharibəsi ilə bağlı hansı addımları atmağı düşünürsünüz?
- Azərbaycan hər zaman diqqətimizdədir. TRT bütün televiziya kanalları və xüsusi olaraq da Türk dünyasına yayımlar edən TRT Avaz kanalı ilə Azərbaycanın həm tarixi, həm də bu günü ilə bağlı sənədli filmlər, proqramlar hazırlayır. TRT Avaz Bakını erməni işğalından azad edən Qafqaz İslam Ordusunun böyük zəfəri və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 2018-ci ildə 100-cü, 2019-cu ildə 101-ci ili ilə proqramlar hazırlayan, bunu canlı olaraq yayımlayan tək beynəlxalq televiziya kanalıdır.
Pandemiya səbəbi ilə 2020-ci ildə bu cür verilişlər onlayn formatda yayımlansa da, eyni zamanda, hazırlanan silsilə proqramlarla Qarabağ məsələsinə xüsusi diqqət yönəldilib. Bununla da Türk dünyasının bu məsələdəki mövqeyi bütün dünyaya canlı yayımla çatdırılıb. Bundan başqa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın üç şeiri ilk dəfə TRT tərəfindən bəstələnərək Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun şeirləri ilə birlikdə Cümhurbaşqanlığı Simfonik Orkestri tərəfindən gözəl bir premyera ilə dinləyicilərə çatdırılıb. Həmçinin TRT Qafqaz İslam Ordusundan bəhs edən bir sənədli film çəkib. TRT-nin mədəniyyət və sənət kanalı olan TRT-2-də Azərbaycan ədəbiyyatından bəhs edən “Edebiyat Söyleşileri” və digər bu kimi ədəbi mövzulu proqramlarımız da tez-tez tamaşaçılara təqdim edilir.
“Tarih Söyleşileri” proqramımızda Azərbaycanın dünəni və bu gününə dair çox önəmli məlumatların yer aldığı tarix söhbətləri fərqli bölümlərdə təqdim edilir. Bununla yanaşı, azərbaycanlı rejissorların çəkdiyi “Pomegranate Orchard (Nar Bağı)”, “Buta” adlı filmlər də tamaşaçılarımıza təqdim edilib. Mirbala Səlimlinin “Kırmızı Bahçe” (Qırmızı Bağça) adlı filmi isə 7 may 2021-ci il tarixində televiziyada ilk dəfə məhz TRT-2 ekranlarında yayımlanıb.
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfər etdi. Bu səfər çərçivəsində TRT-yə də gələn A.Kərimov ilə Azərbaycan və Türkiyə arasında serial çəkilişi, mədəniyyət, sənət, media kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinə hesablanmış yeni birgə çalışmalara dair müzakirələr apardıq. İki ölkədən istehsal qrupları formalaşdırılaraq həyata keçiriləcək ortaq istehsallarla bağlı önəmli fikir mübadiləsi apardıq. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə, yəni ortaq serialların çəkilməsi ilə bağlı AzTV və İTV ilə birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atmağa başlayacağıq.
Eyni zamanda, fürsətdən istifadə edib yeni bir sənədli filmin çəkildiyinə dair məlumat vermək istəyirəm. TRT olaraq Qarabağın işğalından bu günə qədər bölgədə yaşanan erməni zülmünü şahidlər vasitəsilə anladan və gerçək həyat hekayələrindən bəhs edən altı bölümlük bir sənədli film hazırlayırıq. Filmin bu il ərzində TRT Avaz kanalımızda yayımlanması planlaşdırılır. Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm. Bundan başqa Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdırmaqda davam edəcəyik. Biz Azərbaycan üçün nə qədər çox iş görsək də daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi, “İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik.
- Bəs TRT-nin yeni layihələri barədə nə deyə bilərsiniz?
- Türkiyə Radio və Televiziya Qurumu olaraq yayım strategiyamızı beş illik perspektivə görə planlaşdırırıq. “Özü sözü insan” prinsipi ilə beynəlxalq arenada təsirli olacaq istehsallara imza atmaq, ancaq geniş bir baxış pəncərəsindən baxılaraq reallaşdırıla bilər. Biz Qurum olaraq, bu geniş pəncərədən baxarkən, eyni zamanda, insana toxunan, duyğulara xitab edən, anı yaxalayan və bütün bunlarla birlikdə zamanla yarışıb ona uyğunlaşa bilən bir yolda addımlayırıq. Bu baxımdan hətta sizə bu sözləri dediyim anda belə, arxada böyük bir heyət yeni şeylər söyləməyə, fərqli mövzular barədə düşünməyə davam edir. Çox qısa olaraq önümüzdəki dönəmdə səs gətirəcək seriallar barədə ipucu vermək gərəkirsə, tarixi şəxsiyyətlərə dair iz buraxacaq serialların çəkilişinə hazırlıq görürük. Yeri gəlmişkən, İstanbuldakı beynəlxalq film setimizlə yanaşı, Konya Valiliyi və Meram Bələdiyyəsinin də dəstəyi ilə yeni bir set qururuq. Qədim, tarixi şəhər Konyada qurulan “TRT Beynəlxalq Konya Film Seti” yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Burada çəkiləcək ilk serial isə Hz.Mövlananın həyatından bəhs edən iddialı bir serial olacaq. Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, xüsusi imkanlara malik olan TRT setləri Türk dünyasının, o cümlədən Azərbaycanın bütün film yaradıcı heyətinin üzünə açıqdır. Qısası önümüzdəki yaxın müddət ərzində TRT-yə yaraşan və “edərsə TRT edər” deyə dilə gətiriləcək böyük layihələrimiz var. Sonda bu müsahibə üçün sizlərə çox təşəkkür edirəm. Qardaş Azərbaycanın Qurumumuza olan maraq və sevgisi bizi hər zaman qürurlandırır, ürəkləndirir. Azərbaycandakı bütün dostlarımıza, qardaşlarımıza salam və sayğılarımı çatdırıram.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31