Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yalanı necə aşkarlayaq?

Yalanı necə aşkarlayaq?

17.03.2022 [10:49]

Sözlər aldatsa da, jestlər aldada bilmir

Prezidentlərin bədən dili

İlhamə HƏKİMOĞLU

İnsan danışarkən bədəni bir saniyə də olsun dayanmır, nitqinə uyğun jestlər nümayiş etdirir. Psixoloqlar, siyasətçilər, xüsusi agentlər öz işlərini bədən dilinin oxunması üzərində qururlar.

Qadınlar bədən dilini kişilərə nisbətən daha yaxşı anlayırlar. Kişilər isə yalan cəhdini qadınlara nisbətdə daha tez tuturlar. Jestlər sözlərdən öncə “danışır”. Qarşısındakı şəxsin simpatiya, antipatiya siqnallarına beyin saniyənin 25-də biri ərzində bədən dili ilə cavab verir.

Psixoloqların fikrincə, qeyri-ixtiyari nümayiş etdirilən bədən dili siqnalları ilə məlumatın təxminən 80%-ni doğru qəbul edirik. Qalan 20%-i sözlər təşkil edir. Əslində, hər kəsin yalnız həqiqəti danışdığı bir dünyanı təsəvvür edirsiniz? Aqressiya, nifrət, qəzəb baş alıb getməzdimi? Psixoloqlar iddia edirlər ki, yalan hər zaman pis vərdiş deyil. Yalan bəzən xilasdır, itirmək qorxusudur, incitməmək duyğusudur, özünü qəbul etdirmək, sevdirmək istəyidir. Bədən dili ilə yalan danışmaq olmur. Məsələn, yalan danışan adamın nəbzi daha tez-tez vurur, həyəcanlananda qan dövranı sürətlənir. Başqalarının fikirlərini qəbul etmək istəməyən şəxslər söhbət zamanı adətən qollarını sinələrində çarpazlayaraq dayanırlar. Bu poza həm də, insanın bəd xəbərləri qarşılamaq üçün özünü qorumaq instinktidir, belə dayanmış şəxs yeni ideyalara açıq deyil və danışıqlar üçün uyğun zaman olmadığını nümayiş etdirir. Əllər? birləşdirib barmaqların ucunu bir-birnə toxunduraraq, “çadır” yaratmaq o deməkdir ki, danışan şəxs özündən əmindir və öz dediklərində israrlıdır. Bu jestdən adətən yüksəkvəzifəli şəxslər istifadə edirlər. Yeri gəlmişkən, Angela Merkel bu jestdən daim istifadə edirdi. Söhbət zamanı qarşınızdakı şəxs başını dayanmadan razılıq anlamında yırğalayırsa, deməli o əsəbidir və ya dediklərinizi anlamır. Qarşınızdakı şəxs göz kontaktından qaçırsa, bu, yalanın ilk əlamətidir. Yalnız gözləri ilə gülümsəyən adamların təbəssümü saxtadır, çünki ürəkdən gələn gülüş zamanı göz ətrafında qırışlar yaranır. Saxta təbəssüm varsa, ortada deyilmiş yalanlar da var deməkdir. Heç kim yalan danışanda Pinokkio kimi burnu uzanmır. Bununla belə, sadə bir düsturu xatırlaya bilərsiniz. Yalançı həmişə məlumat verməklə yanaşı, qarşısındakını inandırmağa çalışır, səmimi insanlar isə sadəcə hansısa məlumat verirlər.

Qadın və kişilərin bəyənmə dili

Qarşımdakı adamın xoşuna gəldim, ya yox? Xüsusilə o insan mənim diqqətimi çəkirsə. Bu sual, nə vaxtsa hamı üçün aktual olub.

Qadın üçün aşağıdakı jestlər xarakterikdir: Kişi baxışlarını hiss edərək əli ilə paltarını düzəltmək, saçını hamarlamaq və ya sadəcə saçına toxunmaq, saçları üzündən və ya çiyinlərdən arxaya atmaq. Başın vaxtaşırı arxaya atılması, sonra isə bir qədər yan tərəfə əyilməsi, oturarkən ayaq biləklərini çarpaz şəkildə qoyulması. Xəfif təbəssüm və “koket baxışlar”, sakit alçaq səs-bütün bunlar qadının qarşısındakı kişidən xoşlandığını göstərən əlamətlərdir.

Kişilərin də öz jestləri var. Kişi xoşlanarsa, oturarkən ayaqlarını geniş açaraq oturur. Onun baxışları yalnız qadının üzündə dayanmır, bütün bədəni süzür. Baş barmağını kəmərinə keçirir, əlləri cibində dinc dayanmır. Əli ilə saçını düzəldir, qalstuku, köynəyin yaxalığını tez-tez düzəldir, boğazını arıtlayır, çox zaman xəfifcə öskürür, daha şax dayanır, çənəsini aşağı-yuxarı hərəkət etdirir. Qadın-kişi fərq etməz, əgər bir insanın göz bəbəkləri sizə baxanda böyüyürsə, deməli, siz onun üçün cazibədarsınız, yox əksinə daralırsa, şansınız yoxdur. Ümumiyyətlə, insanlar barədə ilk saniyədə hiss etdiyimiz duyğular ən doğru duyğulardır və ömür boyu unudulmur.

Prezidentlərin bədən dili

Bədən dili barədə ən çox məlumatı olanlar dövlət rəhbərləridir. Prezidentlər görüşərkən hər jestin xüsusi anlamı olur. Oturarkən ayaqları bir-birinin üstünə aşırmaq, çox aralı qoymaq üstünlük nümayiş etdirməkdir. Çıxışa başlamazdan öncə pencəyin yaxasını düymələmək hörmət əlamətidir. Fikir vermisinizsə, Ərdoğan oturarkən qarşısındakı prezident ayağını necə qoyursa, ona adekvat cavab verir.

Keçmiş Amerika prezidentləri arasında bədən dilinə ilk dəfə Ronald Reyqan önəm verib. Bu, yəqin onun aktyorluq peşəsindən irəli gəlirdi. Reyqan Sovet rəhbərlərinin bədən dillərini öyrənmək üçün xüsusi mütəxəssislər də cəlb etmişdi.

Psixoloqların fikrincə, bədən dili və jestlərdən ən pis istifadə edən prezident Barak Obama idi. Onun ayaqları hər hansı bir məsələyə və ya şəxsə münasibətdə dodaqlarından daha çox söz danışırdı. Duruşu “icazə verin mən buradan tez gedim” mənasını verirdi.

Psixoloqların fikrinə görə, ABŞ prezidentləri arasında bədən dili məsələlərində ən intizamlı şəxs Bill Klinton olub. O, qeyd-şərtsiz ekspertlərin bütün tövsiyələrinə əməl edirdi. Buna görə son 50 ildə ABŞ-ın ən xarizmatik siyasətçisi hesab olunur.

Solaxay olan Bill Klinton sağ əli ilə jest etməyi öyrənmişdi, bunu publikanın onu rahat anlaması üçün edirdi.

Corc Buş da solaxay idi, lakin o, bədən dili ekspertlərinə tabe olmaqdan qəti şəkildə imtina etmişdi. Buşun bədən dili publika üçün ən təbii, səmimi və anlaşılan hesab olunur. Onun jestlərini bəzən “uşaq jestləri” adlandırırlar.

Azərbaycan Prezidenti İlham Əliyev də jestlərdən uğurla istifadə edir. Onun yerişində və danışığında özünə əminlik aydın görünür. Qarşısındakını inandırmaq qabiliyyəti yüksəkdir. İlham Əliyevin təbəssümü çox isti və səmimi təsir bağışlayır, buna görə həm liderlər, həm də xalq tərəfindən rəğbətlə qarşılanır. Əl hərəkətləri aktiv (şüarımıza çevrilmiş “dəmir yumruq” ifadəsi məhz bu jestlərdən yarandı), danışığı istənilən kuryoz vəziyyətdə belə sakitdir. Bu, onun hər zaman, hər məsələyə yüksək səviyyədə hazırlıqlı olmasından xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin yerişi ekspertlərin diqqətini daha çox çəkib.

O, yeriyərkən sanki başı ilə yol açır, çiyinləri tamamilə hərəkətsizdir, ayaqlarını yerə bərk basır. Belə yeriş “Mənimlə yaxın ünsiyyətə arxalanmayın, haraya və nə vaxt gedəcəyimə yalnız özüm qərar verirəm” deyir.

Üstəlik, Putinin bir vərdişi var, diqqətini xüsusi bir şey çəkəndə başını əyib aşağı baxır. Onun jestlərinə tam nəzarət etmək demək olar ki, mümkün deyil. Bəzən Putinin dili bir söz desə də, gözləri başqa söz deyir. Ekspertlər Putinin həmkarları ilə əl tutub görüşərkən, sol əli ilə onun çiyninə toxunmasını xüsusi qeyd edirlər. Bu şəkildə görüş Asiya liderləri tərəfindən qəbuledilməz hesab olunur. Çin, yapon və ya koreyalı siyasətçilər üçün həmsöhbətin kürəyinə toxunmaq onun üzərində qəyyumluq və ya üstünlük nümayiş etdirmək deməkdir.

Uzaq Şərq ölkələrinin liderləri bədən dillərini yaxşı idarə edir və duyğularını ustalıqla gizləyirlər. Məsələn, Yaponiyada emosiyaları üzə vurmaq ayıb sayılır.

Tramp həmkarları ilə görüş zamanı qarşı tərəfin əlini tutub onu özünə tərəf dartması ilə tanınırdı. Bununla da ilk andan üstünlük nümayiş etdirməyə çalışırdı. Onun hər kəsə tətbiq etdiyi bu jest Türkiyə prezidenti Ərdoğanla görüş zamanı işə yaramamış, Ərdoğan ona eyni jestlə cavab vermişdi. Tramp jestləri çox “oxunaqlı” prezident idi.

Prezident Ərdoğanın bədən dilini və diplomatiyanı yaxşı bildiyi hər kəs tərəfindən məlumdur. Bir çox məqamlarda bunu onun emosional zəkasına aid etmək olar. Ərdoğan boy-buxunu üstünlüyə çevirə bilən liderdir. O, bədən dili ilə diplomatik söhbətlər başlamazdan öncə həmkarına müəyyən siqnallar ötürür, söhbətin soyuq və ya isti keçəcəyini bəyan edir.

Britaniya kraliçası Yelizaveta bədən dilindən ən çox istifadə edən dövlət rəhbəridir. Onun şlyapasının duruş forması, kostyumunun rəngi, çantasının sağ və ya sol əldə olması ətrafdakılara kraliçanın nə istəməsi və nədənsə narazı olması, görüşün başa çatması barədə siqnal ötürür.

Ukrayna prezidenti Volodimir Zelenski aktyorluq peşəsində öyrəndiyi jest dilindən, mimikalardan uğurla istifadə edir, öz bədən dili ilə publikanı inandıra bilir.

Bütün dillərdə ən anlaşılan jest təbəssümdür. Təbəssüm həyatı asanlaşdırır. Çünki təbəssüm ən gözəl, ən yoluxucu, ən güclü və ən zərərsiz silahdır.

Paylaş:
Baxılıb: 899 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31