Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Bolt”, “Uber” bağlanır?

“Bolt”, “Uber” bağlanır?

10.06.2023 [10:15]

Xarici şirkətlərin monopoliyasında qalan taksi bazarı

Mütəxəssislərin qənaətinə görə, bu sahədə cəmiyyətimizin ab-havasını, adət-ənənələrimizi, mental dəyərlərimizi yaxşı bilən milli şirkətlər daha çox uğur qazana bilərlər

Bu gün paytaxt Bakıda və respublikanın əksər iri şəhərlərində taksi bolluğu var, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Vətəndaşlara taksi xidməti göstərmək şəxsi minik avtomobili olan hər kəs üçün əlçatan olub. Prinsip belədir: Operator şirkətlərin tətbiqlərini yüklə və taksi bazarına daxil ol! Bu qədər sadə və asan. Təbii ki, bu bolluqda qiymətlər də ümumi istehlak bazarı ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Lakin təəssüf doğuran haldır ki, taksi bazarındakı bolluq və qiymətlərin aşağı olması müştəri məmnunluğu yaratmır. Rəqabət mühiti olsa da, bu, özünü keyfiyyətin yüksəlməsində hiss etdirmir.

Sürücülər də, vətəndaşlar da, rəsmi qurumlar da şikayətlənirlər

Narahatlıq yaradan amillər kifayət qədər çoxdur. Bunu həm sürücülər və taksi xidmətindən istifadə edən vətəndaşlar, həm də müvafiq dövlət qurumlarının rəsmiləri bildirirlər. Vətəndaşlar avtomobillərin köhnə və nasaz olmasından, salonlardakı natəmizlikdən, sürücülük mədəniyyətinin aşağı səviyyədə olmasından, bir sıra hallarda operatorlarla onlayn qaydada müəyyənləşdirilən gediş şərtlərinin sürücülər tərəfindən pozulmasından şikayətçidirlər.  

Vətəndaşlar sürücülərdən narazılıq etdikləri kimi, sonuncular da operator şirkətlərindən gileylənirlər. Onlarda narazılıq yaradan əsas məsələlərdən biri operatorların aldıqları komissiyanın yüksək olmasıdır. Operatorlarla sürücülər arasında işbirliyinin mexanizmi aşağıdakı kimidir: Operator qismində çıxış edən şirkətlər taksi fəaliyyəti ilə məşğul olan sürücülərə müştəri təqdim edir və bunun müqabilində onlardan müəyyən komissiya alırlar. Sürücülərin bildirdiyinə görə, həmin komissiya  müştəriyə bəyan olunan ümumi gediş haqqının15-20 faizinə çatır. Halbuki əksər ölkələrdə komissiya məbləği ümumi gediş haqqının 10 faizindən yuxarı olmur. Belə qənaət hasil olur ki, operatorlar taksi fəaliyyətindən daha çox sürücülərin istismar edilməsi ilə məşğul olurlar. Sürücülərin bildirdiyinə görə, operatorların qiymətləri “cəlbedici” etmələri də onların mənafeyinə ziddir. Sürücülər ağır və uzun iş günündən sonra gəlirlərinin cüzi rəqəmlə ölçüldüyünü bildirirlər.

Sürücüləri narazı salan digər mühüm məsələ əksər operatorların onlarla əmək müqaviləsi bağlamağa maraq göstərməmələridir. Hazırda ölkəmizdə şəffaflıq artırılır, neqativ hallara qarşı ciddi mübarizə aparılır. O cümlədən də kölgə iqtisadiyyatının əhatə dairəsi getdikcə kiçilir. İqtisadiyyatın “ağardılmasında”, həmçinin vətəndaşların hüquqlarının təmin olunmasında əmək müqavilələrinin bağlanmasının mühüm rolu var. Bu, həm də gələcəkdə vətəndaşların pensiya təminatı üçün vacib şərtdir. Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən etibarən fərdi yığım əsaslı pensiya təminatı sisteminə keçid edilib. Bu gün əmək müqaviləsi olmadan çalışan vətəndaşlarımız sabah pensiyaya çıxmaq vaxtı çatanda çıxılmaz vəziyyətdə qalacaqlar. Çünki onların fərdi hesablarında tələb olunan qədər sığorta məbləği olmayacaq.

Taksi bazarındakı narazılıq yaradan məqamları, həmçinin rəsmi dövlət qurumlarının təmsilçiləri də etiraf edirlər. “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 400-dən artıq taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı cərimələr tətbiq olunub: “Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Əsas diqqət ona yönəlib ki, nəqliyyat təsərrüfatında taksilərlə bağlı vətəndaş məmnunluğu təmin edilsin. Aidiyyəti dövlət qurumları ilə birgə kompleks işlər davam etdirilir”.

Xarici şirkətlər milli qanunvericiliyi pozurlar

Azərbaycanda optimal biznes mühiti yaradılıb, investisiya cəlbediciliyi yüksəkdir. Bütün bu kimi məqamlar, eləcə də taksi xidmətində gəlirliliyin yüksək olması xarici operator şirkətlərinin diqqətindən yayınmayıb. Bu gün ölkəmizdə taksi bazarında xarici şirkətlər hegemonluq edirlər, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Son olaraq Azərbaycanın taksi bazarında “Ukraynanın “Uklon Umico” şirkəti fəaliyyətə başlayıb. Beləliklə , Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb. Bunlar “Uber”, “Bolt”, “Yango”, “Maxim”, “Uklon Umico” kimi şirkətlərdir.

Ölkəmizin taksi bazarında özünə yer edən operatorların narazılıqlara yol açan fəaliyyətlərinin bəzi məqamlarından söhbət açdıq. Daha bir neqativ məqam isə daha təhlükəlidir. Söhbət Azərbaycan vətəndaşları ilə bağlı məlumatların ölkə hüdudlarından kənara sızdırılması ehtimallarından gedir. Mütəxəssislərin qənaətinə görə bir sıra anti-Azərbaycan dairələr belə məlumatları əldə etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bununla bağlı çoxsaylı faktlar da aşkarlanıb. Anti-Azərbaycan dairələrin xarici taksi şirkətləri ilə müəyyən işbirliyinə qoşulması riskləri də kifayət qədər böyükdür. Mövcud qanunvericiliyin pozulması buna imkan yaradır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə xüsusi olaraq vurğulanıb ki, əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Azərbaycanın rəsmi dövlət qurumu taksi bazarında fəaliyyət göstərən xarici şirkətlərin məlumat bazasının ölkəmizin hüdudlarından kənarda yerləşməsindən, beləliklə də milli qanunvericiliyin tələblərinin pozulmasından narahatlıq ifadə edib. Bu sahədə mütləq qayda yaradılmalıdır. Azərbaycanın optimal biznes mühiti heç bir halda milli maraqlarımıza təhdid yarada biləcək poliqona çevrilməməlidir. Belə özbaşınalığın qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Qurum rəsmiləri  bildiriblər ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

“Qlobal şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması müsbət haldır - o vaxta qədər ki, bu şirkətlər ölkəmizin qanunlarına, vətəndaşlarımızın hüquqlarına hörmətlə yanaşırlar”. Bunu yerli KİV-ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Fikirlərinə davam edən nazir vurğulayıb: “Azərbaycanda bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də xidmətlərin elektronlaşdırılması müsbət qarşılanır. Bu baxımdan, bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması bazarda rəqabətin yaranması, müştərilərə təqdim olunan xidmətlərin elektronlaşdırılması baxımından müsbət qiymətləndirilə bilər. Lakin əfsuslar olsun ki, zaman keçdikcə taksi xidmətləri sahəsində problemlər üzə çıxmağa başladı”.

Qurum rəhbərinin sözlərinə görə, bu sahədə qlobal aqreqator şirkətlər, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynayıb. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açırlar.

Bu gün ölkənin taksi bazarında milli şirkətin görünməməsi təəssüf doğurur. Bilirik ki, bir sıra istiqamətlər üzrə ixtisaslaşan Azərbaycan şirkətləri hətta xarici ölkələrdə belə genişmiqyaslı investisiya fəaliyyəti həyata keçirərək nailiyyətlər qazanıblar. Bəs taksi bazarı yerli investorlar tərəfindən niyə unudulur? Mütəxəssislərin qənaətinə görə,  bu sahədə cəmiyyətimizin ab-havasını, adət-ənənələrimizi, mental dəyərlərimizi  yaxşı bilən milli şirkətlər daha çox uğur qazana bilərlər.

MÜBARİZ

Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31