Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zəlzələnin “fəsadları”

Zəlzələnin “fəsadları”

05.07.2023 [10:00]

İyulun 4-də gecə saatlarında Bakıda və respublikamızın Xəzərətrafı ərazilərində zəlzələ həyəcanı yaşandı. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5,5 - 5,7 olan zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Bakı və Sumqayıt şəhərləri, Abşeron yarımadası və onlara yaxın ərazilərdə 5-4 bala qədər və bundan aşağı səviyyədə hiss olunub. Gecə baş verən zəlzələdən sonra 5-6 afterşok qeydə alınıb. Afterşokların ən güclüsünün maqnitudası 3-ə qədər olub.

Xilaskar Xəzər

Azərbaycanın çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq seysmik zonada yerləşir. Təqdim olunan statistika narahatlıq üçün əsas yaradır. Ancaq ana təbiətin lütfü Azərbaycanladır. Daha dəqiq desək, bizə bol sərvət bəxş edən mavi Xəzər burada sözün əsl mənasında xilaskar rolunda çıxış edir. Məsələ burasındadır ki, seysmik cəhətdən aktiv zonalar siyahısında yer alan respublikamızda zəlzələlərin episentiri Xəzərin dərinliklərinə düşür. Yəni, dağıdıcı zələzələlərin daha güclü enerjisi məhz Xəzərdə boşalır, dənizsahili ərazilərdə isə bu boşalmanın nisbətən yüngül təsirləri hiss olunur. 

“Azərbaycan aktiv zəlzələ bölgəsində - Alp-Himalay seysmik qurşağında yerləşir. Ona görə də burada mütəmadi olaraq təkanlar olur. Gecə baş verən zəlzələnin heç bir qorxusu yoxdur, çünki ocağı çox dərində yerləşir”. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında zəlzələ ocaqları Xəzərdə yerləşdiyindən çox dərində olur. Ocağı 65 kilometr dərinlikdə yerləşən zəlzələ yer üzərində, yaşayış məntəqələrində elə bir fəsadlar törədə bilməz”.

İyulun 4-də gecə saatlarında baş verən zəlzələ zamanı da əsas dağıdıcı gücü xilaskar Xəzər özünə çəkib. Daxili İşlər və Fövqəladə Hallar nazirliklərindən verilən məlumatlara əsasən, paytaxtda və zəlzələnin müəyyən təsirləri hiss olunan digər ərazilərdə hansısa fəsadlar qeydə alınmayıb. Yalnız həyəcandan halı pisləşən 30-dan çox vətəndaşın təcili tibbi yardım məntəqələrinə müraciətləri qeydə alınıb.

Sosial şəbəkələrdə zəlzələ fırtınası

Zəlzələnin “fəsadları” yalnız sosial şəbəkələrdə və bəzi küyçü insanların panikalarında hiss olundu. Baş verən təbii fəlakətdən çox az sonra sosial şəbəkələrdə əsl “zəlzələ fırtınası” başladı. Küyçü insanlar mobil telefonlarla çoxmənzilli binaların uçduğu, yarğanların yarandığı, evlərin torpağa batdığı, maşınların aşdığı, yanğınlar baş verdiyi barədə xəbərləri tanışlarına, qohum-əqrabalarına çatdırmağa tələsdilər. Sosial şəbəkələr yaxın saatlarda daha güclü zəlzələ baş verəcəyinin anonsunu tirajladılar.  Hətta ayrı-ayrı saytlar bir az da uzağa gedərək 02:21-də 6,1 bal, 04:21-də 5,8 bal, 06:32-də isə 6 bal gücündə dağıdıcı zəlzələlər  olacağı “xəbərdarlığı” etdilər. Vətəndaşlardan vaxt itirmədən  təcili şəkildə mənzillərini tərk etmələri istənilirdi. Beləcə, böyük ajiotaj yaşandı, küçələrdə, xüsusilə də şəhərətrafı ərazilərə gedən magistrallarda tıxaclar yarandı. Zəlzələ təhlükəsindən qurtulduğunu düşünənlər yollarda gecə saatlarında tıxac narahatlığı yaşadılar.

Hər kəsə bəllidir ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Digər tərəfdən, zəlzələnin ikinci dalğası - təkanların geri qayıtması adətən birinci dalğadan ən pis halda 1 bal aşağı olur. Beləliklə, əgər 5,7 bal gücündə zəlzələdən sonra ikinci təkanın baş verəcəyi təqdirdə onun gücü 4,7 baldan çox ola bilməzdi. Bütün hallarda zəlzələnin episentri Xəzərin dərinliklərinə düşdüyü üçün növbəti təkanlar və yaxud afteşoklar quru ərazilərdə ya az hiss olunacaq və yaxud heç hiss olunmayacaqdı.  Belə olan halda ajiotaj yaradılmasına nə ehtiyac var idi? Sualın cavabı və məsuliyyəti küyçü insanların, sosial şəbəkələrin, ayrı-ayrı saytların üzərinə düşür.

Bakının zəlzələyə davamlı tikililəri

Baş verən təbii fəlakət fonunda Bakıda və respublikanın digər şəhərlərində inşa olunan binaların zəlzələyə davamlı olub-olmaması məsələsi yenidən aktuallaşıb. Sosial şəbəkələrdə və küyçü insanlar tərəfindən dövriyyəyə ölkəmizdə tikintilərin xaotik aparıldığı, binaların zəlzələyə davamlılığının aşağı səviyyədə olduğu barədə “məlumatlar” buraxılır. Yenə də əsassız iddialar, ajiotaj yaratmaq, gündəm olmaq niyyəti ortadadır. Bundan əvvəlki və son zəlzələ zamanı tikililərin silkələnməsi, əyilməsi və geri qayıtması kimi təbii proseslər müşahidə edilsə də, ciddi dağıntılar, çökmələr qeydə alınmayıb. Bunlar küyçülərin iddialarına ən yaxşı cavabdır. O ki qaldı, Azərbaycanda inşa olunan tikililərin keyfiyyətinə və zəlzələyə davamlılığına, bu sarıdan hansısa bir narahatlığa ehtiyac yoxdur. “Azərbaycanın bir sıra ərazilərinin seysmik cəhətdən aktiv zonalarda yerləşməsi inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, istənilən fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstəririk”. Bunu KİV-ə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradılıb. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.

“Bakı şəhərində tikinti bumu 90-cı illərin sonlarında başlayıb və 2000-ci ilin 25 noyabr zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş binalarımız var idi. Həmin vaxt 4,5 maqnituda və 6,5 bal intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi, hətta konstruktiv elementləri cüzi də olsa zədələnmədi. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır”.

E.Əsədov “Bakının relyefi və tektonik quruluşu 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermir” kimi iddiaya da aydınlıq gətirib. “Xeyr, bu belə deyil. Bu fikirlər əsassızdır. 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harada icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur”, - deyə FHN-nin rəsmizi vurğulayıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 731 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31