Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sağlam və tez arıqlamaq...

Sağlam və tez arıqlamaq...

19.07.2023 [11:50]

Bu yolda nələr var - müxtəlif fəsadlara yol açan çaylar, kofelər...

Son dövrlər cəmiyyətdə artıq çəkili insanların sayı getdikcə artır. Bunun səbəbləri arasında müxtəlif xəstəliklər, sağlam olmayan qidalanma, hərəkətsiz həyat tərzi, psixoloji problemlər dayanır. Hər kəs sürətli şəkildə kilo verib arıqlamağa can atır. İşin problem yaradan hissəsi də məhz budur: “sürətli”. Yavaş-yavaş, illərlə aldığımız kiloları nəyə görə sürətlə vermək yolunu seçirik? Belə bir tələbat yarandığı üçün də problemdən çıxış yolu bəziləri üçün əsl fürsətə çevrilib - arıqlama çayları, kofeləri, arıqladan dərmanlar, piy əridən aparatlar və s. Təəssüf ki, idman etməyə tənbəllik edən, pəhrizlərə iradəsi və səbri çatmayan insanlar sağlam şəkildə arıqlamaq yerinə “sürətli” olacağını düşündükləri bu vasitələrə əl atırlar. Bəli, həmin məhsullarla iştahımız kəsilə, kilomuz azala bilər. Lakin bu yolla biz daha çox bədəndəki suyu atırıq, piy çəkisi isə olduğu kimi qalır. Fəsadlar sonradan üzə çıxır və ağlımıza belə gəlmir ki, səbəb qəbul etdiyimiz kimyəvi tərkibli arıqlama vasitələri ola bilər. Hər nə qədər satıcılar tərəfindən “zərərsiz” olaraq göstərilsələr də, həkimlər tərəfindən yazılan dərmanların belə orqanizmdə müsbət təsiri ilə yanaşı, ziyanının da olduğunu nəzərə alıb arıqlamaq üçün qəbul etdiyimiz, dərmanlar qədər araşdırılmayan bu kimyəvi vasitələrin orqanizmimizə necə ziyanlı ola biləcəyini düşünək. Dietoloqlar kimyəvi tərkibli bu vasitələrin xəstəliklərimizə təkan verə biləcəklərini, mədə və bağırsaq sistemlərimizdə problem yarada biləcəklərini deyirlər. Ona görə də sağlamlığımızı riskə atmamalıyıq.

Artıq çəki problemi öz-özünə əmələ gəlmir

Dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, arıqlama çaylarından və digər vasitələrdən birmənalı şəkildə uzaq durmaq lazımdır. Onun sözlərinə görə, arıqlama çayları insan orqanizmi üçün olduqca təhlükəlidir:

“Bəzən insanlar arıqlamaq üçün yüngül və asan üsullara əl atırlar. Bu üsullar həm zərərli, həm də faydasızdır. Müxtəlif arıqlama çaylarına, kofelərə və dərmanlara sözün həqiqi mənasında “yox” deyirəm. Çünki bir insanda kilo problemi varsa, anlamaq lazımdır ki, bu problem heç vaxt öz-özünə yaranmır. Çəki problemi ya psixoloji durumla, ya hormonal pozuntularla, ya da bədəndə müəyyən vitaminlərin və minerallarına çatışmazlığı, fiziki aktivliyin olmaması ilə bağlıdır. Məsələn, həddindən artıq yemək amma az hərəkət etmək. Bu faktorlardan irəli gələrək kilo problemi ola bilər. Amma insanlar çay içib arıqlamaq istəyirlər, unudurlar ki, həmin çaylar kimyəvi tərkiblidir”.

Asılılıq yaradır...

Dietoloq qeyd edib ki, arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaranır: “Məsələn, elə insanlar düşünür ki, “hər bir şey yeyim, sonra arıqlama çaylarından içib arıqlayaram”. Lakin insan sağlam şəkildə qidalanmalıdır, qida insanın həyat tərzi olmalıdır. Müəyyən arıqladıcı vasitələrin tərkibində kofeinlər və digər qatqılar var. Məsələn, onkoloji ya da mioma, fibroma, kista kimi xəstəliklər varsa, bu arıqladıcı vasitələr xəstəliyə birbaşa təkan verir. Çünki arıqlama vasitələri beyinə impuls çatdırır və insanda doyum hissi yaradır, bu da hormonlara mənfi təsir göstərir.

Qarın işlədici çaylar da olur, onlar bədəndəki müəyyən mineralları, duzları, vitaminləri yuyur. Təbii ki, vitamin və mineral çatışmazlığı varsa, nə yesək də bağırsaqdan sorulmayacaq. Bu da insanda ikiqat aclığa səbəb olur. Bu zaman insan aşırı çox yeyir. Arıqlama çayları gələcəkdə mədə xorası və qastrit yarada bilər. Ona görə də belə çayların və digər arıqlama vasitələrinin qəbulunu məsləhət görmürəm”.

Sağlam şəkildə arıqlamağın yolları

Dietoloq sağlam arıqlamağın yollarını açıqlayıb. O, vurğulayıb ki, ilk növbədə artıq çəkinin nə ilə bağlı olduğunu araşdırmaq lazımdır: “Daha sonra artıq çəkisi olan şəxsə müəyyən proqram tətbiq olunur, bu proqram insanın həyat tərzinə çevrilir və sağlam qidalanaraq sağlam arıqlamağa başlayır.

Kaloriləri düzgün yandırmaq lazımdır. Oturaq həyat tərzi piylənməyə səbəb olur. İşgüzar, amma oturaq həyat tərzi keçirən şəxslər sağlam qidalansalar, onlarda piylənmə, kökəlmə olmayacaq. Karbohidratları, zülalları, vitaminləri düzgün formada qəbul etmək lazımdır. Bunlar bir vəhdət təşkil etməlidir. Gün ərzində qəbul olunan karbohidratlar 50-55, proteinlər 14-16 faiz, yağlar isə 15-20 faiz təşkil etməlidir”.

D vitamini önəmlidir

Ş.Yadigarovanın sözlərinə görə, tərkibində D vitamini olan qidalara, məsələn, yumurtaya, balığa üstünlük verilməlidir: “Bununla yanaşı, D vitamini dərman preparatının qəbulu da məsləhətlidir. Eyni zamanda, sink, selenium  qəbulu tövsiyə olunur ki, bunlar daha çox yumurta, süd, günəbaxan, balqabaq tumundadır. Sink, selenium immun sistemini qoruyur. Qadınlarda saçın tökülməsi də elə sinkin azlığındandır”.

Dietoloq qeyd edib ki, meyvə-tərəvəzlərin qəbulunun da arıqlamada, pəhrizdə xüsusi rolu var: “Gül kələmi, brokkolidə həddən çox vitaminlər var ki, bunlar həm də immun sisteminin bərpasına müsbət təsir edir. Ümumiyyətlə, arıqlamaq istəyənlər elə pəhriz saxlamalıdırlar ki, onlarda aclıq hissi yaranmasın”.

Su arıqlamağın bel sütunudur

Sağlam arıqlamaq üçün pəhrizin 1600 kaloridən başladığını vurğulayan dietoloq bildirib ki, pəhriz saxlayarkən, arıqlama zamanı çörəyə, makarona qadağa qoyulsa da, gün ərzində 1-2 dilim çörək yemək olar: “Bunun səbəbi çörəyin tərkibində olan bəzi faydalı liflərdir ki, onlar da mədə-bağırsaq sisteminin düzgün çalışmasına şərait yaradır”.

Gündəlik qidalanmaya gəldikdə isə həmsöhbətimiz bildirib ki, arıqlamaq üçün ilk olaraq sudan başlamaq vacibdir: “Səhər durarkən öncə bir stəkan su içmək lazımdır. Arıqlama prosesində suyun xüsusi önəmi var. Mümkün olduğu qədər də gün ərzində 2 litr su qəbul edilməsi tövsiyə olunur”.

Qəbizlik və ishal yarana bilər

Həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, arıqlama çayları bağırsağın təbii inkişafına mane olur və bu çayları istifadə edən şəxsdə bir müddətdən sonra ağır qəbizlik və ya qarşısı alınmaz ishal xəstəliyi yarana bilər: “Ümumiyyətlə, tibbdə müalicə vasitəsi kimi preparatlar iki yerə bölünür - medikamentlər, yəni, dərmanlar və bioloji aktiv maddələr. Dərmanlar uzun illər sınaqdan keçirilir, satışa buraxılana qədər həm heyvanlar, həm də könüllü insanlar üzərində sınanılır. Həkim dərmanı yazanda faydasını da bilir, əks təsirini də. O ki qaldı çaylara, bioloji aktiv maddələrə, onlar barədə ətraflı tədqiqatlar aparılmayıb. Ona görə konkret bu çayların hansısa zərəri barədə konkret fikir demək olmaz. Lakin bu çayların içilməsnin əleyhinəyəm”.

Elektrolit pozğunluq-Orqanizmdə su itkisi

Həkim qeyd edib ki, tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir: “Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur. Arıqlama dərmanları orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. Orqanizmdə suyun itkisi elektrolit pozğunluğa, yəni, lazımi ionların itirilməsinə gətirib çıxarır.

Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bununla yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir”.

Həyat hərəkət üzərində qurulub. Sadəcə, tənbəlliyin daşını atıb aktiv həyat tərzinə keçməklə və sağlam qidalanmaqla həm ruhumuza, həm bədənimizə sağlamlıq və gözəllik bəxş etmiş olarıq...

Yeganə SƏLİM

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31