Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Erməni vandalizminin izi ilə...

Erməni vandalizminin izi ilə...

12.10.2023 [10:48]

Bu günlərdə daha bir məscidin - Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilib

Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən ölkəmizə qarşı işğalçılıq siyasətinə başlayan və 2020-ci ildə baş verən 44 günlük müharibədə burunu ovulan, ağır kapitulyasiyaya məruz qalan Ermənistanın müharibə cinayətləri bitib-tükənməzdir. Bu cinayətlər sırasında ermənilərin tarixi mədəni-dini abidələrimizə münasibətdə ağlasığmaz vandalizm əməlləri törətmələri xüsusi yer tutur. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubunda bu barədə ətraflı bəhs edərək vurğulayıb: “30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin - Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”.

Qarabağın zəngin tarixi mədəni-dini irsi

Qədim diyar olan Azərbaycan dünyada bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. İndiyədək respublikamızın ayrı-ayrı yaşayış məntəqələrində aparılmış arxeoloji qazıntılar bir daha təsdiqləyir ki, bu yerlərdə yaşamış insanlar tarix boyu böyük mədəniyyət nümunələri yaradıblar. Tarixi torpaqlarımız olan Qarabağ da bu baxımdan istisna deyil. Burada ümumi Azərbaycan ruhuna və mədəniyyətinə uyğun olan və əlbəttə ki, müəyyən çalarları ilə fərqlənən tikinti-memarlıq, xalçaçılıq, ipəkçilik  və s. ənənələr formalaşıb. Bütövlükdə, Qarabağda əcdadlarımızın yaratdıqları mədəni-dini irs nümunələri, toponimlər  ümumazərbaycan mədəniyyətini daha da zənginləşdirir və bu yerlərin aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. “Qan, yaddaş çəkir” ifadəsi var. Qarabağa ayaq basan hər bir azərbaycanlı bunu öz üzərində hiss edir. Məsələn, Şuşada bizim qürur duyduğumuz digər bir şəhərsalma mədəniyyətimizin - İçərişəhərin ab-havası var. Bu, sırf azərbaycanlı ruhudur. Buna görə də Prezident İlham Əliyevin tez-tez bildirdiyi kimi, adam Şuşaya gələndə buradan qayıtmaq istəmir.

Mənəvi bağlılıq öz yerində. Əcdadlarımız bu yerlərdə həm də mədəni-dini irs nümunələri yaradıblar. Bu abidələrdə İslam dininə aid mədəniyyətimizin və daha əvvəlki dövrə aid alban keçmişimizin izləri açıq-aydın sezilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli,132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”,  “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çox olub. Bəzi məlumatlara görə isə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanların sayı isə 900-dən artıq göstərilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda zamanında işğala məruz qalan torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-i məscid, 144-ü məbəd,192-i ziyarətgahdır.

“Mədəni xalq”ın tarixi mədəni-dini irsə vandal münasibəti

İşğal dövründə ermənilər tərəfindən ən çox dağıntılara məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Məlum olduğu kimi, ermənilər özlərindən “mədəni xalq” mifi yaradıblar. Ancaq onların işğal illərində azərbaycanlılara aid mədəni-dini irs nümunələrinə vandal münasibətləri bu mifi alt-üst edir. Verilən məlumatlara əsasən, işğal illərində ermənilər ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər daha bir mənəviyyatsızlığa əl ataraq Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İndi bu çirkin siyahıya Malıbəyli məscidinin dağıdılması və buradan tövlə kimi istifadə edilməsi də əlavə olunub.

Tarixi dini abidələrimizin dağıdılması və təhqirlərə məruz qalması çirkin erməni xislətinin və yaramaz mənviyyatının göstəricisidir. Bu vandalizm əməlləri həmçinin  “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Təəssüf ki, beynəlxalq təşkilatlar onilliklər ərzində öz konvensiyalarının erməni işğalçıları təərfindən kobud şəkildə pozulması faktlarına seyirçi qalıblar.

M.FEYİZLİ

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31