Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qarabağ Universitetində hansı ixtisaslar olacaq?

Qarabağ Universitetində hansı ixtisaslar olacaq?

02.12.2023 [10:50]

Elm və Təhsil Nazirliyi brifinq keçirib

Yeganə BAYRAMOVA

Noyabrın 30-da Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxış edib. Nazir çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. Onun sözlərinə görə, bu günlərdə ölkə başçısının müvafiq Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması olduqca önəmlidir.

E.Əmrullayev qeyd edib ki, Qarabağ Universiteti 1969-cu ildən fəaliyyətə başlamış ali təhsil müəssisəsi hesab olunub. O, bildirib ki, həmin ildən 1988-ci ildə orada ali təhsil müəssisəsi fəaliyyət göstərib: “Xankəndidə 800-1000 min tələbənin təhsil almasını planlaşdırıq. Əsas tədris və idarəetmə heyətinin daimi yerləşdirilməsi nəzərdə tutulub. İlkin mərhələdə onların sayı 30-40 nəfər olacaq. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulub. Növbəti ildən ənənəvi qəbul prosesi ilə I kurslara qəbul aparılacaq. SABAH qruplarına müsabiqə əsasında II kursların da qəbulu nəzərdə tutulur”.

Qarabağ Universitetinə qəbul aparılacaq

Nazir deyib ki, həmçinin yerli universitetlərlə ikili diplom proqramları çərçivəsində də tələbə qəbulu aparılacaq: “Həmin tələbələr təhsilin bir hissəsini Bakıda və ya digər regionlarda, qalanını isə Xankəndidə ala biləcəklər. İlkin mərhələdə 4 fakültənin olması planlaşdırılır”.

Nazir Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisasları da açıqlayıb. O qeyd edib ki, bunlar İbtidai sinif müəllimliyi Məktəbəqədər təhsil; Riyaziyyat müəllimliyi; İnformatika müəllimliyi; Təhsildə sosial-psixoloji xidmət; İnformasiya texnologiyaları; Kompüter elmləri; Kompüter mühəndisliyi; Qida mühəndisliyi; Şəhərsalma; İnşaat mühəndisliyi; Beynəlxalq münasibətlər; Regionşünaslıq; Tarix; Kommunikasiya və rəqəmsal media; Beynəlxalq ticarət və logistika; Biznesin idarəedilməsi; İqtisadiyyat; Maliyyə, marketinq; Menecment; Mühasibat; Turizm işinin təşkili; Turizm bələdçiliyi ixtisaslarıdır.

Bəzən heç bir günahı olmayan müəllim bullinqə məruz qalır

E.Əmrullayevin sözlərinə görə, dünyanın heç bir yerində nazirlik müəllimlə müəllim, müəllimlə direktor, müəllimlə şagird arasındakı mübahisələri həll edən qurum deyil: “Məsələn, bizə müəllimlərin hansı şərtlərlə işə qəbulu, imtahanların modeli və s. suallar verilə bilər. Yəni çərçivələri müəyyən edən qurum nazirlikdir. Lakin məktəbləri idarə edən orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Yəqin ki, hər biriniz məktəbdə yıxılmısınız, hansısa sinif yoldaşınızla aranızda mübahisə olub. Demirik ki, bu məsələlər bizi maraqlandırmır. Sadəcə bu tip sualları agentliyə ünvanlasanız, daha yaxşı olar. Hazırda müşahidə edilə mühit istər məktəb, istərsə də müəllimin nüfuzunu artırmır. Bəzən görürük ki, heç bir günahı olmayan müəllim bu tip hadisələrə görə bullinqə məruz qalır”.

Bu müəllimlər sertifikatlaşdırmaya cəlb olunacaq

Nazir qeyd edib ki, növbəti ildə 31 min müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur. O, bildirib ki, sertifikatlaşdırma riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, rus dili, rus dili və ədəbiyyatı, alman dili və fransız dili müəllimləri üçün olacaq: “Sertifikatlaşdırma iyunun sonuncu ongünlüyündə olacaq. Ümumilikdə, 31035 müəllim sertifikasiyaya cəlb olunacaq. Onlardan 11290-ı riyaziyyat, 1284-ü Azərbaycan dili (dövlət dili kimi), 12035-i ingilis dili, 5868-i rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyatı (rus bölməsi), 236-sı alman dili, 322-si isə fransız dili müəllimləridir”.

Məktəblərdə qapanmalara gedilə bilər...

E.Əmrullayevin sözlərinə görə, qızılcaya yoluxma ilə əlaqədar təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər. O, bildirib ki, həm regional idarələrdən, həm Səhiyyə Nazirliyindən olan həmkarlarla birgə vəziyyəti tədqiq edirlər: “Bizim məlumatlara əsaslansaq, bu və ya digər müəssisədə qapanmaya getməyə hazırlaşmırıq. Amma növbəti günlərdə bu məlumatları tədqiq etdikdən sonra, hardasa təhlükəli vəziyyət yaranarsa, mütəxəssislərin rəyi və tövsiyəsi ilə hansısa məktəb və ya siniflərin distant təhsilə keçməsi istiqamətində qapanmalara gedilə bilər. Bizim belə bir səlahiyyətimiz var. Lakin hələ bu səlahiyyətimizdən istifadə etmək niyyətində deyilik”.

Qarabağda yerli universitetlərin filialları açılacaq

Nazir həmçinin bildirib ki, yerli universitetlərin filiallarının Qarabağda açılması ilə bağlı müəyyən planlar var: “Lakin bu barədə ətraflı məlumat verə bilməz. Vaxtı gələndə həmin universitetlərin filialları və yeni universitetlər yaradılacaq”.

Məktəblərin 5 günlük rejimə keçməsi...

Emin Əmrullayev bütün məktəblərin 5 günlük iş rejimi ilə çalışmasının mümkün olub-olmayacağına da münasibət bildirib: “O nöqteyi-nəzərdən məktəbin rəhbərliyi və valideyn heyəti qərar verib ki, məktəbi 6 günlük etsinlər. Elə məktəb var ki, ora ənənəvi olaraq 6 günlük olub, məktəb də bu ənənəyə davam etmək istəyir. Məktəblərin hansı qrafik əsasında fəaliyyət göstərməsi nazirlik üçün o qədər də maraqlı deyil. Əsas odur ki, həftə ərzində qanunla müəyyənləşdirilmiş saat hesabını keçməsinlər. Lakin məktəblərdə dərslərin saat neçədə başlaması, 5 və ya 6 günlük rejimdə fəaliyyət göstərməsi ilə bağlı qərar məktəb-valideyn şurasının qərarı ilə tənzimlənir”.

Əsasən dövlət sifarişli tələbələr olacaq...

Təhsil üzrə ekspert Elçin Əfəndi brifinqdə müzakirə edilən məsələlərlə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Ekspertin sözlərinə görə, Qarabağ Universitetinin açılması həm region, həm dövlətimiz, həm də cəmiyyətimiz üçün vacib olan nüanslardan biridir: “Ölkə başçısı müvafiq sərəncamı ilə həmin universitetin yaradılması üçün göstəriş verdi. Halbuki bu universitetin vaxtilə Heydər Əliyevin birinci hakimiyyəti dövründə-1969-cu ildə əsası qoyulmuşdu. Lakin sonralar erməni vandalları tərəfindən məhv edilən bir çox abidələrimiz, tarixi memarlıq nümunələrimiz kimi bu universitet də dağınıq günə qalmışdı. Ölkə başçısının tapşırığı ilə binanın yenidən inşa edilməsinə başlanacaq. Proses 2 ay müddətində həyata keçirilməlidir. Növbəti qəbul ilində, yəni 2024-2025-ci tədris ilində DİM tərəfindən mövcud normativ-hüquqi aktlar əsasında qəbul imtahanları keçiriləcək. Burada hələ ki, ehtimal olunan üç ixtisas qrupu-1-ci, 2-ci və 3-cü ixtisas qrupu üzrə qəbulun aparılması planlaşdırılır. Ayrılan plan yerlərində gəldikdə isə 1000 nəfər tələbənin qəbulu nəzərdə tutulub. Bunun da böyük əksəriyyəti məhz dövlət sifarişli olan tələbələr olacaq”.

Cəmiyyət gözləmə mövqeyində olmalıdır

Ekspertin sözlərinə görə, təəssüflər ki, bəzən müəllimlərə qarşı aqressiya formalaşır, sadə situasiyada belə günahkar qismində birbaşa müəllim görülür: “Halbuki müəllim həmin mübahisədə tərəf deyil, lakin dərhal günahlandırılır. Fikrimcə, son zamanlar hər adama “müəllim” deyilməsi bu peşənin nüfuzunu aşağı salır. Bu baxımdan nazir müəllimlərin bullinqə məruz qaldığını söyləməkdə haqlıdır. Düşünürəm ki, cəmiyyət bu mövzuda müdafiə yox, gözləmə mövqeyində olmalıdır, çünki müdafiə mövqeyi ilə gözləmə mövqeyi arasında fərq çoxdur. Gözənməlidirlər ki, hadisələr necə cərəyan edir və haqlı olan tərəf kimdir. Ondan sonra rəy bildirməlidirlər”.

Bütün respublika üzrə distant təhsilin tərəfdarı deyiləm

E.Əfəndi qızılcaya yoluxma halları ilə bağlı məktəblərin qapadılmasına da fikir bildirib: “Bugünkü rəqəmlərə əsasən, təəssüf ki, artıq 3 şagird həyatını itirib. Əlbəttə, müvafiq qərarlar qəbul oluna bilər. Lakin proses lokal ərazilərdə baş verir, bütün respublikanı əhatə etmir. Ancaq bütün hallarda orta məktəblərdə gigiyenik qaydalara riayət olunmalıdır. Bütün respublika üzrə distant təhsilin tərəfdarı deyiləm, çünki bu şagirdlərin göstəricilərinə təsir göstərəcək. Ancaq ölüm və yoluxma faktı olan məktəblərdə müəyyən müddətlik qapanmalar ola bilər. Lazım olan tədbirlər görülərsə və yenə də yoluxma olarsa, o zaman tam qapanma rejiminə bir müddətlik keçmək mümkündür”.

Paylaş:
Baxılıb: 3547 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31