Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümidinizi itirməyin!

Ümidinizi itirməyin!

15.02.2024 [11:13]

Azyaşlılarda xərçəng xəstəliyi hansı faktorlarla əlaqəlidir?

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Yeganə BAYRAMOVA

Bütün canlıların ehtiyat etdiyi hisslərdən biri ölüm qorxusudur. Hər birimiz xəstələnməkdən, xüsusilə son illərin bəlası adlanan xərçəngə tutulmaqdan və ya ölməkdən qorxuruq. Bu baxımdan da bəşəriyyət keçmişdən bu günə qədər ölməzlik arzusundadır. İnsan sağlam olan zaman xəstəlik faktorunu unudaraq yaşayır. Ancaq xəstəlik gələndə varlı, kasıb, savadlı-savadsız, uşaq-böyük ayrı-seçkiliyi etmir.

Xərçəng artıq yaşlı insanların xəstəliyi deyil. Statistik rəqəmlər də bu bəlaya düçar olan insanların sayının hər il artdığını sübut edir. Ancaq təəssüflər olsun ki, bu gün xərçəng körpə uşaqların da əziyyət çəkdiyi bir xəstəlikdir. Məsələn, sosial şəbəkələrdə gün ərzində ən azı bir-iki paylaşım xərçəngdən əziyyət çəkən uşaqlara yardım kampaniyası ilə bağlıdır.

Hər il 400 min uşaq...

Yeri gəlmişkən, artıq 23 ildir ki, fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Bu gün bütün sivil dünya bir araya gələrək uşaqlarda xərçəng xəstəliyinin diaqnostikasi və müalicəsinin prioritet məsələ olduğunu diqqətə çatdırır. Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 400 min uşaq və 20 yaşınadək yeniyetmə xərçəng xəstəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.

Adətən yetkin insanların xərçəngdən əziyyət çəkməsini irsi faktorlar, stress, əsəb, düzgün qidalanmama ilə əlaqələndirirlər. Maraqlıdır, azyaşlıların bu bəladan əziyyət çəkməsi nə ilə bağlıdır?

Uşaqlar ana bətnində olarkən...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən onkoloq Gündüz İsmayılzadə bildirib ki, bəzən uşaqlarda ana bətnində olarkən prenatal şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür: “Bəzi onkoloji xəstəliklər-neyroblastoma ana bətnində olsa da, körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1.5 faizini təşkil edir. Böyüklərdən fərqli olaraq uşaqlarda onkologiyanın əsas hissəsini embrional solid şişlər və leykemiya, yəni qan xərçəngi təşkil edir”.

Qohum evlilikləri faktoru...

Həkim qeyd edib ki, valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, zərərli vərdişləri, düzgün olmayan qidalanması uşaqlarda xərçəng törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Uşaqlarda xərçəng xəstəliyinin yaranmasında genetik faktorların da rolu olduğunu deyən onkoloqun sözlərinə görə, normadan artıq radiasiyaya məruz qalmaq da uşaqlarda onkoloji xəstəliyin yaranmasında rol oynaya bilər: “Əksər hallarda uşaqlarda onkoloji xəstəliklərin müşahidə edilməsinin səbəbi genetik amillərdir. Burada qohum evlilikləri də rol oynayır. Uşaqlara edilən müalicə üsulları fərqlidir. Onlar embrional törəmələr olduğuna görə kimyaterapiyaya daha həssas olur. Buna görə də əsas müalicə intensiv və çoxkomponentli dərman müalicəsidir. Dərman müalicəsi zamanı solid şişlər kiçilir. Daha sonra isə şüa terapiyası və ya cərrahi müdaxilə edilə bilər. Son illərdə klinikamızda müalicə nəticələri Rusiya və Şərqi Avropa ölkələrindəki nəticələrdən fərqlənmir. Kiçik xəstələrimizin böyük əksəriyyəti sağlamlığına qovuşur”.

İTS zərfində olan onkoloji xəstəlik növləri...

Məlumdur ki, onkoloji xəstəliklərin müayinə və müalicələrinə kifayət qədər böyük vəsait tələb olunur. Bu baxımdan onkoloji xəstəliklərin müalicəsi ilə bağlı bir sıra tibbi xidmətlərin İcbari Tibbi Sığorta (İTS) zərfinə salınması aktual mövzulardan biri sayılır. Bəs, xərçəng xəstəliyi ilə bağlı hansı xidmətlər icbari tibbi sığorta zərfində yer alır?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, xərçəng xəstəliyi ilə bağlı həkimin təyinat verdiyi tibbi xidmət əgər sığorta paketində yer alırsa, vətəndaş sığorta hesabına həmin xidmətdən yaralana bilər: “Hazırda 3315 sayda tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Bu tibbi xidmətlər siyahısına bəzi xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən cərrahi əməliyyatlar, MRT və KT müayinələri daxildir. Lakin çoxsaylı onkoloji xəstəliklər növü sığorta paketində yoxdur. İcbari Tibbi Sığortadan onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların da yararlanması nəzərdə tutulub. Lakin bir daha qeyd edək ki, bunun üçün həkim tərəfindən müvafiq təyinat olmalıdır”.

Elə xərçəng xəstələri var ki, ümidsizliyə qapılaraq heç vaxt sağalmayacağını düşünürlər. Halbuki, insanın sağalması üçün həmişə şans var. Bunun üçün səy göstərmək, mübarizə aparmaq lazımdır. Uşaqdan-böyüyə-hər kəsin vaxtaşırı müayinədən keçməsi, xəstəlik riski varsa, dərhal müalicələrin başlanması önəmlidir. Ümidsizliyə qapılmaq ölümə bir addım yaxınlaşmaq deməkdir. Ümidinizi itirməyin...

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31