Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkənddən yeni əməkdaşlıq mesajı: Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ

Daşkənddən yeni əməkdaşlıq mesajı: Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ

25.08.2026 [13:45]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də
Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf
edən münasibətlərin növbəti mərhələsinə təsadüf etdi. Daşkənddə
keçirilən görüşlər və imzalanan sənədlər göstərdi ki, Azərbaycanla
Özbəkistan arasında əlaqələr artıq yalnız siyasi və diplomatik
münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, investisiya, təhsil,
şəhərsalma, nəqliyyat və humanitar sahələri də əhatə edən geniş
əməkdaşlıq modelinə çevrilir.
Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub.
Dövlət səfərinin əsas gündəliyində iki ölkə arasında strateji tərəfdaşlıq
və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi
əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi
dayanıb. Səfərin əsas hadisələrindən biri Azərbaycan və Özbəkistan
prezidentlərinin görüşü və Ali Dövlətlərarası Şuranın III iclasının
keçirilməsi olub. Şura çərçivəsində iki ölkənin münasibətlərinin mövcud
vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş müzakirə edilib.
Daşkənddə aparılan danışıqların diqqətçəkən məqamlarından biri iki
ölkə arasında “Əbədi dostluq haqqında” müqavilənin imzalanmasının
nəzərdə tutulmasıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu
sənədin Azərbaycan-Özbəkistan münasibətlərinin xarakterini bir daha
təsdiqləyəcəyini bildirib. Belə bir sənədin gündəmə gəlməsi təsadüfi
deyil. Azərbaycan və Özbəkistan son illərdə həm ikitərəfli, həm də
çoxtərəfli platformalarda bir-birinə yaxın mövqe nümayiş etdirən iki
türk dövlətidir. Dövlət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı
səfərlər və müxtəlif sahələrdə imzalanan sənədlər münasibətlərin ardıcıl
şəkildə inkişaf etdiyini göstərir.
Danışıqlarda nəqliyyat və logistika məsələləri də mühüm yer tutub.
Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında Orta Dəhlizin
xüsusi əhəmiyyəti var. İki ölkənin coğrafi mövqeyi onları Avropa ilə
Asiya arasında formalaşan yeni nəqliyyat bağlantılarının mühüm
iştirakçılarına çevirir. Bu baxımdan Orta Dəhlizin inkişaf etdirilməsi
yalnız Azərbaycan və Özbəkistan üçün deyil, daha geniş regional
əməkdaşlıq baxımından da əhəmiyyət daşıyır. Daşkənddə keçirilən
görüşdə iki ölkənin bağlantısının gücləndirilməsi və Orta Dəhlizin birgə
inkişaf etdirilməsi məsələsinin xüsusi olaraq vurğulanması qarşıdakı

dövrdə nəqliyyat-logistika əməkdaşlığının daha da genişlənə biləcəyinə
işarədir.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri
də humanitar əlaqələrdir. Bu sahədə avqustun 23-də keçirilən tədbirlər
arasında Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin
yeni binasının açılışı xüsusi yer tutur. Nizami Gəncəvinin adını daşıyan
təhsil ocağının fəaliyyətə başlaması iki xalqın ortaq tarixi və mədəni
irsinin müasir təhsil mühitində yaşadılmasının nümunələrindən biridir.
Mədəni-humanitar əlaqələr son illərdə müxtəlif tədbirlərlə də
zənginləşib. Azərbaycan və Özbəkistanda qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi, Şuşa günlərinin təşkil olunması, Heydər Əliyev
meydanı və “Özbəkistan” parkı kimi rəmzi məkanların yaradılması iki
ölkə arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil,
xalqlar arasında da möhkəmləndirilməsinə xidmət edir.
Səfərin simvolik məqamlarından biri Yeni Daşkənd şəhərində
“Azərbaycan” parkının təməlinin qoyulması olub. Layihənin
reallaşdırılması iki ölkə arasındakı dostluq münasibətlərinin şəhər
məkanında öz əksini tapması baxımından diqqətçəkəndir. Bu kimi
layihələr diplomatik münasibətlərin gündəlik siyasi məsələlərdən daha
geniş məna daşıdığını göstərir. Azərbaycan və Özbəkistan xalqlarının
ortaq tarixi, dil və mədəni yaxınlığı belə təşəbbüslərin ictimai
əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin əsas
xüsusiyyətlərindən biri onun konkret nəticələr və praktiki layihələrlə
müşayiət olunmasıdır. Səfər çərçivəsində siyasi dialoqun davam
etdirilməsi ilə yanaşı, ticarətin artırılması, investisiya layihələrinin
genişləndirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi, təhsil və
mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində
mühüm addımlar atılıb. Azərbaycan-Özbəkistan münasibətlərinin
hazırkı səviyyəsi göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq ənənəvi
diplomatik çərçivədən kənara çıxaraq çoxşaxəli tərəfdaşlıq modelinə
çevrilir. Qarşıdakı dövrdə əsas məsələ əldə olunan razılaşmaların və
imzalanan sənədlərin real layihələrə çevrilməsidir.
Araz Xudadanov – YAP Sabunçu rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 314 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30