Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Özbəkistan əməkdaşlığı: regional inteqrasiyanın yeni vektoru

Azərbaycan-Özbəkistan əməkdaşlığı: regional inteqrasiyanın yeni vektoru

25.08.2026 [13:51]

Meydanəli Yolçiyev
​YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək strateji
məzmun qazanıb. Ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində
formalaşan qardaşlıq münasibətləri bu gün siyasi müttəfiqlik, iqtisadi tərəfdaşlıq,
nəqliyyat-logistika əməkdaşlığı, enerji, təhsil, mədəniyyət və digər sahələrdə
konkret layihələrlə möhkəmlənir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi
də məhz bu reallığı nümayiş etdirir. İki ölkə münasibətlərinin bugünkü səviyyəsi
bir neçə mühüm amilin – siyasi iradənin, liderlər arasında qarşılıqlı etimadın,
iqtisadi maraqların və iki ölkənin regiondakı strateji mövqelərinin uzlaşmasının
nəticəsidir.
Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında siyasi dialoqun xüsusi çəkisi var.
Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə
rəhbərliyinin münasibətlərə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyev
və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı
etimad dövlətlərarası əlaqələrin inkişafına mühüm impuls verir. 2024-cü ilin
avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda
Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində imzalanmış mühüm
sənədlər münasibətlərin hüquqi-siyasi bazasını yeni mərhələyə yüksəldib.
Dövlətimizin başçısı qeyd edib: “Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı
sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və
“Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren
dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər
ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və
əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.
Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm
mexanizmə çevrilib. Bu format iki ölkənin rəhbərlərinə strateji prioritetləri
müzakirə etmək, yeni təşəbbüsləri müəyyənləşdirmək və mövcud layihələrin
icrasını qiymətləndirmək imkanı verir. Şuranın artıq 3 iclasının keçirilməsi siyasi
dialoqun ardıcıllığını nümayiş etdirir. Əslində bu qurum münasibətlərin şəxsi

təmaslardan institusional və davamlı əməkdaşlıq modelinə keçidini təmin edən
əsas mexanizmlərdən biridir. Belə mexanizmlərin mövcudluğu
Azərbaycan–Özbəkistan münasibətlərinin uzunmüddətli xarakter daşıdığını
təsdiqləyir.
İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin də
sürətlə inkişaf etməsinə şərait yaradıb. 2025-ci ildə Azərbaycanla Özbəkistan
arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə
üç dəfədən çox artması diqqətəlayiq göstəricidir. 2026-cı ilin ilk beş ayında isə
ticarət dövriyyəsinin 33 faiz artması iqtisadi münasibətlərdə müsbət dinamikanın
davam etdiyini nümayiş etdirir. İki ölkənin istehsal imkanları, coğrafi mövqeyi,
təbii resursları və insan kapitalı bir-birini tamamlayan xüsusiyyətlərə malikdir. Bu
baxımdan qarşılıqlı investisiyaların genişləndirilməsi əsas prioritetlərdən biridir.
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları ümumi
kapitalla yaradılması iki ölkənin iqtisadi münasibətlərinə verilən strateji
əhəmiyyəti göstərir. Şirkətin fəaliyyəti birgə layihələrin maliyyələşdirilməsi, yeni
istehsal sahələrinin yaradılması və investisiya əməkdaşlığının genişləndirilməsi
baxımından mühüm imkanlar yaradır. Azərbaycanın Özbəkistanda, Özbəkistanın
isə ölkəmizdə daha fəal investisiya fəaliyyəti göstərməsi gələcəkdə ikitərəfli
iqtisadi münasibətləri qarşılıqlı investisiya və istehsal kooperasiyası modelinə
keçirəcəkdir. Prezident İlham Əliyev vurğulayıb: “Bu gün siyasi münasibətlərimiz
iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil,
elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə
daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını
birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da
möhkəmləndirir”.
İki ölkə arasında enerji sahəsində əməkdaşlığın tarixi artıq bir neçə il əvvələ gedib
çıxır. Neft-qaz sahəsində birgə müəssisələrin fəaliyyəti bu əlaqələrin ənənəvi enerji
sektorundakı əsas istiqamətlərindən biridir. Lakin münasibətlərin yeni
mərhələsində “yaşıl enerji” gündəliyi getdikcə daha çox ön plana çıxır.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı “Yaşıl Dəhliz Birliyi” bu
baxımdan strateji əhəmiyyət daşıyır. Bərpaolunan enerjinin istehsalı, ötürülməsi və
ixracı ilə bağlı layihələr Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında enerji
bağlantısının yeni modelini formalaşdıracaqdır. Xəzər dənizinin dibi ilə yaşıl

enerjinin ötürülməsi ideyası isə bu əməkdaşlığın coğrafiyasını daha da
genişləndirir.
Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onların nəqliyyat və logistika
sahəsində əməkdaşlığını xüsusi əhəmiyyətli edir. Azərbaycan Cənubi Qafqazın,
Özbəkistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat qovşaqlarından birinə
çevrilmək imkanına malikdir. Bu iki coğrafiyanın bir-biri ilə daha sıx bağlanması
Orta Dəhlizin potensialını artırır. 2025-ci ildə iki ölkə arasında tranzit
daşımalarının 1,4 milyon tona çatması, 2026-cı ilin ilk yarısında isə daha 12,2
faizlik artımın qeydə alınması bu istiqamətdə real dinamikanın mövcud olduğunu
göstərir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının ən fəal üzvləri sırasında
yer alır. TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, elm və
mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkənin ortaq
maraqlarına cavab verir. Azərbaycan və Özbəkistan üçün Türk dünyasının
inteqrasiyası həm də iqtisadi əlaqələrin, nəqliyyat bağlantılarının və siyasi
əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan və Özbəkistanın strateji mövqeyi onların qarşılıqlı əməkdaşlığını daha
böyük geoiqtisadi proseslərin bir hissəsinə çevirir. Azərbaycanın Qərbə çıxış
imkanları ilə Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərindəki mövqeyinin
birləşməsi yeni ticarət və logistika marşrutlarının inkişafı üçün imkan yaradır. Bu
baxımdan Orta Dəhliz, yaşıl enerji layihələri və yeni dəmir yolu bağlantıları iki
ölkənin əməkdaşlığının yalnız ikitərəfli deyil, qitələrarası xarakter qazanmasına
səbəb olacaqdır. Azərbaycan-Özbəkistan tandemi Şərqlə Qərb, Mərkəzi Asiya ilə
Cənubi Qafqaz arasında yeni əlaqələndirici həlqələrdən birinə çevriləcəkdir.
Azərbaycan–Özbəkistan əməkdaşlığı Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın
yaxınlaşmasına, Türk dünyasının inteqrasiyasına, yeni nəqliyyat və enerji
marşrutlarının formalaşmasına, regionlararası iqtisadi əlaqələrin genişlənməsinə
xidmət edir. Bakı–Daşkənd tandemi bu gün qardaşlığın siyasi müttəfiqliyə, iqtisadi
əməkdaşlığın isə daha geniş regional inteqrasiyaya çevrildiyi nümunədir.

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30